Ağstafa rayonunda 15 İyun Milli Qurtuluş Günü ilə bağlı möhtəşəm bayram tədbirləri keçirilib. İlk olaraq tədbir iştirakçıları rayonun mərkəzində əbədiyaşar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
YAP Ağstafa rayon təşkilatının fəal gənclərinin və Ağstafa rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı olan Qurtuluş Günü Azərbaycanın milli müstəqilliyini, suverenliyini əbədiləşdirən tarix olduğunu söylədi. M.Quliyev dövlətçiliyimizin müasir tarixi üçün əlamətdar olan Qurtuluş Gününün əhəmiyyəti barədə danışdı. Bildirdi ki, Milli Qurtuluş Günü kimi qeyd olunan bu tarix həqiqətən bir xalqın azadlığa qovuşması ilə əlamətdardır: "Xalqını ən mütərəqqi həyat tərzi keçirən dövlətlər səviyyəsinə qaldırmaq üçün Ulu Öndər Heydər Əliyevin xidmətləri barədə danışmaq üçün qərinələr lazımdır. Çünki Ümummilli Lider Heydər Əliyevin həyatının hər saatının Azərbaycanın gələcəyi naminə hesablanmış ideyalarla zəngin illərdir".
M.Quliyüev onu da söylədi ki, Azərbaycanın rəsmən qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə dayandığı bir zamanda hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikanı xəritədən silinmək təhlükəsindən qurtaran xilaskar kimi xalqın imdadına çatdı. Rayon təşkilatının sədri, həmçinin, Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərdən bəhs edərək, tarix, cəmiyyət üçün yaranmış müdrik və zəka sahibinin əvəzsiz əməllərindən söhbət açdı. Qeyd etdi ki, Ulu Öndər yalnız yaşadığı dövr üçün xarakterik olan vəzifələri deyil, bir neçə onilliklər üçün inkişaf strategiyasını planlaşdıran şəxsiyyət olmuşdur.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin baş elmi işçisi Layiq Qələndarov, 2 saylı orta məktəbin müəllimi Sevda Əliyeva və başqaları Ulu Öndərimiz Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs etdilər.
Tədbir rayonun Heydər Əliyev adına Parkında incəsənət ustalarının konsert proqramı ilə davam etdi.
RƏFİQƏ HÜSEYNOVA