PDF Oxu

Əsas

  • 65

Müstəqilliyimizin Qurtuluş səlnaməsi

Müstəqilliyimizin Qurtuluş səlnaməsi

Dünən Nəsimi rayon icra hakimiyyətində 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə rayon icra hakimiyyətinin inzibati binasında Ulu Öndərimiz Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər.

Tədbiri Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq, iştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın tərəqqisi və inkişafı yolunda siyasi fəaliyyətlərində uğurlar arzuladı. N.Məhəməliyev 15 İyun Milli Qurtuluş Gününün ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb etdiyini açıqladı və yaddaşımıza həkk olunan 1993-cü ilin iyun hadisələrini, yaranmış ictimai-siyasi vəziyyəti geniş təhlil etdi: "15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi. O dövrdə dövlətçiliyimizin başı üzərini almış fəlakəti xalqımızın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev aradan qaldırdı. Onun təcrübəsi, qətiyyəti, cəsarəti, uzaqgörənliyi sayəsində xalqımız düşdüyü bəlalardan xilas olaraq sabitliyə, əmin-amanlığa qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət quruculuğuna başladı. Ulu Öndər Heydər Əliyevin zəngin dühası və qüdrəti ilə müstəqil Azərbaycan siyasi, ictimai, iqtisadi və mədəni həyatın bütün sahələrində irəliləyişlərə nail oldu".

N.Məhəməliyev onu da bildirdi ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır: "Demokratik təsisatların kövrək addım atdığı, vətəndaş cəmiyyəti institutlarının hələ formalaşmadığı, üstəlik, xarici işğala məruz qalan ölkəni yalnız və yalnız Ümummilli Liderimiz Heydər Əliyev xilas edə bilərdi və etdi də. Bu gün Ulu Öndər Heydər Əliyev dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin inkişafı millət-dövlət tandeminin üzərində qurulduğu üçün sarsılmazdır. Bundan başqa, Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınması üçün səy göstərdi, regionda aparıcı bir dövlət kimi bərqərar olmasını təmin etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına özünəinamını qaytardı. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın bugününü yaratdı. Ulu Öndərimizin şərəfli həyat yolunu Onun öz sözləri necə də düzgün və gözəl ifadə edir: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub". Ümummilli Liderimizin Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Sonra Ümummilli Liderimizin həyat yolundan bəhs edən sənədli filmə baxış keçirilidi. Tədbirdə Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, millət vəkilləri Ziyad Səmədzadə, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev, Nəsimi rayon məhkəməsinin sədri Ağamalı Qafarov, "Azintur" ASC-nin sədri Aydın Heydərov və başqaları Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edərək, Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədilər.

R.KAMALQIZI

Digər xəbərlər