Dünən Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində DSX, Təhsil, Gənclər və İdman nazirlikləri nümayəndələrinin iştirakı ilə "Sərhəd" hərbi-idman oyunununa yekun vuruldu. Final mərhələsində komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Keçirilən tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəisi müavini, general-mayor Məhəmməd Abbasquliyev bildirdi ki, Dövlət Sərhəd Xidməti sərhədlərimizin toxunulmazlığını təmin etməklə yanaşı, gənclərin vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər görür: "Həmin tədbirlər sırasında "Sərhəd" hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəkli almış bu oyunlar Dövlət Sərhəd Xidməti rəisinin, Təhsil nazirinin, Gənclər və İdman nazirinin birgə qərarı əsasında keçirilir və gənc nəslin Vətənə, onun sərhədlərinə hörmət ruhunda tərbiyə olunmasında, sağlam gənclər yetişdirilməsində, gənclərdə sərhədçi peşəsinə marağının artırılmasında böyük rol oynayır".
M.Abbasquliyev Ulu Öndər Heydər Əliyevin sərhədçilərə göstərdiyi qayğıdan və Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi bu cür oyunların gənclərin həyatındakı rolundan danışdı: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olub. Silahlı qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhəd xidməti ölkənin sərhədlərinin mühafizəsini layiqincə təmin edən quruma çevrilib. Bu gün yekununda iştirak etdiyimiz "Sərhəd" hərbi-idman oyunu isə gənclərin vətənə, mənəvi dəyərlərimizə hörmət uğrunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində xüsusi rola malikdir".
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, hərbi-idman oyunlarının gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi: "Ənənəvi olaraq, artıq 8-ci dəfədir ki, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə keçirdiyi "Sərhədçi" hərbi-idman oyunununu keçirir. Bu oyunun bütün sərhəd regionlarında təşkil olunması isə gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına təkan verir".
Sonda hərbi-idman oyununda qalib gələn komandalara qiymətli hədiyyələr və diplomlar təqdim olundu. Daha sonra isə hərbi-idman oyununun iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.
RƏFİQƏ