Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Heydər Əliyevdir. Ölkənin, dövlətin inkişafını, ilk növbədə, vətəndaşa xidmətdə görən Heydər Əliyev tarix yazan tarixi şəxsiyyətdir. Azərbaycanın ən önəmli, ən əhəmiyyətli tarixləri məhz onun adı, imzası ilə bağlıdır. Heydər Əliyev mənim üçün, bizim üçün kimdir? Heydər Əliyev bütün zamanlarda isminin önündə heç bir təşbeh olmadan belə adı çəkilən vaxt dünya siyasi elitasında böyük hörmətlə qarşılanan nüfuz sahibi, öz ölkəsində isə xilaskar Atadır.
Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi dahi siyasətçidir. Görkəmli şəxsiyyətdir. Böyük dövlət adamı, Azərbaycanın real müstəqilliyinin təminatçısıdır. Müstəqil Azərbaycan Respublikasının bu gününün və gələcəyinin inkişafını təmin edən strategiyanın müəllifidir. Bir sözlə, bütün böyük siyasətçilərinin layiq görüldüyü titulların sahibidir. Amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, ingilislər üçün Çörçill, türklər üçün Atatürk kimdirsə, Azərbaycan və azərbaycanlılar üçün də Heydər Əliyev məhz həmin şəxsiyyətdir.
Böyük Britaniyanın baş naziri Toni Bleyer Ulu Öndərimiz haqqında belə bir fikir söyləyib: "Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə, fəxr edə bilər". Azərbaycan xalqı Heydər Əliyev irsi ilə həqiqətən də, fəxr edir. Təkcə fəxr etmir, həm də Ulu Öndərin irsindən bəhrələnir. Heydər Əliyev irsi hər bir azərbaycanlı üçün Azərbaycan, Azərbaycançılıq deməkdir. Heydər Əliyev irsi dövlət, dövlətçilik deməkdir. Azərbaycan dövlətinin tarixinə, xalqının yaddaşına əbədi həkk olunan Heydər Əliyev Vətənini firavan, millətini xoşbəxt görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etməklə xalqa və dövlətə xidmətin bariz nümunəsini göstərdi.
Azərbaycanın 40 illik tarixi məhz Azərbaycan xalqının böyük oğlu, dahi siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin adı, fəaliyyəti ilə zəngindir. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasətçinin zamanında atdığı addımların mahiyyətini indi daha dərindən dərk edir, əhəmiyyətini gündəlik həyatımızda görürük. Çünki Ulu Öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir. Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!
Heydər Əliyev irsini təhlil edərkən, onun gələcəyə - gənclərə göstərdiyi böyük qayğının şahidi oluruq. Heydər Əliyev uzaqgörən siyasətçi kimi ölkənin tərəqqi və inkişafını gənclərdə və təhsildə görürdü. Gənclərə diqqət yalnız gələcəyə məhəbbətlə bitmir, o, həmçinin, ölkənin modernləşməsinə, formalaşmaqda olan gənclərin şüuruna təsir göstərirdi. Ümummilli Lider bilirdi ki, şüurda dəyişikliyi yalnız təhsil, elm vasitəsilə həyata keçirmək olar. Bu səbəbdən də, dahi siyasətçi Heydər Əliyevin birbaşa rəhbərliyi və dəstəyi ilə sovet Azərbaycanının rəhbəri olduğu müddətdə minlərlə azərbaycanlı gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə, Xarkova, Minskə göndərildi. Ölkəyə lazımlı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər yetişdirildi.
Həmin dövrün ən mühüm hadisələrindən biri də Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması oldu. Bu məktəbin fəaliyyətə başlaması nəticəsində yüzlərlə gələcək zabit hərb elminin sirlərinə yiyələndi. Zamanında atılan bu addım Heydər Əliyev tərəfindən gələcəyə hesablanmışdı. Vətənin, dövlətin keşiyində sədaqətlə dayanan bu günün generalları, polkovnikləri həmin illərin yetişdirdiyi zabitləridir.
