Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının və Binəqədi rayon icra hakimiyyətinin birgə təşəbbüsü ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş mübarizəsinin qalibi" mövzusunuda elmi-praktik konfrans keçirildi. Tədbir başlamazdan öncə, tədbir iştirakçıları Fəxri Xiyabana gedərək, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, üzərinə əklil və gül-çiçək dəstələri qoydular.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Elmi-praktik konfransı giriş sözü ilə Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq, dövlət müstəqilliyinin bərpasından sonra, tarixi dövrə nəzər salıb, o dövrdə Azərbaycanda yaşanılan durumu xatırlatdı. O, həmin dövr üçün mövcud olan mühitin olduqca dözülməz, hətta müstəqilliyin belə itirilməsi ilə üz-üzə qalan bir zaman olduğunu bildirdi:"Azərbaycan xalqı birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkid və tələblə Ümummilli Liderin hakimiyyətə qayıdışını irəli sürdü. Milli Qurtuluş Günü Azərbaycanı bürümüş olan fəlakətdən, xaosdan, böhrandan xilas etdi. Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır".
Milli Məclisin üzvü, tarix elmləri doktoru Yaqub Mahmudov böyük tarixi günə nəzər salaraq, Azərbaycan dövlət müstəqilliyinin təməlinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin böyük rolunu diqqətə çatdırdı. Bu tarixi gün - 15 iyun Azərbaycan tarixinə ən mühüm hadisə olaraq daxil edildi. Əldə olunmuş müstəqilliyin təməlinin möhkəmlənməsi Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə bağlı olduğunu vurğuladı.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar-siyasət Komitəsinin sədri Eldar İbrahimov qeyd etdi ki, beynəlxalq aləmdə müstəqil dövlətlər sırasında böyük bir inkişaf dövrü keçən Azərbaycanın da adı var. Bu gün Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya dövlətləri arasında böyük qürur duyur. 1992-1993-cü illərdəki ictimai-siyasi proseslərə nəzər salan millət vəkili həmin dövrdə idarəçilik sistemindəki anarxiya və özbaşınalığın nəticəsi kimi respublikanın xəritədən silinmək təhlükəsi ilə üz-üzə qaldığını vurğuladı: "Belə bir zamanda Ulu Öndər xilaskarlıq missiyasını həyata keçirdi. Azərbaycanda baş verə biləcək vətəndaş müharibəsinin qarşısını alan Heydər Əliyev siyasi manevrləri ilə böyük xilaskarlıq missiyasını reallaşdıraraq, Azərbaycanın gələcək inkişafının təməlini qoymuş oldu. Xalqımızın ən yeni tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun, sözün həqiqi mənasında, Azərbaycanda tarixi hadisədir."
15 İyun Milli Qurtuluş Günü Azərbaycan tarixində azadlıq günü kimi qeyd olunduğunu diqqət çatdıran Milli Məclisin deputatı Rafael Cəbrayılov bu tarixi yaradan Ümummilli Lider Heydər Əliyevin ideyalarının daim bizimlə yaşadığını söylədi. O bildirdi ki, dünya siyasətinin tanınmış siması olan Ümummilli Lider Azərbaycanı vahid bir şəkildə birləşdirərək, öz parlaq zəkası sahəsində onun yaradıcısı və qurucusuna çevrilib, dövlətimizin gələcək inkişafının təməlini qoydu. Müasir dövrümüzdə Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi, O bildirdi ki, Ümummili Lider Heydər Əliyevin yaradıcısı və qurucusu olduğu YAP bu gün yarım milyondan çox üzvü özündə ehtiva edir və onun sıraları genişlənməkdədir. Təşkilat sədri vurğuladı ki, ənənəvi olaraq rayon təşkilatı dövlət əhəmiyyətli tədbirlərdə partiyaya üzv olmaq üçün müraciət edən gənclərə üzvlük vəsiqələri təqdim edir. Bu gün də ənənəyə sadiq olaraq partiyaya üzv olan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunacağını bildirdi. Sonra partiya sıralarına qəbul olunmuş gənclərə üzvülük vəsiqələri təqdim olundu.
Tədbirin sonunda Binəqədi gənclər və idman idarəsinin rəisi, rayon təşkilatının gənclər birliyinin sədri Qüdsi Bayramov çıxış edərək bildirdi ki, rayon ərazisində fəaliyyət göstərən tələbə-gənclər arasında 15 İyun- Milli Qurtuluş Günü münasibətilə "Tarixin şanlı səhifəsi" mövzusunda olimpiada keçirilmişdir. Onların sırasında ən yaxşıları seçilərək qalib olmuşlar. Elmi-praktik konfransda olimpiadanın qalibləri mükafatlandırıldı.
Mükafatlandırılma mərasimindən sonra "Müstəqillik yollarında" filmi nümayiş olundu.
Qeyd edim ki, 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Binəqədi rayon icra hakimiyyəti tərəfindən Corse Enesku parkında xalq artisti Alim Qasımovun iştirakı ilə bayram konserti təşkil olundu.
ZÜMRÜD BAYRAMOVA