PDF Oxu

Əsas

  • 73

Milli Qurtuluş Günü və Azərbaycan gəncliyi

Milli Qurtuluş Günü və Azərbaycan gəncliyi

Dünən YAP Gənclər Birliyinin ofisində \"Universal gənclik\" layihəsi çərçivəsində növbəti mühazirə keçirildi. Mühazirə 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuşdur.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycan salnaməsinin bu önəmli səhifəsi barədə gənclərə geniş məlumat verərək bildirdi ki, 1993-cü ilin 15 iyun tarixinin önəmi, əhəmiyyəti hər birimizə aydındır: \"19 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı oldu. Bu qayıdışla birbaşa bağlı olaraq bu gün Qurtuluş adlandırdığımız məfkurənin əsası qoyuldu. 20 il bundan əvvəl, Azərbaycanda cərəyan edən proseslərin mahiyyəti ondan ibarət idi ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan parçalanmaq, öz müstəqilliyini itirmək, bir dövlət olaraq tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdır. Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etməsi əsas etibarı ilə həmin dövrdə dünyada cərəyan edən proseslərlə əlaqədar idi. XX əsrin son on illiyində dünyanın o zamankı tarixinə, xəritəsinə bilavasitə və əhəmiyyətli təsir edən üç hadisəni qeyd edə bilərik. Biri Berlin səddinin sındırılması və Almaniyanın birləşdirilməsi, ikinci Varşava müqaviləsi adlanan hərbi-siyasi ittifaqın ləğv edilməsi, üçüncüsü isə SSRİ-nin süquta yetirilməsi və Sovetlər Birliyinin tərkibində olan 15 müttəfiq respublikanın müstəqil dövlətlər kimi dünya birliyinə qovuşması idi. Azərbaycanın dövlət müstəqilliyini əldə etməsi də bu proseslərin məntiqi nəticəsi, xüsusilə, SSRİ-nin süqutu ilə bağlı idi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra bir sıra təhlükələrlə üzləmiş oldu. Bu təhlükələrdən ən əsası Sovetlər Birliyi dövründə başlanmış, müstəqillik dövründə daha da azğınlıqla davam etdirilən Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi, bu işğal prosesinin getdikcə Azərbaycanın ərzilərinin daha da dərinlərinə işləməsindən ibarət idi. Ölkəmizin müstəqilliyinin ilk ilində başı üzərini alan təhlükə yalnız bundan ibarət deyildi. Digər təhlükə ölkəmizdə xaosun, anarxiyanın baş alıb getməsi idi. Həmin dövrün iqtidarı nəinki baş verən proseslərin qarşısını almaq iqtidarında deyildi, əslində, bu proseslərin yaranmasının səbəbi onların həyata keçirdiyi siyasət, bacarıqsızlığı və qabiliyyətsizliyi idi. Amma təhlükələr bununla da yekunlaşmırdı. Eyni zamanda, iqtisadi sferada Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaradan proseslər davam etməkdə idi. İqtisadiyyat sürətlə tənəzzül edirdi. İqtisadi strukturlar dağılırdı. Sovetlər dövründən qalan müəssisələr fəaliyyətini dayandırmışdı. Kütləvi işsizlik yaranmışdır. İstehsal sürətlə azalırdı. İqtisadi tənəzzül insanların yaşayışına ciddi şəkildə təsir edirdi.\"

YAP İcra katibi Əli Əhmədov onu da qeyd etdi ki, Azərbaycan yeni bir siyasi səhnəyə qədəm qoymuş dövlət kimi həm qonşuları, həm də dünya birliyinə daxil olan dövlətlərlə münasibətlərin qurulmasında maraqlı olmalı idi: \"Bu, həm də Azərbaycanın bir dövlət kimi özünü ifadə etməsinin və tanıtmasının vacib şərtlərindən biri idi. Amma buna baxmayaraq, Azərbaycanın o zamankı hakimiyyətdə olan insanları bu istiqamətdə də lazım olan işləri görmək iqtidarında deyildilər. Faktiki olaraq, Azərbaycan 90-cı illərin əvvəllərində bütün beynəlxalq miqyasda dövlətlərdən təcrid vəziyyətinə düşmüşdür. Beləliklə, Azərbaycanın başı üzərini siyasi, iqtisadi və beynəlxalq sahədə çox ciddi təhlükələr almışdır ki, bütün bunların hamısı davam etmiş olsaydı, Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması da qeyri-mümkün ola bilərdi. Belə bir şəraitdə Azərbaycan xalqı ölkənin düçar olduğu təhlükələrdən, təhdidlərdən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevə müraciət etməli oldu\".

