Dünən "Hilton" otelində iki gün davam edən Asiya qitəsinin 17 ölkəsindən 49 nümayəndənin iştirak etdiyi Asiya Siyasi Partiyalarınının Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci iclası öz işinə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov konfrans iştirakçılarını salamlayaraq, iclasda əhəmiyyətli müzakirələrin aparılacağını, vacib qərarların qəbul olunacağını bildirdi: "İnanıram ki, qəbul etdiyimiz qərarlar Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransın gələcək fəaliyyətinin daha da təkmilləşdirilməsinə öz böyük töhfəsini verə biləcək. Qurumun 17-ci iclasının Bakıda keçirilməsindən böyük məmnunluğmuzu ifadə edirəm. İclasın ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi ilə bağlı Daimi Komitəyə, qurumun rəhbərliyinə və katibliyinə öz minnətdarlığımızı bildiririk. Eyni zamanda, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının cari ilin noyabr ayında Bakıda keçirilməsi haqqında da çox əhəmiyyətli qərar qəbul edilib. Hesab edirəm ki, qurum bütövlükdə Asiya ölkələrində həmrəyliyin, barışın, əməkdaşlığın əldə olunmasında əhəmiyyətli rol oynayır və bu prosesə çox önəmli töhfə verir. Əmin etmək istəyirəm ki, VII Baş Assambleya Bakıda yüksək səviyyədə keçiriləcək. Bugünkü konfrans iştirakçılarının bəzilərinin Azərbaycanda ilk dəfə olduğunu nəzərə alsaq, onlarda ölkəmiz haqqında dolğun təsəvvürün yaranmasında belə tədbirlərin əhəmiyyəti aydın görünür. Güman edirəm ki, bu, Asiyada əməkdaşlığın və anlaşmanın daha da inkişaf etməsinə öz töhfəsini verə biləcək".
Əli Əhmədov onu da bildirdi ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı böyük və əhəmiyyətli missiyanı yerinə yetirməkdədir: "Keçirilən tədbirlər Asiya ölkələri arasında əməkdaşlığın, anlaşmanın əldə edilməsinə çox böyük töhfə verməkdədir. Eyni zamanda, bu istiqamətdə səylərin artırılmasına da ciddi ehtiyacın olduğunu vurğulamaq istərdim. Ən böyük regionun və ən çox sayda insanların yaşadığı bölgənin, ölkələrin və xalqların arasında əməkdaşlığa, daha da yaxınlaşmağa böyük ehtiyac duyulur. Asiya regionu kontraslarla zəngindir. Burada çox yüksək inkişaf, eyni zamanda, inkişafın zəifliyi ilə, böyük zənginlik kasıblıqla, sabitlik, əmin-amanlıq qeyri-sabitliklə, sülh müharibələrlə bir yerdə mövcuddur. Ona görə də bu ölkələrin xalqları arasında əməkdaşlığın möhkəmlənməsinə böyük zərurət var. Hesab edirəm ki, bu əməkdaşlıq Asiya birliyi anlayışının formalaşmasına və onun gerçəkliyə çevrilməsinə doğru öz səylərini artırmalı, dəstəyini gücləndirməlidir".
YAP Sədrinin müavini Əli Əhmədov vurğuladı ki, Asiyada sürətli iqtisadi inkişaf dünyada bu qitənin əhəmiyyətini artırmaqdadır: "Amma təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu iqtisadi inkişaf və potensial dünyanın siyasi taleyinin həll olunmasına hələ öz əhəmiyyətli təsirini göstərə bilmir. Xalqlar öz ölkələrinin və özlərinin taleyini həll etmək məntiqini çoxdan dərk ediblər. Görünür, bir məntiqi də dərk etməyə ehtiyac var. Regionların da taleyini o regionun xalqları həll etməlidirlər. Belə olmadıqda, o regionda xalqların, bəzi hallarda dövlətlərin taleyini həmin bölgəyə aid olmayan qüvvələr həll edirlər. Buna kifayət qədər misallar gətirmək mümkündür. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu misalların əksəriyyəti bir çox hallarda Asiya regionuna aid olur. Sonu görünməyən münaqişələr, savaşlar, insanların tələf olması, qanların tökülməsi, iqtisadiyyatın dağılması bəlkə də regiona aid olmayan qüvvələrin bu bölgənin taleyini həll etmək səyləri ilə də əlaqədardır".
Əli Əhmədov, həmçinin, onu da bildirdi ki, Asiya əməkdaşlığı Asiya birliyi formatına gəlsəydi və bu təsisatlanmış, institusonal xarakter almış olsaydı, güman edirəm ki, bu regionun ayrı-ayrı dövlətlərində, ayrı-ayrı xalqların taleyində özünü göstərən problemlər, münaqişələr də region tərəfindən öz həllini tapardı: "Bu fikirləri bu səbəbdən qeyd edirəm ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı öz üzərinə götürdüyü missiyanı yerinə yetirdikcə və bu istiqamətdə səyləri artdıqca, Asiya birliyi anlayışı daha da güclənir və bundan sonra da güclənəcək. Bu, konkret formada öz təzahürünü tapmağa ehtiyac duyacaq. Gələcək zamanlarda daha qətiyyətlə və predmetli əsasda Asiya birliyi haqqında, Asiya parlamentlərinin assosiasiyası və yaxud birliyi haqqında söhbətlər apara biləcəyik. Hesab edirəm ki, bugünkü toplantıda əhəmiyyətli məsələlər ətrafında geniş müzakirələr aparılacaq".
YAP Sədrinin müavini-İcra katibi bir daha məmnunluq hissi ilə qeyd edərək bildirdi ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı həmişə Azərbaycanın ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətini bildirərək, açıq şəkildə mövqeyini bəyan edib: "Güman edirəm ki, növbəti Baş Assambleyada da qəbul olunan qətnamədə qurum Dağlıq Qarabağ problemi ilə əlaqədar özünün əhəmiyyətli mövqeyini bir daha ortaya qoyacaq".
İclasda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının təsisçisi və həmsədri Xose de Venesia da çıxış edərək, qurumun fəaliyyəti, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın bugünkü səviyyəsi və gələcək perspektivləri barədə danışdı.
YAP beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev çıxışında bildirdi ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına Asiyda yerləşən 330 partiya daxildir. Bu qurumu Daimi Komitə idarə edir. Daimi Komitənin 20 üzvü var. Onların ikisi həmsədrlərdir: "Bunlardan biri müxtəlif vaxtlarda 5 dəfə Filippinin Nümayəndələr Palatasına spikerlik etmiş Xose de Venesia, digəri isə Koreyada vaxtilə xarici işlər nazirinin müavini olmuş Çunq Yu Yonqdur. Onlardan əlavə quruma 18 partiya daxildir. Nəzərə alsaq ki, 330 partiyanı 18 partiya idarə edir. Bu partiylardan biri də ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasıdır. Bu, partiyanın nüfuzu haqqında aydın təsəvvür yaradır. Bu gün Bakıda Daimi Komitənin 17-ci iclası keçirilir. İki gün davam edəcək iclasda müxtəlif məsələlər müzakirə olunacaq. Əsas məsələ odur ki, təşkilatın VII Baş Assambleyası noyabrda Bakıda keçiriləcək. Baş Assambleyaya təxminən 400-dən artıq qonağın qatılacağı gözlənilir. Bu, böyük siyasi hadisə olacaq. Daimi Komitənin 17-ci iclasında da bu məsələ əsas müzakirə mövzusu olacaq. Təbii ki, Baş Assambleyada bəyanat qəbul ediləcək".
A.Hacıyev bundan əvvəl keçirilən qurumun Baş Assableyalarının bir neçəsində bəyanatın qəbul edildiyini vurğuladı: "Həmin sənədlərdə Azərbaycanın ən mühüm problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz əksini tapıb. Bu ilin mayında Şərqi Timurda üç təşkilatın birgə toplantısı keçirildi. Bunlar Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı, Asiya, Sakit okean hövzəsində yerləşən Mərkəzi Demokratlar Təşkilatı və Asiyada fəaliyyət göstərən ekologiya sahəsinə dair təşkilat idi. Qəbul olunan bəyanatda Cənubi Qafqaz regionunda vəziyyət xüsusi qeyd olunmuşdur. Həmin bəyanatda aydın şəkildə bildirilmişdir ki, Dağlıq Qarabağ problemi sülh yolu ilə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında öz həllini tapmalıdır. Dövlət başçısı İlham Əliyevin, eyni zamanda, Onun Sədri olduğu Yeni Azərbaycan Partiyasının siyasi, sosial, iqtisadi və demokratiya sahəsində gördüyü işlər yüksək qiymətləndirilmişdir".
A.Hacıyev bildirdi ki, konfransda digər məsələlər də müzakirə olunacaq: "Qurumun yeni qanadlarının yaradılması gündəlikdədir. Bura gənclər, qadın siyasətçiləri qanadı, eyni zamanda, fövqəladə hallar üçün yaradılması nəzərdə tutulan tibb forum da daxildir. Təşkilatın media forumunun yaradılması da müzakirə ediləcək".
RƏFİQƏ KAMALQIZI