Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı gənclər birliyinin fəalları Suraxanı rayon ərazisində yerləşən Atəşgah tarixi məbədini ziyarət etdilər. Maraqlı ekskursiya zamanı abidənin tarixi haqqında gənclərə ətraflı məlumat verildi. Daha sonra Nizami YAP GB fəalları ilə YAP Suraxanı rayon GB-nin fəalları YAP Suraxanı rayon təşkilatının qərargahında görüş keçirdilər. YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyə Musayeva tədbirin məqsədini açıqlayaraq, bildirdi ki, keçirilən belə görüşlər partiya sıralarında cəmlənmiş gənclər arasında dostluq əlaqələrinin genişlənməsi, güclənməsi və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir. Z.Musayeva, həmçinin, gənclərə göstərilən dövlət qayğısından, gənc nəslin düzgün yetişdirilməsində ölkə siyasətinin önəmli yer tutduğundan geniş bəhs etdi: "Heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar".
Tədbirdə YAP Nizami rayon təşkilatının gənclər birliyinin sədri Əli Pənahov Ümummilli Liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi qayğıdan danışaraq, vurğuladı ki, Dahi Rəhbərimizin öz siyasətində daima gənclərə qayğı göstərdiyini, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verdiyini söylədi: "Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq, gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Ulu Öndər Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik. Elə gəncliyin inkişafına dəstəyin təməli o vaxt qoyuldu, onlara ümid verildi. Ulu Öndər 1997-ci ildə imzaladığı Fərmanla fevralın 2-si tarixini Gənclər Günü kimi təsbit etdi. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. Bu siyasət çox geniş bir spektri - gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi. 1997-ci ildə dövlət gənclər siyasəti ilə bağlı ilk qanun da qəbul edildi".
A.Pənahov hazırda ölkəmizdə 200-dək gənclər təşkilatının fəaliyyət göstərdiyini söylədi: "Azərbaycan Gənclər Təşkilatı Milli Şurası Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsil həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Eyni zamanda, dünyanın hər guşəsində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq uğurlar qazanır, Azərbaycanın adını yüksəklərə qaldırırlar. Təsadüfi deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan sağlam gənc qüvvələr olmuşdur. Millətin qəhrəmanlıq tarixini yazanlar da onlar olur. Bu gün adlarını qürurla çəkdiyimiz Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov və yüzlərlə belə oğul Azərbaycanın qəhrəmanlıq tarixini yazan gənclərdir".
Keçirilən görüşdə iştirak edən gənclər də cəmiyyətdə gedən proseslərdən kənarda qalmadıqlarını bildirdilər və onlar gənclərin inkişafı naminə bəzi təşəbbüslər də irəli sürdülər.
R.HÜSEYNOVA