YAP Sədrinin müavini xatırlatdı ki, xalqın tarixində dönüş nöqtəsi olan, Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışından başlanan Milli Qurtuluş Günü ərəfəsində keçirilən tədbirlərdə Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın ötən bu müddətdə keçdiyi inkişaf yoluna nəzər salınır, bir daha \"Qurtuluş Azərbaycana nə verdi\" sualı ətrafında hər kəs öz fikir və düşüncələrini açıqlayır: \"Bu suala cavab olaraq Azərbaycanın bugünkü həqiqətlərini, bugünkü mənzərəsini, ölkə vətəndaşlarının bugünkü həyatını və əhval-ruhiyyəsini, ümumilikdə, ölkəmizin gələcək perspektivlərini, imkanlarını qeyd etmək lazımdır. 19 ildə Azərbaycan fəlakətlərdən, iflasdan geniş inkişaf yoluna çıxaraq, bu gün dünyanın ən sabit, əmin-amanlığın bərqərar olduğu, iqtisadiyyatı sürətlə inkişaf edən, dünyada rolu və əhəmiyyəti artan bir ölkəyə çevrilib. Qurtuluş təkcə Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını həm arzu edən, həm də öz xahiş və təkidli tələbini ona ünvanlayan Azərbaycan xalqı, ilk növbədə, 1993-cü illərin faciələrindən xilas olmaq üçün Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətin qətiyyətinə, müdrikliyinə ehtiyac duyurdu. Amma Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin keçmişi deyil. Qurtuluş, eyni zamanda, Azərbaycanın bu günüdür, ölkədə mövcud olan sabitlik, əmin-amanlıq, vətəndaşların əhval-ruhiyyəsi, eyni zamanda, Azərbaycanın sabahıdır. Azərbaycan xalqı gələcəyə böyük inamla baxır. Bu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə qazandırdığı ən böyük uğurlardandır\".

\"90-cı illərin əvvəllərində Azərbaycanın yaşadığı duruma nəzər salsaq, ölkəmizin nələrdən xilas olduğunu əminliklə deyə bilərik\" fikrini söyləyən Əli Əhmədov onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın başının üstünü almış real təhlükələr, hərc-mərclik və xaos, iqtisadi tənəzzül aradan qaldırıldı. Ümumiyyətlə, xalqımız sabaha ümidsizlikdən xilas edildi: \"Azərbaycan yenicə müstəqillik əldə etmiş gənc dövlətin gələcəyini şübhə altına alan o zamankı səriştəsiz rəhbərliyin fəaliyyəti nəticəsində düçar olduğu beynəlxalq təcriddən xilas oldu. Heydər Əliyevin böyük siyasi iradəsi, qətiyyəti, müdrikliyi, Azərbaycana bəslədiyi hədsiz sevgisi və məhəbbəti sayəsində ölkəmizin gələcək inkişafı üçün elə etibarlı dayaq yaradıldı ki, bu bünövrənin üzərində respublikamız sürətlə inkişaf edir\".

Əli Əhmədov onu da qeyd etdi ki, Azərbaycanın müstəqil dövlətçilik konsepsiyasının çox önəmli bir hissəsi neft siyasəti ilə bağlıdır: \"Azərbaycan təbii ehtiyatlarla hər zaman zəngin olub. Bu resurslardan səmərəli şəkildə dövlətçiliyimizin inkişaf etdirilməsi və insanların rifah halının daha da yaxşılaşdırılması naminə istifadə edilməsi Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla reallaşan neft strategiyası ilə bilavasitə əlaqədardır. 1994-cü ildə imzalanan \"Əsrin müqaviləsi\"nin reallaşması da çox ciddi çətinliklərlə müşayiət olunub. 90-cı illərin əvvəllərində qeyd etdiyimiz təhdidlər çərçivəsində belə bir müqavilənin imzalanması, təbiidir ki, çox çətin idi. Onun həyata keçirilməsinə maneçilik törədən beynəlxalq güclər tərəfindən göstərilən təhdidlər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının reallaşmasına ciddi təhlükələr yaradırdı. Yalnız Heydər Əliyevin müdrikliyi, böyük dövlətçilik təcrübəsi, siyasi iradəsi və qətiyyəti bu strategiyanın həyata keçirilməsinə qarşı çevrilmiş bütün təhlükələri dəf edə bildi və gerçəkləşdi. Bugünkü iqtisadi tərəqqi, güclü sosial siyasət bilavasitə bu strategiyanın reallaşmasına istinad edir. Amma daim vurğulandığı kimi, bu gün ölkədə həyata keçirilən iqtisadi, sosial siyasət yalnız neft amili ilə bağlı deyil. Neft strategiyası, əslində, Azərbaycanın müasir iqtisadi bazasının yaradılması üçün mənbə rolunu uğurla yerinə yetirib. Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addımlar öz müsbət nəticəsini verir. Xalqımız yeni həyatın başlanğıcını qoyan Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği istiqamətində səylər göstərir.\"

