Ümumilli Liderimiz Heydər Əliyev XX əsrdə Azərbaycanın yetirdiyi ən görkəmli düha, böyük tarixi şəxsiyyətdir. Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin formalaşmasında, inkişafında, dünya miqyasında tanınmasında rolu əvəzsizdir. \"Azərbaycanın müstəqilliyi Azərbaycan xalqının sərvətidir\" fikrini dönə-dönə vurğulayan Heydər Əliyev müasir dövlətimizin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində formalaşmasını bir zərurət kimi dəyərləndirib, müstəqilliyimizin tarixi köklərə, eyni zamanda, sivil, müasir, dünyəvi prinsiplərə, mütərəqqi bəşəri dəyərlərə söykəndiyini vurğulayıb.
Əbədiyaşarlıq haqqı
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illər xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə yönələn real hüquqi, siyasi və iqtisadi əsasların yaradılmasını, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsini, xalqın konstitusion hüquqlarına sahib çıxmasını, milli-mənəvi yüksəlişə nail olmasını, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran tarixi prosesi əhatələyir. Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri, məhz Heydər Əliyev hakmiyyəti dönəmində təkmilləşdirərək dayanıqlı, müstəqil dövlətini qurmuş, millət kimi mövcudluğunu, özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirib.
Ulu Öndərimiz ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaqla, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkib, uzaq hədəflərə hesablanmış inkişaf strategiyasını həyata keçirib. Tarixi təcrübə sübut edir ki, hər bir xalqın minilliklər boyu formalaşmış dövlətçilik ənənələrinin milli irs və düşüncə əsasında həyata vəsiqə alması üçün əlverişli siyasi mühitin mövcudluğu, polad, sarsılmaz iradənin olması mühüm şərtlərdir. Lakin mənən güclü və vətənpərvər Liderə malik olmayan xalqın belə siyasi şəraitdə real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması mümkün deyil. Bu baxımdan, zəruri tarixi şəraitdə önə çıxan fenomenal şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq haqqı qazanır, böyük tarixi missiyanın daşıyıcısına çevrilirlər.
Böyük xilaskarlıq missiyası
Ulu Öndər Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli məqamlarında xilaskarlıq mücəssəməsinə çevrilib, düz 19 il əvvəl xalqın təkidli tələbi ilə yenidən hakimiyyəti zirvəsinə qayıdaraq, Azərbaycanı parçalanmaq, bölünmək, bir dövlət kimi, məhv olmaq təhlükəsindən qurtarıb. Ulu Öndər möhtəşəm qayıdışı ilə Azərbaycanı böhrandan, tənəzzüldən, işğal təhlükəsindən xilas edib, Azərbaycanı davamlı tərəqqi, inkişaf yoluna çıxarıb. Heydər Əliyev nüfuzlu dövlət xadimi, görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl - Böyük Azərbaycanlı olduğunu öz əməli fəaliyyəti ilə təsdiqləyib, yüksək idarəçiliyi, milli dövlətiçiliyimizi, sivil, dünyəvi inkişafı üstün tutması ilə milyonların rəğbətini qazanıb, Azərbaycançılıq ideyasını milli, müstəqil dövlətçiliyimizin aparıcı xətti kimi önə çəkib: \"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam\".
Ümummilli Liderimiz Azərbaycana, azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz nurlu simasında bir araya gətirib. Böyük strateq Heydər Əliyev ideoloji baryerlərin son dərəcə sərtliklə işə düşdüyü keçmiş imperiya dövründə Azərbaycanın müstəqilliyi üçün iqtisadi-siyasi zəmin formalaşdırmağa çalışıb, milli ruhun yüksəlişinə xidmət edən bir sıra mühüm addımlar atıb. Ulu Öndərimiz bütün siyasi fəaliyyəti boyu böyük təzyiqlərlə, təqiblərlə üzləşsə də, heç nədən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənəsi və düşüncə tərzi barədə dolğun təsəvvürlər formalaşdıra bilib. O dövrdə repressiya qurbanlarına bəraət verilməsi istiqamətində gördüyü işlər də, məhz azərbaycançılıq məfkurəsinin güclənməsinə xidmət edib.
