Gələcəyimiz olan uşaqların sağlam, vətənpərvər ruhda böyüməsi hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, 2012-ci ilin \"İdman ili\" elan olunması ölkədə idmana olan qayğı və diqqətin bariz nümunəsi olmuşdur. \"İdman ili\" çərçivəsində Səbail rayonunda keçirilən tədbirlər çərçivəsində rayonun 39 saylı uşaq bağçasında \"Şən startlar\" adlı əyləncəli bədii-idman tədbiri keçirilib. Ötən il \"Abad həyət\" layihəsinə əsasən Səbail RİH-in daxili imkanları hesabına əsaslı təmir olunmuş Ü.Hacıbəyov küçəsi 45 ünvanda yerləşən həyətdəki süni örtüklü stadionda təşkil olunmuş tədbiri açan 39 saylı bağçanın müdirəsi Rəhilə Məmmədova tədbirdə iştirak edən uşaqları, onların valideynlərini və qonaqları salamlayaraq, tədbirin mahiyyəti barədə məlumat verib.
İdman bayramında Səbail rayon icra hakimiyyətinin birinci müavini Xalidə Bayramova çıxış edərək, bildirib ki, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən gənc nəslə, onun sağlam böyüməsinə qayğı hər zaman diqqət mərkəzində olub: \"Ulu Öndərimiz Heydər Əliyevin gənclərin idmanla məşğul olmalarını hər zaman dəstəkləmiş, idmançıların beynəlxalq yarışlarda uğur qazanmaları üçün çox işlər görmüşdür. Ulu Öndərin davamçısı Prezident İlham Əliyevin hazırda həyata keçirdiyi uğurlu siyasət Azərbaycanı dünyanın lider dövlətlərindən birinə çevirib. Paytaxt Bakı və bölgələrdə inşa edilərək, idmançılarımızın ixtiyarına verilən müasir Olimpiya İdman kompleksləri, müxtəlif idman arenaları və bazalar ölkədə həyata keçirilən nəhəng infrastruktur bazası yaradılması siyasətinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Qısa müddət ərzində 30-dan çox müasir Olimpiya İdman Kompleksi inşa edilərək, idmançılarımızın ixtiyarına verilib. Bu diqqətin bariz nümunəsidir ki, idmançılarımız hər il müxtəlif beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak edərək, vətənə medallarla qayıdırlar\".
X.Bayramova rayonda uşaqların idmanla məşğul olması üçün RİH tərəfindən bir sıra tədbirlər barədə də məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra bədii-idman tədbirinə start verilib. Müxtəlif idman nömrələri ilə çıxış ediblər. Gənc akrobatların və gimnastların ifasında idman təmrinləri, məzhəkəli güləş yarışı nümayiş etdirilib, şən və əyləncəli müsiqilərin müşayiəti ilə müxtəlif idman rəqsləri göstərilib. Eyni zamanda, uşaqların ifa etdikləri mahnılar bayramı maraqlı və rəngarəng edibdir.
RƏFİQƏ