Humanist, xeyriyyəçi layihələrilə dünya miqyasında tanınan və birmənalı olaraq, belə aksiyaların təşəbbüskarı kimi nüfuz qazanan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti, genişmiqyaslı layihələri ilə beynəlxalq aləmdə əks-səda doğurub. Təkcə Azərbaycanda deyil, bir sıra məkanlarda geniş aksiyalar həyata keçirir. Heydər Əliyev Fondunun humanitar və mədəni tədbirləri həyata keçirməsi artıq hər kəsə bəlli olan həqiqətdir.
Müasir dövrümüzdə Heydər Əliyev Fondu nəinki Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük əhəmiyyət verir. Fondun layihələri sırasında \"Azərbaycan - tolerantlığın ünvanı\" layihəsi maraq doğuran və əhəmiyyətli tədbirləri sırasındadır. Bu layihə çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib, Azərbaycanda yaşayan yəhudi uşaqları üçün məktəb və mədəni mərkəz inşa olunub. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpasında, bir sıra digər layihələrdə də təşəbbüskar olaraq iştirak edib. Bütün bunlar Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə ehtiva edir. Əsrlər boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan bütün millətlərə, dinlərə, mədəniyyətlərə böyük hörmətlə yanaşır. Mehriban xanım Əliyeva, müsahibələrinin birində dediyi kimi, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi-mədəni abidələrin bərpasında iştirak etmir, eyni zamanda, ümumdünya əhəmiyyətli abidələri bərpa edir. Bu, fondun həyata keçirdiyi mühüm siyasətidir.
Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi katakombaların bərpasına dair ikitərəfli Sazişin imzalanması da elə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr sırasında böyük əhəmiyyətə malikdir. İmzalanan sənəd dinlər və mədəniyyətlərarası dialoqun parlaq nümunəsidir və İtaliya mətbuatında geniş əks-səda doğurub.
Vatikanın mədəniyyət naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri kardinal Can-Franko Ravazi bu səfərinə və Roma katakombalarının bərpası ilə bağlı layihənin reallaşmasına verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Ölkələr arasındakı əlaqələrin əhəmiyyətinə toxunan kardinal bu günə qədər dövlətlər arasında olan əməkdaşlığın məntiqi olaraq Azərbaycanın açıq ölkə olduğunu göstəridiyini diqqətə çatdırıb.
Sənədlərin imzalanma mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva isə bu görüşdən məmnunluq duyduğunu deyərək, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrin əhəmiyyətini diqqətə çatdırıb. O, ölkələr arasında 20 ili tamam diplomatik əlaqələrinin gündən-günə inkişaf etdiyini və Azərbaycanın bu əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib. \"Biz diplomatik əlaqələrimizin 20-ci ildönümünü Vatikanda xüsusi mərasimlə qeyd edəcəyik və təşkil olunacaq böyük sərgi Azərbaycan mədəniyyətinin nümunələrini izləyənləri yenə də heyran qoyacaqdır\", - deyən Azərbaycanın birinci xanımı bu tədbirin Heydər Əliyev Fondu və Vatikanın təşəbbüsü ilə reallaşacağını vurğulayıb.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının katibi Covanni KARRU bu layihənin həyata keçirilməsinə Azərbaycan tərəfindən atılan bu addımı yüksək qiymətləndirib. Aparılacaq bərpa işləri Roma bədii irsinin ən gözəl nümunələri olan katakombaların əhəmiyyətini artıracaqdır.
Qeyd edək ki, Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakomba arasında Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və Lavikano küçəsində yerləşir. Romanın belə nüfuzlu arxeoloji abidəsinin bərpasına töhfəsini vermək qərarına gələn Heydər Əliyev Fondu tarixi missiyasını həyata keçirir. Bərpa olunacaq əsərlər arasında Orfeyi əks etdirən şəkil də vardır. Bildiyiniz kimi, Orfey tarixdə xüsusi iz qoymuş bir şəxsiyyət olub. O, hətta müəyyən xəstəliklərdən əziyyət çəkən heyvanları öz hikməti ilə sağaldırdı. Fondun atdığı xeyirxah addım nəticəsində Orfeyin çox ahəngdar melodiyası bizim hamımız üçün bir daha səslənəcəkdir. Orfey tarixi dövrlərdən başlayaraq, insanlar arasında daha geniş, daha əhatəli dialoqun qurulmasına çalışırdı. Beləliklə, o, fikir və idraki ideyaların, inamın tarixini göz qabağında bir daha canlandırırdı. Bu da məhz Romada mövcud olan polietnik və çoxdinli mühiti lap ilkin vaxtlardan əks etdirirdi.
Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının sədri, kardinal Can-Franko RAVAZİ isə Heydər Əliyev Fondunun əməyi sayəsində baş tutacaq bu hadisəni müsəlman dünyasının xristian aləminə hədiyyəsi kimi xarakterizə edərək, rəmzi əhəmiyyət daşıdığını bildirib. Bir tərəfdən ölkələr arasında mövcud olan əməkdaşlığın, digər tərəfdən isə bu abidənin yunan, Roma və xristian mədəniyyətlərinin bir-birinə qovuşmasını özündə əks etdirir. \"Bu addımın atılması xristian aləminin mühüm abidəsinə müsəlman dünyasının töhfəsidir\"-deyən Can-Franko RAVAZİ bu hadisəni Roma şəhərində, ümumiyyətlə, Romanın müsəlman ölkəsində fəaliyyət göstərən Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti, mənəvi dəyərləri, onun mədəniyyətinin daha da yaxşı şəkildə parlamasına öz töhfəsini verdiyini bildirib. Bundan sonra azərbaycanlılar da Romaya səfər edərkən, nəinki bu şəhərin gözəlliyini, həmçinin, öz ölkələrinin dəstəyi ilə bərpa edilən mühüm bir abidəni görmək imkanına malik olacaqlar.
Qeyd edək ki, bu il dövlətlər arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü qeyd olunur. Ötən illər ərzində dövlətlərimiz arasında olduqca sıx və çoxşaxəli münasibətlər qurulub. Mehriban xanım Əliyeva bu səmərəli və faydalı əməkdaşlığın gələcəkdə də davam edəcəyini bildirib: \"Bugünkü mərasim məhz bu istiqamətdə atılan növbəti addımdır. Heydər Əliyev Fondu təkcə Vatikan və xristian aləmində deyil, bütün dünya mədəniyyətində böyük əhəmiyyət kəsb edən, ümumbəşəri mədəni irsə aid olan Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpasında iştirak edəcəkdir. Heydər Əliyev Fondu mədəni və tarixi irsin qorunmasına böyük əhəmiyyət verir və biz belə layihələri həm Azərbaycanda, həm də digər dövlətlərdə həyata keçiririk. Mən çox şadam ki, ümumbəşəri sərvət olan bu mədəni abidələrin bərpasına Heydər Əliyev Fondu öz töhfəsini verəcəkdir\".
Mehriban xanım Əliyeva söhbət zamanı onu da diqqətə çatdırıb ki, Azərbaycanda bütün dövrlərdə ictimai-siyasi quruluşdan asılı olmayaraq, müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar sülh, əmin-amanlıq və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşayıblar: \"Bu gün də çoxkonfessiyalı və çoxmillətli Azərbaycan bu ənənələrə sadiqdir və bu, ən böyük sərvətlərdən biridir. 2002-ci ildə ölkəmizə səfəri zamanı Roma Papası II İohann Pavel Azərbaycanı Şərq ilə Qərb arasında qapı və dözümlülük nümunəsi adlandırmışdır. Təsadüfi deyildir ki, son illər mədəniyyətlərarası, sivilizasiyalararası dialoq mövzusunda böyük beynəlxalq görüşlər, forumlar məhz bizim ölkəmizdə keçirilir. Paytaxtımızın ev sahibliyi etdiyi əhəmiyyətli tədbirlər - 2010-cu ildə dünya dini liderlərinin zirvə toplantısı, 2011-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu sahədə atılan mühüm addımlar kimi qiymətləndirilir\".
Bu görülən işlərin məntiqi olaraq belə bir mühüm layihəyə Romada start verildi. Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri, layihələri Şərq ilə Qərb dünyası arasında ən böyük vasitəçi və körpüdür.
Nəzakət ƏLƏDDİNQIZI