Dünən 15 İyun Milli Qurtuluş Günü ilə bağlı Səbail rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Azərbaycan Dövlət İqtisad Universitetində tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddi Hacıyev bildirdi ki, yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazanmışdır. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Onun Azərbaycan tarixindəki rolu barədə çıxış etmişdir. Natiq qeyd etmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyətli Heydər Əliyevin adı ilə bağlıdır: "1993-cü ildə zəngin hadisələrlə dolu olan bir çətin vaxtda Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq, ölkəmizin ictimai - siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoymuşdur. Azərbaycanın görkəmli oğlu xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq, Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin bariz nümunəsidir ki, bu gün Azərbaycan günü-gündən inkişaf edir, onun iqtisadi qüdrəti daha da möhkəmlənir. Bu da sosial sahəyə ayrılan vəsaitin ilbəil artmasına səbəb olur".
Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda müstəqilliyin qorunması və möhkəmləndirilməsi, ölkənin inkişafı və möhkəmlənməsindəki rolundan danışdılar. Sonra Milli Qurtuluş Günü ilə əlaqədar RİH və ADİU-nun birgə layihəsi olan Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin 100-dən çox uşaq üçün 1 aylıq pulsuz kompyuter və xarici dil kursları işinə start verildi. Məşğələlərin fəaliyyəti dövründə uşaqlara gündə bir dəfə pulsuz nahar da veriləcəkdir. Məşğələlərin keçiriləcəyi fənn kabinələri ilə yaxından tanış olan qonaqlar, şagirdlərin valideynləri və rayonun pedaqoji işçiləri yaradılan şəraitdən razı qaldılar.
Tədbirdən sonra uşaqlar yaş qruplarına bölünərək məşğələlərə başladılar.
RƏFİQƏ HÜSEYNOVA