Azərbaycançılıq məfkurəsinin daşıyıcısı
Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən mühüm, əhəmiyyətli göstəricisi məhz Azərbaycançılıq məfkurəsinin hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsidir. Ulu Öndərimizin vətənpərvər fəaliyyətinin nəticəsi olaraq, ictimai şüurdakı istiqlal duyğuları aşkara çıxaraq, yeni məzmun kəsb edib, respublikada milli ruhlu ziyalı təbəqəsi formalaşıb. Məhz həmin dövrdə Azərbaycan tarixçiləri şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlayıblar.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin varlığını təsdiqləyən rəmzlərə və atributlara münasibəti hər zaman həssas olub. Hələ 1977-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi qəbul edilərkən Ulu Öndərimizin Azərbaycan dilinin bu ali sənəddə rəsmi dil kimi təsbitlənməsi sahəsində nümayiş etdirdiyi rəşadəti, əzmkarlığı xüsusi xatırlatmaq lazımdır. Bununla bağlı Kreml emissarlarının dəfələrlə Bakıya səfərlər edərək, Heydər Əliyevi fikrindən daşındırmağa səy göstərsələr də, buna nail ola bilməmişdilər. Ümummilli Liderimizin təşəbbüsü və köməyi ilə 70-ci illərdə nəşr olunmuş 3 cildlik \"Müasir Azərbaycan dili\" dərsliklərinə dövlət mükafatı verməsi də xalqın milli şüurunun formalaşmasına mühüm töhfə sayıla bilər.
Milli mədəniyyətə diqqət, tarixə böyük hörmət
Ulu Öndərin müdrik siyasəti sayəsində millətin minillər boyu yaşatdığı mənəvi dəyərlərə nihilist baxış tədricən aradan götürülməyə başlanıb, klassik ənənə ilə müasir ədəbi irs arasında yaranan ünsiyyət milli düşüncənin düzgün məcrada inkişafına səbəb olub. Xalqın milli düşüncə tərzinin formalaşmasında mühüm rolu olmuş tarixi şəxsiyyətləri qorumadan, onları xalqın yaddaşında yaşatmadan müasir ziyalıları, ictimai xadimləri də müdafiə etmək mümkün deyil.
Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Nəriman Nərimanov, Hüseyn Cavid, Cəfər Cabbarlı və yüzlərlə digər korifeyin adını əbədiləşdirməklə, əsərlərinin təkrar nəşrini təşkil etməklə, heykəllərini ucaltdırmaqla, muzeylərini yaratmaqla xalqın tarixinin, mədəniyyətinin, ədəbiyyatının yaşadılması, bütövlükdə, milli yaddaşın qorunub gələcək nəsillərə layiqli şəkildə çatdırılmasını nəzərdə tutub. Həmin dövrdə müxtəlif təzyiqlərə, təhdidlərə, qaragüruhçu qüvvələrin müqavimətinə məhəl qoymayaraq, qətiyyət nümayiş etdirən Heydər Əliyev qarşısına qoyduğu bir sıra ali məqsədlərə nail olub.
Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 70 illik yubileyini qeyd etmək, onun heykəlinin ucaldılması üçün Heydər Əliyev sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf edib. 1937-ci ildə repressiya qurbanı olan görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Azərbaycana gətirtmək üçün apardığı mübarizə də Ulu Öndərimizin milli irsə nə qədər sayğı və ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.
Elmə, təhsilə qayğı
Hər bir xalqın elminin, təhsil sisteminin inkişafı onun mənsub olduğu dövlətin apardığı kompleks işlərlə qırılmaz vəhdət təşkil edir. Heydər Əliyev zəkasının respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən müqəddəs izlərinə çevrilmişdir. Ümummilli Liderimiz Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində böyük müdrikliklə bəyan etmişdi ki, cəmiyyətin tərəqqisinə, mədəni-intellektual intibaha təsir göstərən ən qüdrətli vasitələrdən biri də elm və təhsildir.
Heydər Əliyevin Lider kimi, böyüklüyü məhz onda idi ki, bütün fəaliyyəti boyu bu sahələrə diqqət və qayğısını əsirgəməmiş, cəmiyyətin mütərəqqi ruhda inkişafına ciddi zəmin yaratmışdı. Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövrü-1969-1982-ci illər həm də Azərbaycan elminin, təhsilinin intibah dövrü kimi xatırlanır. Elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi, böyük hamisi olan Heydər Əliyev ziyalıya, alimə həmişə yüksək qiymət verib.
Böyük quruculuq işləri...
