PDF Oxu

Əsas

  • 76

İnsan haqları, yoxsa siyasi maraqlar

İnsan haqları, yoxsa siyasi maraqlar

İyunun 26-da AŞPA qurumunun hüquq məsələləri və insan haqları komitəsi Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini qəbul edib.


İnsan hüquqları bəhanəsi


Qətnamə layihəsində Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etməyə və adamların siyasi motivlərlə həbs olunmamasına şərait yaratmağa çağırılır: \"Azərbaycan hakimiyyəti siyasi məhbus olduqları güman edilən 89 nəfəri tezliklə azad etməyə, ya da onların işlərinə yenidən baxmağa dəvət edilməlidir\".

Ümumiyyətlə, bəzi Qərb dövlətləri, siyasətçiləri insan hüquqları bəhanəsi ilə ölkələrin daxili işlərinə qarışır. Azərbaycan da bundan xali deyil. Görəsən, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qovulan minlərlə azərbaycanlının hüquqlarının kobudcasına pozulduğundan xəbərdar olan \"cənab\" Ştrasser niyə bu fakta münasibət bildirmir. Deməli, qərbli \"insan haqları müdafiəçisi\", əslində, təmsil etdiyi güclərin maraqlarından çıxış edir və Azərbaycanda siyasi məhbusların mövcudluğu haqqında fikirləri də qərəzlidir, həqiqəti əks etdirmir. Ümumilikdə götürdükdə isə, siyasi məhbus anlayışının tam izahı yoxdur.


Fikirlər və rəqəmlər təzad təşkil edir


Kristofer Ştrasser \"Azadlıq\" radiosuna müsahibəsi zamanı da etiraf edir ki, 89 nəfərlik siyahıda olanların hamısı siyasi məhbus sayıla bilməz: \"AŞPA-nın hüquq məsələləri və insan haqları komitəsinin ilk hesabatında 59 adamdan söhbət gedirdi. Onlardan 9-u ötən cümə günü azad olundu. Qaldı 50 nəfər. Onlara 8 nəfər də əlavə olunmalıdır, həmin adamların həbsi və onlarla rəftar hakimiyyətin motivləri ilə bağlı şübhələr doğurur. Bu 58 nəfər mümkün qədər tez azad olunmalıdır\".

Ştrasser özü belə hazırladığı hesabata şübhə ilə yanaşır. Fikirlər və rəqəmlər bir-biri ilə təzad təşkil edir.


Bu, Azərbaycanın mövqeyidir


Məsələyə münasibət bildirən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ştrasserin hesabatı ilə bağlı hazırda müvafiq qurumların təhlil apardığını deyib: \"Azərbaycanın bu məsələdə Avropa Şurasından fərqli mövqeyi var. Biz hesab edirik ki, Azərbaycanda siyasi məhbus yoxdur, Azərbaycanda konkret əməllərinə görə həbs olunmuş insanlar var. Baxmayaraq ki, bu insanların bəziləri siyasətlə, bəziləri fəal siyasətlə məşğuldur, amma siyasətlə məşğul olmaq onları öz əməllərinə görə məhkum olmaqdan sığortalamamalıdır. Bu, Azərbaycanın mövqeyidir\".

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dəfələrlə Avropa Şurasına (AŞ) və siyasi məhbus məsələsi ilə əlaqədar tövsiyələr irəli sürən qurumlara bəyan edib ki, siyasi məhbus anlayışının dəqiq meyarı olmalıdır: \"Bu meyar bütün dünya ölkələrində eyni qaydada tətbiq olunmalıdır. Bundan əvvəl biz Ştrasserin səfəri ilə əlaqədar narazılığımızı bildirmiş və müvafiq tədbirlər görmüşdük. Xüsusən, onun Azərbaycan üzrə məruzəçi təyin olunmasına etiraz etmişdik\".


AŞPA hələ müəyyən etməyib


Maraqlıdır ki, AŞPA öz-özlüyündə \"siyasi məhbus\" anlayışını hələ müəyyən etməyib. Buna baxmayaraq, uzun illərdir Azərbaycana və digər ölkələrə bu vasitə ilə təzyiqlər edir. Siyasi məhbuslarla bağlı kriteriyalar olmadan, Azərbaycanda siyasi məhbus axtarmağın məntiqsizlikdən başqa adı yoxdur. Ştrasser və onun kimilərin haradasa, hansısa formada və hansısa kriteriyaları fikirləşib, bunun əsasında da kimlərinsə siyasi məhbus olub-olmadığını gündəmə gətirməsi onların nə dərəcədə adil olmalarını şübhə altına salır. Onlar insan haqları məsələsindən siyasi məqsədlər, habelə, insan haqlarından hansısa şəxsə və ya ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Təəssüflər olsun ki, müasir dünyada dəyər yox, maraqlar ön plandadır. Bir çox beynəlxalq qurumlar da dəyərlər əsasında formalaşıb. Bu isə, ümumilikdə, beynəlxalq təşkilatlara inamı azaldır. Bu, təkcə Azərbaycanın problemi deyil. Nə qədər ki, təşkilatlar kimlərinsə maraqlarına xidmət edir, kiçik problemləri qabardıb önə çəkir, onlar getdikcə nüfuzdan düşür və onların təsir qüvvəsi azalır.


Problemdən siyasi alət kimi istifadə edilməməlidir


Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının dünən keçirilən iclasında eston deputat, xanım Mailis Repsin hazırladığı \"Avropa Şurasına üzv ölkələrində insan hüquqları müdafiəçilərinin vəziyyəti\" mövzusunda hesabat müzakirə edilib.

AŞPA tərəfindən qəbul edilmiş sözügedən sənəddə Avropa ölkələrində hüquq müdafiəçilərinin vəziyyətinin qənaətbəxş olmadığı və bir neçə ölkələrdə onların vəziyyətinin daha da acınacaqlı olduğu qeyd olunub. Sənəddə Azərbaycanda əsasən bir sıra yerli və xarici QHT-lərin fəaliyyətinə maneələrin yaradılması və bu təşkilatların qeydiyyata alınmaması kimi problemlər əks olunub.

Hesabat ətrafında gedən müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Səməd Seyidov da iştirak edib. \"Avropa demokratik qrupu\" adından çıxış edən millət vəkili ümumilikdə hesabatı müsbət qiymətləndirib: \"Hesab edirəm ki, ümumilikdə insan hüquqları və hüquq müdafiəçilərinin problemləri bir ölkəyə aid deyil, bu problem bütün Avropa ölkələrinə xasdır. Avropa Şurası bütün ölkələrdə insan hüquqlarının müdafiəçisi olmalıdır və bu məsələni hansısa ölkəyə nisbətdə siyasi alət kimi istifadə etməməlidir\".


Cabir

Digər xəbərlər