Azərbaycanın ictimai, mədəni həyatında önəmli rol oynayan və ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Heydər Əliyev Fondu fəaliyyətdə olduğu zamandan başlayaraq iri miqyaslı layihələri ilə beynəlxalq aləmin diqqətini cəlb edib. Dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən fondun nümayəndəlikləri də bu istiqamətdə müəyyənləşmiş fəaliyyəti ilə Azərbaycandan dünyaya qapı açaraq, beynəlxalq aləmin diqqətini ölkə raellıqlarına cəmləşdirir. Bu baxımdan fondun Rusiyadakı nümayəndəliyi təhsil, səhiyyə, mədəniyyət, idman, sosial sahədə anoloji layihələri Rusiya Federasiyasında həyata keçirir. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva bir sıra layihələri ilə dünya ictimaiyyətinin diqqətini Azərbaycan həqiqətlərinə yönəldərək, əhəmiyyətli missiyanı həyata keçirir. \"Təhsilin dəstəklənməsi\" layihəsi çərçivəsində mütəmadi olaraq məktəblərə, uşaq evlərinə səfərlər edir, eləcə də, xəstə, yetim uşaqlara daim qayğı göstərir və müxtəlif xeyriyyəçilik aksiyalarını reallaşdırır.
Leyla xanım Əliyeva Rusiyadakı Azərbaycan diasporu ilə əlaqələrin genişləndirilməsinə önəm yetirir. O cümlədən, Rusiyadakı azərbaycanlı gənclərin sıx birləşməsinə və onların Rusiya cəmiyyətinə inteqrasiya etməsinə, azərbaycanlı gənclərin Rusiyanın ictimai-siyasi həyatında rolunun və nüfuzunun artmasına, Azərbaycanın bugünkü reallıqlarının Rusiya ictimaiyyətinə çatdırılmasına, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. Azərbaycanın dünyada daha geniş tanınması və təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr milli dəyərlərimizin təbliği baxımından əhəmiyyətlidir. Heydər Əliyev Fondunun layihələrinin sayının artması nümayəndəliyin fəaliyyətini daha da genişləndirir.
Bu gün Leyla xanım Əliyeva RAGT-ın rəhbəri olaraq onun coğrafiyasını genişləndirib. Yetkin və çox fəal təşkilat olan RAGT Rusiyanın 70-dən çox regionunu əhatə edir. Moskvanın 25-dən çox ali məktəbində azərbaycanlı tələbə klubları yaradılıb. Təşkilatın qarşısında qoyulmuş əsas vəzifə Rusiyanın azərbaycanlı gənclərini və onların dostlarını sıx birləşdirir. Bu gün təşkilat Rusiyanın azərbaycanlı gənclərinin hərəkətverici qüvvəsinə çevrilib. Son illərdə RAGT-ın təşəbbüsü ilə \"Qanın milləti yoxdur!\", \"Sağlam olduğunu yəqin et, xəstəliyə \"yox\" de!\", pulsuz müayinə aksiyasını reallaşdırmaqla toplanmış vəsaiti onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldir.
Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirməyə yönəlmiş könüllü və hamı üçün açıq olan ictimai təşkilat olan RAGT gənclərdə vətənpərvərlik duyğuları, eyni zamanda, milliyyətindən, yaşından, dini əqidə və başqa fərqlərdən asılı olmayaraq, bütün insanlara münasibətdə dözümlülük tərbiyə edir. Leyla xanım Əliyeva müsahibələrinin birində dediyi kimi: \"Öz milli mədəniyyətini, dilini, adət-ənənələrini qoruyub saxlamaq problemi Rusiyada yaşayan həmvətənlərimiz, xüsusən də, gənclər üçün çox aktualdır. Rusiya ali məktəbləri nəzdində yaradılmış azərbaycanlı gənclər klubları və onların bazasında formalaşmış RAGT bu məsələlərin həllinə kömək edir\".
Gənc azərbaycanlıların yaşadığı, təhsil aldığı, işlədiyi çoxmillətli Rusiyanın reallıqlarına inteqrasiya olunmasına kömək etmək RAGT-nin fəaliyyətinin prioritet istiqamətidir. RAGT azərbaycanlı gəncləri sıx birləşdirən, onların cəmiyyətdə layiqli yer tutmasına, hətta Azərbaycanın hüdudlarından kənarda da Vətən üçün faydalı insanlar olmasına kömək göstərən qurum kimi nüfuz qazanıb.
Bütün bu reallıqlarla yanaşı, Leyla xanım Əliyeva İslam Əməkdaşlıq Təşkilatının mədəniyyətlərarası dialoq üzrə gənclər forumunun baş əlaqələndiricisi olaraq forumun strukturunun möhkəmlənməsinə nail olub. Azərbaycan gəncləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan gənclər ölkələr arasında coğrafi əhatəsinə görə ən fəal gənclərdir. Gənclər Forumundakı fəaliyyət kontekstində Bakıda Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatının birinci qurultayının keçirilməsini Leyla xanımın şaxəli fəaliyyəti kimi qiymətləndirmək olar. Gənclər Forumu dünyada ən fəal gənclik qurumlarından biridir və şübhəsiz, qlobal ekoloji təşəbbüslərdə, o cümlədən, İDEA layihəsində çox fəal iştirak edir. Forum çərçivəsində \"10 gənc müsəlman\" mükafatı təsis edilib. Bu mükafat gənc nəslin yaradıcı və maraqlı ideyalarının populyarlaşdırılmasına töhfə olmaqla yanaşı, islam dünyasının gəncləri arasında fəallığı da stimullaşdırır.
Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması diqqtədə olan məslərdəndir. Leyla xanımın İDEA layihəsi müasir dövrün çağırışlarına cavab təşəbbüsü olaraq irəli sürülüb. İDEA qlobal gənclik ekoloji kampaniyasıdır.
Leyla xanım bugünkü gənclərin diqqətini dünyanı narahat edən məsələlərə cəmləşdirib. \"Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?!\" - deyən Leyla Əliyeva gəncləri planetimizə görə məsuliyyətli olmağa, bioloji müxtəlifliyi, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısını qorunub saxlanmasına səsləyir.
Leyla xanım Əliyevanın ölkəmizdən kənarda şaxəli fəaliyyəti Azərbaycan həqiqətlərinin yayılmasına, onun tarixinin, mədəniyyətinin təbliğinə yönəlməklə yanaşı, Azərbaycan gənclərinin bilik və potensialının dünya ictimaiyyətinə təqdimində əhəmiyyətlidir.
NƏZAKƏT ƏLƏDDİNQIZI