Bu, müasir, müstəqil, çiçəklənən Azərbaycan dövlətçiliyi üçün uğurlu zəmin yaradıb
Keçmiş Sovetlər Birliyinin iqtisadi-siyasi və ideoloji cəhətdən ən güclü dövründə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin vətənpərvər fəaliyyəti xalqımızda tarixi adət-ənənələrinə, dilinə, mədəniyyətinə bağlılığı gücləndirmiş, yaratdığı zəngin elmi və iqtisadi potensialla milli müstəqilliyə zəmin formalaşdırıb. Bu gün tarixçilər də Heydər Əliyev fenomeni ilə milli dövlətçilik ideyaları arasındakı bağlılığın köklərinin 40 il əvvələ təsadüf etdiyini bildirirlər. Ümummilli Liderimiz Heydər Əliyev hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə böyük strateq kimi dövlət müstəqilliyinə zəmin yaradan bir sıra tədbirləri həyata keçirib, bu istiqamətdə ciddi nailiyyətlər əldə edib. Bu mənada, həmin illərdə Azərbaycanda aparılan misli görünməmiş quruculuq işlərini dövlət müstəqilliyimizə təminat yaradan mühüm amillərdən biri kimi dəyərləndirilməlidir.
Ümummilli Lider Heydər Əliyev keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini yaxşı bilirdi, Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək, bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmağa səy göstərirdi. Bunu 1991-ci ilin dekabr ayında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri vəzifəsini tutan Heydər Əliyevin Türkiyənin \"Zaman\" qəzetinə verdiyi musahibədə söylədiyi fikirlər də təsdiqləyir: \"Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə edəcəklərini düşünürdüm. O illərdə Azərbaycanın da müstəqil bir müsəlman dövləti olmasını arzu edirdim. Məni istefaya getməyə məcbur edənlərin əsas məqsədləri də Azərbaycanın müstəqillik qazanmasının qarşısını almaq idi\".
Pozitiv siyasi harizma, yüksək idarəçilik keyfiyyətləri
Bu, uğurlu xilaskarlıq missiyası üçün başlıca şərtdir
Ulu Öndərimizin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Öz Liderinin müdrik, uzaq hədəflərə hesablanmış, qətiyyətli və çevik addımlar atmaq əzmindən yetərincə xəbərdar olan Azərbaycan xalqı ən çətin, mürəkkəb vəziyyətlərdə belə arxayın idi. Bu səbəbdən baş qaldıran təhlükələr, həyatın bu və digər mürəkkəblikləri, müxtəlif siyasi kombinasiyalar Heydər Əliyev şəxsiyyətinin əzəməti qarşısında son dərəcə bəsit görünürdü. Tale 1993-cü ildə Azərbaycanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda, xalqın yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də, məhz bu gerçəklikdən qaynaqlanırdı.
Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbindən sonra Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək, onun sürətli icrasına başlayıb. Üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə cəsarətlə sinə gərərək mübarizlik, əyilməz iradə, dəmir məntiq, özünəinam və siyasi uzaqgörənlik kimi fövqəlkeyfiyyətlərdən məharətlə bəhrələnən Heydər Əliyev xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarıb, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olub. Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni bir inkişaf modeli kimi özünü göstərir.
Siyasi sabitlik uğurlu inkişafın təməlidir
İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə insan hüquq və azadlıqlarının maksimum təminatına xüsusi diqqət yetirib. Ulu Öndərimiz özünəməxsus müdrikliklə bəyan edirdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən, xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə alıb, inkişafın milli strategiyasını başlıca hədəf kimi dəyərləndirib.
1993-cü ilin birinci yarısında ölkədə hakimiyyət böhranı dərinləşmiş, ictimai-siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərc-mərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması güclənmiş, qanunçuluq və hüquq qaydalarının təminatında ciddi problemlər yaranmışdı. Ulu Öndərimiz üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişlərinə mətinliklə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, dərin məntiq, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəl keyfiyyətlərindən məharətlə bəhrələnərək, xalqımızı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdu.
Hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması
Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə tam aradan qaldırılıb, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilib, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılıb. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaradıb. Ulu Öndərimiz Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlib.
Azərbaycana son 19 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlib. Məhz bu strategiya nəticəsində, Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də, məhz müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq, həyata keçirilməsi olub. 1994-cü ilin 20 sentyabrında \"Əsrin müqaviləsi\"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür.
\"Səs\" Analitik Qrupu