Sovetlər imperiyası dağıldıqdan sonra Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparır, respublikanın sosial və siyasi dayaqlarını sarsıdaraq, onun mövcudluğunu şübhə altına qoyurdu. 1991-93-cü illərdə xarici qüvvələrin dəstəyi və ölkə daxilində baş verən hərbi-siyasi xarakterli hadisələr respublikamızda ictimai-siyasi vəziyyəti həddindən artıq gərginləşdirmiş, vətəndaş həmrəyliyi pozulmuş, ərazilərimiz bir-birinin ardınca işğal edilmiş, Dağlıq Qarabağ və onun ətrafında baş verən proseslər dövlətin idarə olunmasını nəzarətdən çıxarmış, xaos, vətəndaş qarşıdurması kulminasiya həddinə çatmışdı. Belə bir vəziyyətdə xalqın mənafeyinə xidmət edən siyasət yürüdən, bazar iqtisadiyyatına uyğun islahatlar aparmağı bacaran, ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün düşünülmüş, təsirli tədbirlər həyata keçirən rəhbərə ehtiyac vardı. Xalq öz xilasını bu tarixi missiyanın öhdəsindən layiqincə gələ biləcəyinə əmin olduğu, böyük dövlət xadimi Heydər Əliyevdə gördü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyev siyasi rəhbərliyə dəvət edildi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun bizim tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. 1997-ci ilin iyun ayında Milli Məclis ictimaiyyətin rəyi ilə razılaşaraq, həmin günü bayram elan etdi.
Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi, dövlət düşdüyü ağır siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, dünyamiqyaslı nüfuzu sayəsində Azərbaycan dövlət kimi məhv olmaq təhlükəsindən qurtuldu.
Ümummilli Lider müharibəni səngərlərdən diplomatiya masası arxasına keçirməklə, həm də ölkədə möhkəm ictimai-siyasi sabitliyi bərpa etmək istiqamətində çox ciddi tədbirlər həyata keçirdi. Ümummilli Liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz tədbirlər nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, 1994-1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması təmin edildi.
Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İran, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.
Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin müəllifliyilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən, siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu.
Bundan sonra dövlət strukturları Konstitusiya ilə üzərlərinə qoyulan vəzifələri həyata keçirməyə başladı. Azərbaycan dövləti və cəmiyyətinin idarə olunması beynəlxalq, bəşəri, sivil prinsiplərə istiqamətləndirildi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsində, dövləti idarəetməsində təkcə dövlət strukturlarının gücünə deyil, həm də ictimai təşkilatların fəaliyyətinə geniş meydan verildi. Bu iki prinsip vəhdət halında Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında həlledici amillərdən biri oldu. Vətəndaş cəmiyyətinin formalaşması, hər şeydən əvvəl, ölkədə dayanıqlı sabitlik, vətəndaşların təhlükəsizliyinin təmin olunması, sosial ədalət prinsipinin bərpası, demokratik dəyərlərə hörmət, hüququn aliliyinin təmin olunması və digər şərtlərlə bağlıdır.
Zaman keçdikcə ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirdi, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini şərtləndirdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün geniş imkanlar yaratdı. İndi dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin müasir modelinin formalaşdırılması baxımından mükəmməl mexanizm hesab olunan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin demokratikləşmə prosesi istiqamətində başlatdığı yolun davamıdır.
Azərbaycan xalqının Ümummulli Lideri Heydər Əliyev, sözün bütün mənalarında, böyük ömür yaşadı. Lakin onun ideyalarının ömrü, qurduqlarının və yaratdıqlarının ömrü daha böyükdür. Bu sonsuza qədər uzunömürlülük Onun öz əlləri ilə qurub yaratdığı və indi Prezident İlham Əliyevin timsalında etibarlı əllərlə idarə olunan ölməz əsərində - müstəqil Azərbaycan Respublikasının gündən-günə inkişafında, möhkəmlənməsində, qüdrətlənməsində təcəssüm edir.
Jalə Sadıqova,
YAP Binəqədi rayon təşkilatı
gənclər birliyi idarə heyətinin üzvü