Ağcabədi rayonunda 15 İyun Milli Qurtuluş Gününün silsilə tədbirlərlə qeyd olunması artıq bir ənənə halını almışdır. Bayram ərəfəsində rayon mərkəzində Milli Olimpiya Kompleksinin təməlqoyma, rayonun Hindarx qəsəbəsində krantlaşma vasitəsilə 250 evin içməli suya olan tələbatını ödəyən artezian quyusunun açılış mərasimləri keçirildi. Belə tədbirlərdən biri də YAP Ağcabədi rayon təşkilatının inzibati binasının təməlqoyma mərasimi oldu.
Mərasim iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə tər çiçək dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər. Mərasimi giriş sözü ilə Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP siyasi Şurasının üzvü Şahin Məmmədov açaraq, bildirdi ki, Milli Qurtuluş Günü həm də Azərbaycan xalqının müstəqilliyinin qorunması kimi yadda qalan qürurlu tarixdir: "Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası bu qürurlu tarixə bağlıdır. Məhz sevindirici haldır ki, möhtəşəm bayram ərəfəsində Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının yeni inzibati binasının təməlqoyma mərasimi keçirilir. Bu, həm də Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının regionlarda uğurlu fəaliyyətinin məntiqi nəticəsidir".
Mərasimdə Milli Məclisin Aqrar Komitəsinin sədri Eldar İbrahimov çıxış edərək, Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin xalqımızın və dövlətçiliyimizin qarşısındakı misilsiz xidmətləri barədə fikrini söyləmişdir: "Respublikada, o cümlədən, Ağcabədi rayonunda sosial-iqdisadi inkişaf sahəsində mühüm işlər görülməkdədir. O cümlədən, Ağcabədi rayonunda ardıcıl olaraq quruculluq işləri aparılır, əhalinin yaşayış səviyyəsi yüksəldilir. Təbii ki, bütün bunlar Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasətidir. Mən bununla bağlı bütün Ağcabədi YAP-çılarını səmimi qəlbədən təbrik edirəm".
YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev çıxış edərək, YAP Ağcabədi rayon təşkilatının yaranması və fəaliyyəti barədə qısa məlumat vermiş, təşkilatın yeni inzibati binasının tikilməsi münasibətilə işin təşkilatçılarına öz minnətdarlığını bildirmiş, mərasim iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.
Təməlqoyma mərasimində millət vəkilləri Hüseynbala Mirələmov və Tahir Rzayev, YAP Mərkəzi Aparatın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, YAP Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim qonaqlar tərəfindən simvolik düymənin basılması ilə sirena səsləri altında hazırlanmış kotlavinaya beton tökülməsi ilə başa çatıbdır.
Sonra Ağcabədi rayonundakı Heydər Əliyev adına Parkda 15 İyun Milli Qurtuluş Günü münasibətilə böyük bayram şənliyi və atəşfəşanlıq təşkil edilmişdir.
RƏFİQƏ HÜSEYNOVA