PDF Oxu

Əsas

  • 61

Müstəqil Azərbaycan dövlətçiliyinin qurtuluşu

Müstəqil Azərbaycan dövlətçiliyinin qurtuluşu

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın bir ölkə olaraq parçalanmaqan xilas etdi və həyatının tamamilə dəyişməsinə inkişaf, tərəqqi və yüksəliş dövrünə qədəm qoymasına səbəb oldu. Xatırladaq ki, hələ 1993-cü ilin əvvəlində səriştəsiz rəhbərlik nəticəsində ölkə həyatının bütün sahələrini böhran bürümüşdü, müstəqilliyimiz süquta uğramaq təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda xalq içərisində dayaqlarını itirməkdə olan hakim dairələr Heydər Əliyevin nüfuzundan ehtiyatlanaraq, onun Naxçıvan MR-də gördüyü quruculuq işlərinə mane olmaq yolunu tutmuşdular. Xalqın Heydər Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi olaraq 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradılmışdı. Bu zaman hakimiyyət uğrunda AXC-nin öz daxilində, əvvəlki iqtidarın əlaltıları və Rusiyaya xidmət edən ayrı - ayrı şəxslər və qruplar arasında mübarizə genişlənməkdə idi.

1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Bakı vahimə içərisində idi. Aciz qalmış iqtidar Heydər Əliyevi təkidlə Bakıya dəvət etdi. İyunun 9-da Heydər Əliyevin Bakıya gəlməsi xalq tərəfindən ümid və sevinclə qarşılandı.

1993-cü ilin iyun ayının 13-də - istirahət günü Ali Sovetin sessiyası çağırıldı və Heydər Əliyev Gəncə hadisələrini yerində öyrənmək üçün oraya getməyə razılıq verdi. Beləliklə, Heydər Əliyev iyunun 13-də Gəncəyə gəlmiş, iyunun 14-də Gəncə şəhər icra hakimiyyətinin otağında görüş keçirmiş, həmin günün axşamı Bakıya qayıtmış və iyunun 15-də Milli Məclisin deputatlarına təəssüratlarını danışmışdır. Həmin gün o, Milli Məclisin axşam iclasında Azərbaycan Respublikası Ali Sovetinin - Parlamentinin Sədri seçilmişdir. Həmin gün tarixə yazılaraq, Azərbaycan üçün əsil Qurtuluş Günü oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini əvvəlcədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, güclü şəxsi nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı respublikanın başının üstünü alan təhlükələri aradan qaldırdı. Xalqın səsini eşidən Ulu Öndər Heydər Əliyev onun çağırışı və tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtdı. Və bu qayıdış Azərbaycan üçün əsil qurtuluş oldu. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyev ölkənin Ali Qanunvericilik orqanına sədr seçilərkən demişdir: "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyəti ilə dərk edirəm...Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... " Vətəndaş müharibəsinin, ölkənin parçalanmasının, dövlət çevrilişi cəhdinin qarşısının alınması kimi problemlərin həllində aciz olan Əbülfəz Elçibəy çıxış yolunu iyunun 18-də xalqı bu həlli vacib məsələlərlə baş-başa qoyaraq, Naxçıvan MR Ordubad rayonunun Kələki kəndinə getməkdə gördü. İyunun 23-də Ulu Öndər Heydər Əliyev xalq tərəfindən Prezident səlahiyyətlərinin ona verilməsi ilə hakimiyyəti ələ alır və bu problemləri həll edərək, respublikanı vətəndaş qarşıdurmasından, ölkəni parçalanmaqdan xilas edir, müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısını alır. Vəziyyət stabilləşdikdən sonra da Əbülfəz Elçibəy Bakıya qayıtmır və Kələkidə yaşamağı üstün sayır. Belə olduğu halda, Milli Məclis iyulun 29-da "Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq səsverməsinin 29 avqust 1993-cü il tarixində keçirilməsi barəsində" qərar qəbul edir. Avqustun 29-da Mərkəzi Referendum Komissiyasının məlumatına əsasən Azərbaycan Respublikasının bütün referendum dairələrində ümumxalq səsverməsi baş tutmuş və bu xalq səsverməsində xalqın Əbülfəz Elçibəyə qarşı olan inamsızlığı üzə çıxmışdır."

