PDF Oxu

Əsas

  • 73

“Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış  sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir”

“Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir”

Son illər Azərbaycanın siyasi elitası üçün ideoloji strategiyanın formalaşmasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kitablarının, məqalə, çıxış və müsahibələrinin böyük təsiri olub.


Növbəti kitabın ilk fəsli əks-səda doğurub


Dövrümüzün çoxsaylı çağırış və tələblərinə həssas şəkildə münasibət bildirən akademik R.Mehdiyev əsl nəzəriyyəçi alim və eyni zamanda, müstəqil respublikanın dövlət quruculuğu prosesində bilavasitə iştirak edən bir insan kimi, cəmiyyətin qarşısında duran əsas məqsəd və vəzifələri dürüst ifadə edir. Akademik dərin analitik məqalə və əsərləri ilə ölkənin və bütün cəmiyyətin tutduğu yolu təhlil edir, hərəkət istiqamətimizin düzgün olub-olmaması, cəmiyyətin, ölkənin inkişafı üçün məhz nəyi təshih etməyin vacibliyini göstərir.

Akademik Ramiz Mehdiyevin çapa hazırlanan "XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində" kitabının bir fəsli oxuculara təqdim olunub. Əlbəttə, həmişə olduğu kimi, akademikin növbəti əsərinin ilk parçası təkcə elmi və ya politoloji dairələrdə deyil, eyni zamanda, ictimaiyyət arasında geniş əks-səda doğurub. Kitabın ilk fəslində müasir dövrün aktual problemlərinə, ölkəmizin indiki liderinin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin inkişaf perspektivlərinə də toxunur.


Ulu Öndər Heydər Əliyevin seçimi


Birinci fəsil bu sözlərlə başlayır: "XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazanmışdır. Azərbaycan xalqı öz taleyini müstəqil müəyyən etmək, müstəqil dövlətçilik ideyalarını həyata keçirmək, özünün müstəqil gələcəyi barədə amallarla yaşamaq imkanı əldə etmişdir".

Müəllif ikinci müstəqil respublikanın ilk illərini təhlil edərkən, bildirir ki, keçən əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi seçim müasir Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni sahələrdə inkişaf imkanlarını müəyyənləşdirmişdir: "Aşkar olmuşdur ki, güclü, effektiv dövlət qurmaq, zamanın axarından geri qalmamaq üçün siyasi və iqtisadi transformasiya, yeni intellektual sinfin formalaşması, innovasiyalar, cəmiyyətin səfərbər edilməsi zəruridir. Bu halda, Azərbaycan modernləşmə sıçrayışı, iqtisadi sıçrayış edir, Ermənistan tərəfindən ərazimizin iyirmi faizinin işğal edilməsi səbəbindən, onunla müharibə vəziyyəti şəraitində yeni, demokratik siyasi təsisatlar təşəkkül tapır".

Sözsüz ki, müstəqilliyin əldə olunmasının, demokratik Azərbaycan dövlətinin qurulmasının, möhkəmləndirilməsinin ən mühüm şərtlərindən biri tarixi şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyev fenomeninin varlığı idi. Məhz Ümummilli Liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkəmizin inkişafı üçün mühüm amil olan neft sahəsində "Əsrin müqaviləsi" imzalanıb. Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirib. Vaxtilə görkəmli ABŞ politoloqu Z.Bzejinskinin etiraf etdiyi "Hazırda Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir!" həqiqəti bu gün bütün dünya siyasətçiləri tərəfindən də qəbul edilir. Keçən əsrin 90-cı illərinin əvvəllərində deyilmiş bu sərrast fikir son 10 ildə müstəqil Azərbaycana uğurla rəhbərlik etmiş Ümummilli Lider Heydər Əliyevin titanik siyasi və dövlətçilik fəaliyyətinin yekunları ilə dönə-dönə təsdiqlənir.


Zirvələrə çatmaq üçün daha çox imkan vardır


Akademikin fikrincə, hansı sosial-iqtisadi model yaratmaq istəməyimiz, insan potensialımızdan necə istifadə etməyi planlaşdırmağımız və bunun nəticəsi kimi yaxın 30-40 ildə hansı zirvələrə çata biləcəyimiz bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar xəyal deyil, milli tariximizə, mənəvi, insan və intellektual resurslarımıza və millətin potensialına layiq inkişaf səviyyəsinə necə çatmağı başa düşmək kimi güclü arzudur.

Müəllif haqlı olaraq, qeyd edir ki, 2004-cü ildən başlayaraq, Azərbaycanı xarakterizə edən inkişaf tempini qoruyub saxlamaq çox vacibdir: "Bu gün intensiv yeniləşmə, modernləşmə və yeni intellektual sinfin formalaşması üçün həmişəkindən daha çox imkan vardır. Buna görə də qlobal qeyri-sabitlik və idarə edilən xaos yaratmaq barədə müxtəlif ssenarilərin reallaşması şəraitində Azərbaycanın gələcəyi təkcə aktual məsələ deyil, həm də elə bir məsələdir ki, onu müasir gənc nəsil - fəal, əzmkar, güclü və səmərəli dövlətçilik qurmağa tam hazır olan gənclər həll etməlidirlər. Bu nəsil yeni intellektual sinfin nümayəndəsi, müasir Azərbaycanın insan potensialının yeni klasteri kimi postmodern dəyərlərini formalaşdıracaqdır".


Qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti


Bir sıra dövlətlərin təcrübəsinə əsaslanan akademik göstərir ki, ölkədə daxili siyasi və iqtisadi sabitlik artdıqca ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırılan keçmişin yenidən dərk edilməsinə köklənmiş cəmiyyətin gələcək inkişaf meyillərinə cavab verən dəyərlərə tələbat yaranır.

1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcına diqqət çəkən akademik R.Mehdiyev bildirib ki, Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq, özündə yeni dəyərlərə meyil hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur: "Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektivlik mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır". Bu baxımdan, 2003-cü ilin prezident seçkilərinin dönüş anı olduğunu vurğulayan müəllif qeyd edir ki, o dövrdən başlayaraq, Prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq, yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident bilirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrini əhatə etməli olan yenilənmədir.


Ölkəmizin uzunmüddətli

inkişaf strategiyasını

təmin edəcəyik


Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından izlənməkdə, diqqətlə öyrənilməkdədir. Bu sahədə araşdırma aparan təşkilatların, ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir. Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".


Azərbaycanın dəyəri və bənzərsizliyi


Akademik R.Mehdiyev əsərində Azərbaycanın bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi imkanlarından bəhs edir: "Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir".

Cabir

Digər xəbərlər