ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri ilə bağlı münasibət bildirən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, gözləntilərimiz aydındır: \"İstəyimiz Azərbaycan ərazilərinin işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasıdır. Həmsədrlər regiona dəfələrlə səfər ediblər və bu səfərlərin sayı o qədər çoxdur ki, xalq arasında buna \"turist\" səfərləri adı da verilib. Biz onların regiona səfərinə etiraz etmirik, çünki onlar münaqişənin həlli kimi missiyanı qarşılarına məqsəd qoyublar. Lakin təəssüf ki, edilən çoxsaylı səfərlər bu günə kimi münaqişənin nizama salınmasına əhəmiyyətli təsir göstərməyib\".
Ə.Əhmədov vurğulayıb ki, əhəmiyyətli təsir dedikdə, biz münaqişənin sona yetməsini, Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını nəzərdə tuturuq: \"Bunu həll etməkdən ötrü ilkin addım olaraq həmsədrlərin təcavüzkarı açıq şəkildə göstərmələri və ondan Azərbaycan torpaqlarını azad etməsini şərt olaraq qarşıya qoymaqdan ibarətdir. Əgər bu şərtlərə əməl edilməsə münaqişənin nizama salınması üçün həmsədrlərin atdığı addımlar bundan sonra da öz nəticəsini verməyəcək\".
Rəfiqə