Ölkəsinə, doğma Vətəninə rəhbərlik etmək üçün öz doğma xalqından mandat alan Ulu Öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3- də Azərbaycan Respublikasının Prezidenti seçilir və bununla da Azərbaycanda milli dövlətçiliyimiz yenidən bərpa olunur.

Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra qısa müddət ərzində istər milli müstəqilliyimizin qorunub saxlanılması, istərsə də, müstəqil dövlət quruculuğu yönündə aparılan məqsədəuyğun siyasət və onun tarixi əhəmiyyət daşıyan nəticələri xalqımız tərəfindən yüksək qiymətləndirildi. Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarı ilə 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edildi. Ulu Öndər Heydər Əliyev böyük cəsarətlə qurtuluş missiyasını öz üzərinə götürərək, qısa vaxt ərzində ölkəmizdə dövlətçilik və qanunçuluğun möhkəmləndirilməsi, siyasi, sosial-iqtisadi böhranın, vətəndaş qarşıdurmasının aradan qaldırılması, xaos və hakimiyyətsizliyə son qoyulması istiqamətində mühüm addımlar atdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev balanslaşdırılmış xarici siyasət aparmaqla Azərbaycana maraqlı olan dövlətlərin təzyiqlərini neytrallaşdırdı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi yönümündə mühüm işlər gördü, səmərəli və ardıcıl daxili siyasət nəticəsində, ölkədə mövcud olan qeyri-qanuni silahlı dəstələr ləğv olunmaqla cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi, milli birliyin və vətəndaş həmrəyliyinin bünövrəsi qoyuldu.

Yalnız Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və xalqın bu görkəmli şəxsiyyətə olan inamı nəticəsində Azərbaycanın müstəqil dövlətçiliyini sarsıtmaq niyyətini güdənlərin 1994-cü il oktyabr, 1995-ci il mart ayında dövlət çevrilişlərinin qarşısı alındı. Ardıcıl və məqsədyönlü daxili siyasət nəticəsində ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa edilməsi Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin, bazar iqtisadiyyatı sisteminin bərqərar olması yönündə quruculuq işlərinin aparılmasına təminat yaratdı. Məhz Heydər Əliyevin xalqın arzusu və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ümummilli maraqlara xidmət edən, xalqımızın dövlət müstəqilliyinin və təhlükəsizliyinin təminatçısına çevrilən balanslaşdırılmış, uzaqgörən siyasətin həyata keçirilməsinə başlanıldı.

Bütün bunlarla yanaşı, artıq Azərbaycanın dostları da, düşmənləri də əmin oldular ki, müstəqilliyimizi əlimizdən ala biləcək heç bir qüvvə yoxdur. Xalq öz rəhbərinə inanır, güvənir və dəstəkləyir. Müdrik və uzaqgörən rəhbər isə xalqını müstəqilliyin çətin, mürəkkəb və keşməkeşli yolları ilə inamla irəliyə aparır.

Müstəqil Azərbaycanın hazırkı iqtisadi-siyasi durmunu, dünya birliyində tutduğu mövqe, habelə, yaradılan möhkəm təməl əsasında nail olacağı reallıqlar tarixən çox qısa zaman kəsiyində qeyri-adi dərəcədə nəhəng işlər görüldüyünü açıq-aşkar göstərir. Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdaraq, müstəqilliyimizin qarantı və dövlətimizin qurucusuna çevrilən Ümummilli Lider Heydər Əliyev bir neçə istiqamətdə apardığı işləri bir nöqtəyə yönəltməklə yanaşı, vahid məqsədə - xalqımızın güzərarının yüksəlməsinə və müstəqil dövlətçiliyi möhkəmləndirərək inkişaf etməsinə şərait yaratmışdır. Sözsüz ki, ən böyük nailiyyət ölkədə möhkəm və dağılmaz sabitliyin yaradılması olmuşdur. Sabitlik yaratmaq nə qədər çətin idisə, bir o qədər də vacib sayılırdı. Lakin sabitliyin bərpası asan məsələ deyildi. Anarxiya və qanunsuzluğun qarşısını almaq, ayrı-ayrı adamların vəzifə kürsüsünə gətirilməsinə xidmət edən qanunsuz silahlı dəstələri zərərsizləşdirmək, cinayətkarlığa sipər çəkmək, qanunların aliliyini təmin etmək, inflyasiyanı cilovlamaq, iqtisadi, siyasi və hüquqi islahatlar aparmaq növbəti zəruri addım idi. Yalnız sabitlik və atəşkəs şəraitində istehsalın normal ahəngini bərpa etmək, xalqın güzəranının yüksəldilməsinə nail olmaq mümkün idi. Keçmiş SSRİ məkanında Azərbaycan birinci olaraq aqrar islahatı keçirdi, torpağı öz sahibinə qaytardı. Bununla da kənd təsərrüfatında qısa müddətdə güclü yüksəlişə nail olundu.