YAP İcra katibi Əli Əhmədovun fikrincə, Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək, bünövrəsi o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları, bu imkanlardan istifadə edərək, Heydər Əliyevin yaratdığı müasir Azərbaycan daha da əzəmətli görünəcək. Belə ki, inkişafın davamlılığını təmin etmək üçün yeni stimulların müəyyən edilməsinə və tətbiqinə ciddi ehtiyac var ki, Prezident İlham Əliyevin həyata keçirdiyi modernləşmə strategiyası məhz bu məqsədə xidmət edir. Bu gün hər bir Azərbaycan vətəndaşı həyata keçirilən siyasətdə iştirak edir, bu siyasətdə öz rolunu oynayır və inkişaf prosesinə öz töhfəsini verməyə çalışır. Əhəmiyyətli yer tutan təbəqələrdən biri də gənclərdir. \"Yəqin ki bunun da çox ciddi səbəbləri var. Ulu Öndər Heydər Əliyev daim gənclərə önəm verirdi. Gənclər ölkənin ictimai-siyasi həyatında fəallıqları ilə seçilir. Gənclər YAP-da, bütövlükdə, Azərbaycanda böyük qüvvədir. Onlar əhalinin demoqrafik qrupunda xüsusi çəkiyə malikdir. Partiyanın sıralarında 600 minə yaxın üzv birləşir. Bunların da təxminən 40 faizini gənclər təşkil edir. Sevindirici haldır ki, gənclərin Yeni Azərbaycan Partiyasında rolu və əhəmiyyəti yalnız onların sayında deyil. Bu, eyni zamanda, gənclərimizin vətənpərvərlik ruhunda olmasında, intellektində, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmək bacarığındadır. Hər bir ölkənin gələcəyi gənclərlə bağlıdır. Partiyanın gələcəyi də gənclərin fəaliyyəti, müasir dünyagörüşü ilə əlaqələndirilir. Gəncləri cəmiyyətin digər təbəqələrindən fərqləndirən onların müasir təfəkkürə malik olmalarıdır. Həyat çox sürətlə dəyişir. Bu dəyişikliklər bir tərəfdən iqtisadiyyatımızın inkişafında, digər tərəfdən isə insanların sosial rifah halının yaxşılaşmasında özünü göstərir. Təbii ki, bugünkü Azərbaycanı müstəqilliyimizin ilk illərindəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündür. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP birmənalı şəkildə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışır\" söyləyən Ə.Əhmədov bildirdi ki, Azərbaycan gəncləri YAP-ın timsalında özünün gücünün, biliklərinin istifadə olunması üçün böyük meydan görür. Öz enerjilərindən dövlət, xalq, partiya üçün istifadə edirlər. Beləliklə, cəmiyyətimizin çox böyük insani resurslarından olan gənclər YAP-ın tərkibində çox səmərəli fəaliyyət göstərir və eyni zamanda, partiya gənclərin ölkənin ictimai-siyasi həyatında fəallıqlarını artırması üçün ciddi səylər göstərir\".

\"Azərbaycanın gələcəyi olan gənclərimizin sabaha inamı daha böyükdür\" deyən Əli Əhmədov vurğuladı ki, bu inamı yaradan, təbii ki, bugünün uğurları, dövlətin siyasətinin xalq tərəfindən dəstəklənməsi, xalqın Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməsidir. Bir sözlə, Qurtuluşdan başlanan yol uğurla davam edir.

YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bir daha gəncləri 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik etdi, onlara təhsildə uğurlar, ölkənin ictimai-siyasi həyatında daha da fəal olmağı arzuladı.

Mühazirədən sonra YAP Gənclər Birilyinin üzvləri Qurtuluş Günü ilə bağlı Milli Parkda fləşmob keçirdilər.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər