Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Cəmiyyəti tərəfindən Dubayda konfrans təşkil edilib. Toplantı keçirilən salonun foyesində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablardan, fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Toplantıda çıxış edən Azərbaycan Cəmiyyətinin sədri Samir İmanov Qurtuluş Günü münasibətilə dünyanın bir sıra ölkələrində "15 iyun - Qurtuluş" adı altında konfrans, bayram tədbirlərinin keçirilməsindən, Milli Qurtuluş Gününün tarixindən, Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasındakı rolundan, iqtisadi yüksəlişin başlanmasından və əhalinin rifah halının yaxşılaşmasından bəhs edib.
Dubay hökumətinin rəsmi mətbu orqanı olan "əl-Bəyan" qəzetinin tədbirdə iştirak edən əməkdaşı "Azərbaycan Milli Qurtuluş Gününü bayram edir" sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycanın ötən əsrin 90-cı illlərinin əvvəllərində öz tarixinin ən çətin mərhələsini yaşadığını qeyd edən müəllif həmin dövrdə respublikanın üç istiqamətdə döyüşdüyünü qeyd edib. "Sovet İttifaqından tam azad olaraq müstəqillik əldə etmə, erməni işğalına müqavimət və vətəndaş münaqişəsi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni bütün bu problemlərdən qurtardı və dövlətiçiliyin dağılmasının qarşısını aldı" - deyə məqalədə qeyd olunub.
Qəzet daha sonra yazır ki, BƏƏ-dəki Azərbaycan diasporu da ölkəsilə həmrəylik nümayiş etdirərək, son illər ərzində böyük nailiyyətlər əldə etmiş Azərbaycanın milli bayramını təntənə ilə qeyd edib: "BƏƏ-dəki Azərbaycan diasporunun bayram münasibətilə təşkil etdiyi konfransda vurğulanıb ki, Azərbaycan 21 il əvvəl müstəqilliyini əldə etdikdən sonra həyatın müxtəlif sahələrində böyük nailiyyətlər əldə etmişdir. Belə ki, iqtisadi sahədə dünyada öz xüsusi yerini tutmuş, regional və dünya miqyasında öz siyasi çəkisini artırmış və mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etmişdir".
"Əl-Bəyan" qəzeti Samir İmanovun konfransda etdiyi çıxışına istinadən daha sonra hazırda Azərbaycanın beynəlxalq hüququn suverenliyə hörmət, dövlətlərin ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq kimi prinsiplərini rəhbər tutaraq, xarici siyasət yeritdiyini bildirmişdir. Azərbaycanın regional və beynəlxalq səviyyədə öz rolunu dərinləşdirdiyini qeyd edən müəllif hazırda ölkənin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının və Müstəqil Dövlətlər Birliyinin fəal üzvü olduğunu yazmışdır. "Azərbaycan ölkəsində müxtəlif dinlər və xalqlar arasında dialoqun mövcud olması və eləcə də, multi-mədəniyyətli ictimaiyyətin dinc və birgə yaşayışını təmin edən unikal təcrübəsi ilə fəxr edir. May ayında Azərbaycan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsini keçirməklə, ölkəsinin mədəniyyət və dini tolerantlıq üzrə beynəlxalq sertifikata malik olduğunu dünyaya numayiş etdirmişdir", - deyə "Əl-Bəyan" qəzeti qeyd edir.
NƏZAKƏT