Azərbaycanın iqtisadi yüksəlişinin, xalqın güzəranının yaxşılaşdırılmasının təmin olunmasında yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Xəzərdəki karbohidrogen yataqlarını ikinci dəfə dünya üçün kəşf edən Heydər Əliyev əvvəlki iqtidarlardan heç birinin görə bilməyəcəyi işləri çox qısa bir müddətdə və böyük uğurla yerinə yetirdi. Ölkə daxilindəki və xaricindəki qüvvələrin bütün təxribat-terror əməllərinə baxmayaraq, 20 sentyabr 1994-cü ildə "Əsrin müqaviləsi" adlı ən böyük neft kontraktı imzalandı. Bununla da ölkəmizə böyük həcmdə sərmayə qoyuluşuna əsas yaradıldı. 12 noyabr 1997-ci ildə ilkin neft hasil edilərək dünya bazarına çıxarılmış, yeni Bakı-Supsa neft kəməri çəkilərək istifadəyə verilmişdir. 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyulmuş, beləliklə, əfsanə reallığa çevrilmiş, yeni əsrin ən böyük mühəndis layihəsi həyat vəsiqəsi almışdır.

1993-cü ildə Azərbaycan informasiya blokadasında idi. Ulu Öndər Heydər Əliyev yüzlərlə jurnalistin görə bilməyəcəyi işi yerinə yetirdi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi haqqında da əsil həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.

Hüquqi-demokratik dövlət quruculuğu sahəsində görülən işlər, keçirilən islahatlar, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası sahəsində qazanılan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunu xeyli yüksəltmişdir. Bütün bunların fərəhli yekunu kimi, müstəqil Azərbaycan Avropa Şurasına üzv qəbul edilmişdir. Bütün beynəlxalq təşkilatlara və qurumlara üzv olan Azərbaycan zəruri konvensiyalara qoşulmuş, bazar iqtisadiyyatı prinsiplərinin bərpası yönümündə çox mühüm işlər görülmüşdür. Bu da ölkəmizin beynəlxalq aləmdə nüfuzunu və çəkisini ilbəil artırmaqdadır.

Azərbaycan tarixinin son otuz ili Ümummilli Liderimiz Heydər Əliyevin gördüyü böyük işlərlə zəngindir. Bu işlərin içərisində ən böyüklərindən və əhəmiyyətlilərindən biri silahlı, təhlükəli, xalqı düşünməyən adamları hakimiyyət uğrunda mübarizədən birdəfəlik uzaqlaşdırmasıdır. Çünki bu, həqiqi demokratiya və hüquqi dövlət quruculuğuna aparan yoldur. Çünki bu, Azərbaycanın beynəlxalq nüfuzunun təmin edilməsinə, onun sivil dünyada layiq olduğu yeri tutmasına şərait yaradan yoldur. Çünki bu, mənəvi tərəqqiyə və maddi rifaha çatdıran yoldur. Bu, Azərbaycanın qarşısında dayanmış böyük problemlərin həllini gerçəkləşdirən yoldur. Əgər bunun əksi olsa idi, onda bizi qanlı qurbanların sayının artıq yüz minləri keçməsi, sonu görünməyən vətəndaş müharibəsi, Azərbaycanın federallaşması, etnik qarşıdurma, tam iqtisadi və mənəvi tənəzzül gözləyirdi.

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş daxili və xarici siyasətimiz bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın iqtisadi inkişaf sürətinə görə dünyada lider mövqe tutması, ölkəmizin beynəlxalq aləmdə, o cümlədən, regionda siyasi çəkisinin durmadan artması buna əyani sübutdur. Ulu Öndər Heydər Əliyevin söylədiyi bu fikri bir daha xatırlatmaq olar: "Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır".


Emma Əli qızı Aslanova,

Gəncə Dövlət Universiteti Azərbaycan tarix kafedrasının müdiri, dosent, tarix elmləri üzrə fəlsəfə doktoru

Digər xəbərlər