Dünən Sabunçu rayon icra hakimiyyəti YAP Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlməsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirdi. Tədbir iştirakçıları ilk öncə təşkilatın qərargahının foyesində ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib əklil və gül-çiçək dəstələri düzdülər. Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tədbirdə giriş sözü ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. A.Vəliyev bildirdi ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir: "Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur".Sabunçu rayon icra hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin 15 iyun tarixində ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışını Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi kimi dəyərləndirdi: "Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ümummilli Liderimiz Heydər Əliyev olub. Dahi Öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı Onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır. Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın daha da inkişafına geniş yollar açır. Prezident İlham Əliyev tərəfindən təhsil, mədəniyyət, səhiyyə sahəsində aparılan islahatlar dövlətimizin dünya standartları səviyyəsində qurulmasına gətirib çıxarır. Nailiyyətlər nəticəsində ölkəmizdə quruculuq-abadlıq işləri görülmüş, infrastruktur layihələr həyata keçirilir ki, bu da dövlət siyasətinin əsas istiqaməti olaraq özünü büruzə verir".Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva 15 İyun Milli Qurtuluş Günü müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını söylədi: "Azərbaycan xalqı milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, bu tarixin yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevi xatırlayır, ölkəmizin qüdrətlənməsi, müstəqilliyimizin qorunub möhkəmlənməsində Onun məqsədyönlü siyasətinə diqqət yetirir. Ulu Öndər Heydər Əliyevin Vətəni qarşısında misilsiz fədakarlığı Onu Azərbaycanın qurucusuna və memarına çevirdi. Son dərəcə mürəkkəb şəraitdə siyasi hakimiyyətə gələn Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı ölkəyə, hərtərəfli əməkdaşlığa hazır tərəfdaşa çevirdi. Fəlakət qarşısında olan Azərbaycan düşdüyü vəziyyətdən Ümummilli Liderin əzmi və iradəsi ilə xilas oldu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı. Ümummilli Liderimiz Heydər Əliyev liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində duran nəhəng şəxsiyyətlərdəndir. Bu zirvədən bütöv bir xalqın - Azərbaycan xalqının dünəni, bugünü və sabahı görünür. Bu dahi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi Azərbaycanın son yarıməsrlik tarixinin mərhələləri ilə üst-üstə düşür. Ona görə də ən yeni tariximizi Ümummilli Lider Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir".M.Abasquliyeva onu da vurğuladı ki, demokratik dəyərlərin formalaşdığı bir dövrdə Azərbaycan xalqının təhlükəsizliyini təmin edən 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixində mühüm rola malikdir. Rayon təşkilatının sədri Dahi Liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edilməsindən, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olmuş sivil, demokratik, inamla irəliləyən, böyük nailiyyətlər qazanmış dövlətə çevrilməsini Heydər Əliyevin dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" kəlamına sadiq qaldığını tədbir iştirakçılarının nəzərinə çatdırdı.Millət vəkili Eldar Quliyev tədbirdə çıxış edərək, bildirdi ki, müstəqil dövlətimizin 15 iyun tarixinə qədər mövcud olan mühiti olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman idi: "Azərbaycan xalqı və Azərbaycan dövləti də belə bir böhranı müstəqilliyinin ilkin illərində yaşadı. 1991-1993-cü illər ərzində Azərbaycana rəhbərlik edən qüvvələrin səriştəsizliyindən torpaqlarımız işğala məruz qaldı. Ulu Öndər Heydər Əliyev irsinə müasir dövrümüzdə bu şəkildə böyük marağın, məhəbbətin yaranması, eləcə də, Onun fəaliyyətinin araşdırılması məhz bu məqsəddən irəli gəlir. Heydər Əliyevin Qayıdışı ilə Azərbaycan dünyaya inteqrasiya olunmağa başladı".Tədbirdə 170 saylı məktəbin direktoru Xədicə Eminova, Kürdəxanı sağlamlıq mərkəzinin baş həkimi Esmira Abdullayeva və başqalırı çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı və əbədi həyat verdiyi müstəqil Azərbaycanın hərtərəfli inkişafı və daha da qüdrətlənməsi naminə yeni-yeni uğurların qazanılmasında ölkəmizin başçısı İlham Əliyevə yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.Tədbirin sonunda rayon ictimaiyyəti adından 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Prezident İlham Əliyevə müraciət qəbul edildi.