Türkiyənin nüfuzlu "Hürriyet" qəzetində Demet Cengiz Bilginin müəllifi olduğu "Azərbaycan 5 ildə gəlirini 6 dəfə artırmışdır" başlıqlı geniş məqalə dərc olunub. Məqalədə müəllif qeyd edir ki, Azərbaycanın birinci xanımı xalqın böyük sevgisini qazanmışdır və azərbaycanlılar Mehriban xanım Əliyevanın şəhərsalma və quruculuq işləri sahəsindəki zövqündən məmnundurlar. Bunun ən böyük örnəyi "Baku Crystall Hall", "Alov qüllələri" və Heydər Əliyev Mərkəzinin insanı heyran edən gözəllikləridir.
"Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi edərək, yüksək təşkilatçılığı və qonaqpərvərliyi ilə dünyanı heyran qoyan Azərbaycan 5 ildə milli gəlirini 12,5 milyard dollardan 64 milyard dollara çatdırmışdır. Qeyri-neft sektorunun inkişafı strategiyasını da mənimsəyən ölkədə adambaşına düşən milli gəlir 2005-ci ildəki 1500 dollardan bu gün 7000 dollara yüksəlmişdir.
Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığından da bəhs edən müəllif hazırda Türkiyənin ölkəmizə məhsul ixracının həcmi 2 milyard dollar, idxal isə 1,3 milyard dollar təşkil etdiyinə diqqət çəkmişdir. Beləliklə, hazırda Türkiyə Azərbaycana ən çox mal ixrac edən ölkə olmuşdur.
Azərbaycanda gedən sürətli və davamlı quruculuq işlərindən də bəhs olunan məqalədə mindən çox Türkiyə şirkətinin Bakı və regionlarda aparılan inşaat işlərində iştirak etdiyi bildirilmişdir.
Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Qazi Bilginin "bu ölkə inanılmaz sürətlə inkişaf edir" fikirlərinə də yer verən müəllif onu da vurğulayır ki, Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına daha çox sərmayə qoymalıdırlar.
NƏZAKƏT