PDF Oxu

Əsas

  • 98

Böyük Qurtuluşun dərsləri və bəhrəsi

Böyük Qurtuluşun dərsləri və bəhrəsi

XX əsrin səksən-doxsanıncı illərində Azərbaycanın qarşısına çıxan suallar, ilk növbədə, milli-azadlıq hərəkatının başlanması, gedişatı və inkişafı ilə bağlı problemlərdən ibarət idi. Keçmiş sovet imperiyasının dağılması ilə bağlı proseslərin geniş miqyas alması, qaçılmaz bir hadisəyə çevrilməsi, müstəqil dövlətçiliyin ciddi surətdə gündəliyə gəlməsi bütün xalqı əhatə edən milli azadlıq hərəkatının mühüm nailiyyəti idi. Bununla belə, Azərbaycan Respublikasında dövlət müstəqilliyi bəyan olunsa da, həmin müstəqil dövlətçilik bir çox elə böyük çətinliklərlə üzləşmişdi ki, artıq ölkəni bu statusda qoruyub saxlamaq çətin bir hala çevrilmişdi. O zamankı iqtidarın səriştəsizliyi ucbatından artıq Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi yaranmışdı. Hətta, "Talış-Muğan Respublikası"nın elan olunması ilə parçalanma prosesi başlanmışdı. Azərbaycanın digər regionları üçün də "cırtdan" bölgələr qismində parçalanması nəzərdə tutulan ərazi vahidləri barədə də siyasi mühitdə vahiməli fikirlər səslənməkdə idi. Bir tərəfdən də ölkənin bir regionundan - Gənc ətrafından başlanan qarşıdurma artıq 1993-cü ilin may ayının sonu, iyun ayının əvvəllərində vətəndaş müharibəsinə çevrilmişdi. Bütünlükdə, XX əsrin doxsanıncı illərinin başlanğıc dövründə Azərbaycanı keçmiş Yuqoslaviyanın taleyi gözləyirdi. Ölkəmizin geniş neft-qaz ehtiyatlarına malik olduğunu da nəzərə alsaq, onda Azərbaycanda aparılan parçalanma siyasətinin xarici qüvvələrin də maraqlarına daha çox uyğun gəldiyini aydın təsəvvür etmək olar. Aşkar görünürdü ki, xarici ölkələr, bəzi beynəlxalq qurumlar ölkənin parçalanmasında çox maraqlıdırlar və hətta regiondakı bəzi dağıdıcı qüvvələrlə ciddi "əməkdaşlığa" başlamışdılar. Vəziyyət bu qədər çox çətin və dramatik idi. Şekspirvari "olum, ya ölüm" sualı ölkəni bürümüşdü. Azərbaycan paytaxında hakimiyyətdə olanların arasında ölkəni bu ağır vəziyyətdən xilas edə biləcək siyasi fiqur yox idi. Yeganə çıxış yolu görkəmli dövlət xadimi, böyük siyasi təcrübəyə malik olan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevin yenidən dövlət hakimiyyətinə qaytarılmasından ibarət idi. Ulu Öndər Heydər Əliyev isə ondan əvvəl bir neçə dəfə bəyanat verərək, dövlət hakimiyyətinə qayıtmaqda maraqlı olmadığını bəyan etmişdi. Nəhayət, Azərbaycan xalqının ən müxtəlif təbəqələrinin davamlı təkidləri, xüsusən də, Əbülfəz Elçibəy iqtidarı nümayəndələrinin çağırışlarından, daha çox isə xalqın xilaskarlığa olan böyük ehtiyacını nəzərə alaraq, Heydər Əliyev yenidən qayıdışa razı olmuşdu. Bu tarixi hadisə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından çox, Azərbaycanın parçalanmasının qarşısının alınması, ölkənin bütövlüyünün təmin edilməsi baxımından böyük hadisə idi. Bu, mühüm əhəmiyyətə malik siyasi dönüş idi. Məhz bu tarixi-siyasi dönüşün sayəsində ən qısa zamanda Azərbaycanda vətəndaş müharibəsi aradan qaldırılmış, qardaş qırğınına birdəfəlik son qoyulmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyev bir az əvvəl Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi böyük xilaskarlıq missiyasını 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri seçilməsi ilə ölkə miqyasında ardıcıllıqla və qətiyyətlə yerinə yetirmişdir. Beləliklə, sözün böyük mənasında, müstəqil Azərbaycan dövləti parçalanmaqdan xilas olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının və müstəqil dövlətinin qüdrətli xilaskarıdır. Həqiqətən, 15 iyun 1993-cü il hadisəsi ilə Azərbaycanda böyük qurtuluş baş vermişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda Böyük Qurtuluşun banisidir. Böyük Qurtuluş ölkəmizin xilasının etibarlı təminatı və möhkəm təməlidir. Əslində, Azərbaycanda müstəqil dövlətin böyük təməli Böyük Qurtuluşla atılmışdır. Böyük Qurtuluş müstəqil Azərbaycanın böyük dayağıdır. Heydər Əliyevin müstəqil dövlətçilik təliminin həm başlanğıc mərhələsi və möhkəm bünövrəsi, həm də ilhamverici və hərəkətverici qüvvəsi Böyük Qurtuluşdan ibarətdir. Böyük Qurtuluş görkəmli dövlət xadimi Heydər Əliyevin Böyük Qayıdışından doğmuşdur. Vətənə Böyük Qayıdış ölkənin xilasının siyasi-ideoloji əsasından, Böyük Qurtuluş isə xilaskarlıq hərəkatının xalq və dövlət səviyyəsində geniş miqyasda, qətiyyətlə və ardıcıllıqla həyata keçirilməsindən yoğrulmuşdur. Böyük Qayıdış Böyük Qurtuluşun mükəmməl laboratoriyasıdır. Böyük Qurtuluş isə milli dövlətçilik təliminin startıdır. Ona görə də haqlı olaraq Böyük Qurtuluş Günü, həm də Milli Qurtuluş Günü kimi qeyd olunur.

İnkişaf etmiş müstəqil Azərbaycan Böyük Qayıdışın və Milli Qurtuluşun böyük bəhrəsidir. Artıq müstəqil Azərbaycan Böyük Quruculuq ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev düşünülmüş, məqsədyönlü, ardıcıl fəaliyyəti ilə özünün yüksək inkişaf səviyyəsinə görə ərazi etibarilə kiçik Azərbaycanı dünyanın böyük dövlətlərinin cərgəsinə çıxarmışdır. "Transkavkaz" əhəmiyyətli bütün böyük layihələrin, demək olar ki, hamısının əsas müəllifi, baş memarı Azərbaycandır. İştirakçılar bizim müttəfiqlərimiz, dostlarımız, tərəfdaşlarımızdırlar. Dövlət başçısı səviyyəsində həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların, kompleks proqramların əsasında müstəqil Azərbaycan dövlətinin tərəfdaşları artmış, beynəlxalq nüfuzu çox yüksəlmişdir. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi Böyük Qayıdışın və Milli Qurtuluşun böyük təntənəsidir. Geniş mənada, bütün yönləri ilə inkişaf etmiş Azərbaycan dövləti Böyük Qurtuluşdan doğan müstəqil ölkədir. Azərbaycanın tərkibində xüsusi inkişaf yolu keçmiş Naxçıvan Muxtar Respublikası Böyük Qayıdışın vətəni, Böyük Qurtuluşun möhkəm dayağıdır. Böyük Qurtuluşdan Azərbaycan Respublikasının böyük gələcəyinə gur işıq düşür.


İsa HƏBİBBƏYLİ

Digər xəbərlər