PDF Oxu

Əsas

  • 61

Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirildi

Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirildi

Dünən Milli Məclisin 2012-ci il yaz sessiyasının sonuncu iclası keçirildi. İclasın gündəliyinə 34 məsələ daxil edilmişdir. İclasda, ilk olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və 6 apellyasiya məhkəməsinə hakimlərin təyin olunması barədə qanun layihələri səsverməyə çıxarıldı. Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin olundu. Milli Məclisdə keçirilmiş səsvermə nəticəsində Kəmaləddin Bədəlov, Toğrul Əliyev, İlqar Hüseynov, İsmayıl Xəlilov, Raqib Qurbanov, Vidadi Məmmədov, Nurəddin Mustafayev, Elşanə Vəliyeva və Cahangir Yusifov Bakı Apellyasiya, Şamil Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin, Vidadi Cəfərov, Telman Quliyev Sumqayıt Apellyasiya Məhkəməsinin, Məhərrəm Allahverdiyev, Etibar Camalov, Tofiq Heydərov, Nüsrət Mirzəyev Şirvan Apellyasiya Məhkəməsinin, Vidadi Qasımov və Hümbət Səlimov Şəki Apellyasiya Məhkəməsi hakimləri təyin edildi.

Bundan başqa, səlahiyyət müddəti 2012-ci il iyunun 28-də başa çatmış Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin hakimi İsmayıl Xəlilov Bakı Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni tarixdə başa çatmış Zaqatala rayon Məhkəməsinin hakimi Elçin Hüseynov Şəki Apellyasiya Məhkəməsinin, səlahiyyət müddəti eyni dövrdə başa çatmış Şəki Apellyasiya Məhkəməsinin hakimi Qəzənfər Babaxanov isə Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin olundu.


Azərbaycanla bir sıra ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanmış sənədlər təsdiq edildi


Sonra Milli Məclisin iclasında Azərbaycanla bir sıra ölkələr və beynəlxalq təşkilatlar arasında imzalanmış sənədlər səsverməyə çıxarıldı. Milli Məclis öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan prezidenti Almazbek Atambayevin Birgə Bəyanatını təsdiq etdi. Daha sonra "Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Saziş, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında" Sazişdə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokol təsdiq edildi.


Azərbaycan-Koreya parlamentlərarası işçi qrupu yaradıldı


Milli Məclisin keçirilən sonuncu növbədənkənar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" sənəd müzakirəyə çıxarıldı. Müzakirlər zamanı sözügedən sənədlə bağlı bir sıra dəyişikliklərin edilməsi qərara alındı. Spiker Oqtay Əsədov bildirdi ki, qanun layihəsinə əsasən, Azərbaycan-Koreya parlamentlərarası işçi qrupu yaradılır. İşçi qrupuna deputat Malik Həsənov rəhbərlik edəcək. Spikerin sözlərinə görə, bundan başqa, Azərbaycan Kolumbiya parlamentlərarası işçi qrupu yaradılıb. Bu qrupa isə Xanlar Fətiyev rəhbərlik edəcək. O.Əsədov bildirdi ki, Koreya deyəndə, Cənubu Koreya Respublikası nəzərdə tutulur.


Cinayət Məcəlləsinə dəyişikliklər etdi


Gündəlikdə duran növbəti məsələ - Azərbaycanın Cinayət Məcəlləsində dəyişikliklər müzakirə olundu. Cinayət Məcəlləsindən döymə maddəsi çıxarılaraq, İnzibati Xətalar Məcəlləsinə transfer olunub. Məcəllədə işgəncə sözü əzab sözü ilə əvəzlənib. Dəyişikliklər barədə məlumat verən Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, İnzibati Xətalar Məcəlləsində sağlamlığa xəsarət yetirmə maddəsi əlavə edilir və döymə də bu maddədə əksini tapacaq: "Cinayət Məcəlləsinin 133-cü maddəsinin adı (İşgəncə vermə) dəyişdirilərək, "Əzab vermə" adlandırılıb. Bu maddənin 133.1 maddəsində mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağır və psixi iztirab verməyə görə cəzanın müddəti 3 ildən 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etməyə, eyni əməl-işgəncə verməklə törədildikdə verilən cəzanın müddəti (əvvəl 3 ildən 7 ilədək olub) 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına endirilib".

Layihəyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirdi ki, kimsə kimin qulağının dibinə bir şillə vurursa, burada söhbət xəsarət yetirməkdən deyil, şəxsiyyətin alçaldılmasından gedir: "Məişət zorakılığında da ən geniş yayılmış hal döyülmədir. Döyülmə geniş yayılıbsa, biz cəzanı sərtləşdirməliyik. Bu, hüququn fəlsəfəsidir. Daha sonra da bu cinayətlərin artmasının səbəbi araşdırılmalıdır. Biz Cinayət Məcəlləsində böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutduğumuz halda, döyülməni bu məcəllədən çıxarmaq məntiqli deyil".


Siyavuş Novruzov: "Azərbaycanda çox vaxt biri digərinə şillə vuranda hüquq-mühafizə orqanları guya onları barışdırmaq adı ilə hər iki tərəfdən rüşvət alırlar"


YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, bu gün yüngül, orta, ağır xəsarət məişət zorakılığı Cinayət Məcəlləsinin ayrı-ayrı maddələrinədə təsbit olunubdur. Azərbaycanda çox vaxt biri digərinə şillə vuranda, hüquq-mühafizə orqanları guya onları barışdırmaq adı ilə hər iki tərəfdən rüşvət alırlar: "Buna görə də işlərin çoxu məhkəməyə gedib çıxmır. Biz hər dəfə cəzaların sayını deyil, cərimələrin miqdarını artırırıq. Bu, dünya praktikasına uyğundur".

Milli Məclisdə, həmçinin, Cinayət Məcəlləsinə kibercinayətlərlə bağlı əlavələr də müzakirəyə çıxarıldı. Məcəllənin kibercinayətlər adlanan 30-cu fəslinə uşaq pornoqrafiyasının dövriyyəsi ilə bağlı 171-1 maddə də əlavə olundu.


Metropolitendə vaqonların qapılarının açılıb-bağlanmasına mane olanlar 50 manat cərimə olunacaq


Keçirilən iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Məcəlləyə birinci dəyişiklik Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlı oldu. Dəyişiklik barədə məlumat verən parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, metro stansiyalarının vestibüllərini, keçid və platformalarını, habelə, eskalator və vaqonlarını zibilləməyə, və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan sərnişin-maşinist rabitəsindən istifadəyə görə 10 manat miqdarında cərimə müəyyən olundu. Vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə, vaqonların qapılarının açılıb-bağlanmasına mane olmağa, qatarı ləngitməyə, metropolitenin işçiləri üçün nəzərdə tutulmuş çəpərlənmiş ərazilərə daxil olmağa görə 50 manat, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşulmasına görə 70 manat miqdarında cərimə müəyyənləşdirildi. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat məbləğində cərimə tətbiq olunacaq.


Şəhərsalma və Tikinti Məcəlləsi qəbul edildi


Milli Məclisin sonuncu növbədənkənar iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsi üçüncü oxunuşda qəbul edildi. Qanun layihəsi haqda parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verdi. O bildirdi ki, ikinci oxunuşdan sonra deputatlar tərəfindən səslənən təkliflər nəzərə alınıb və bu dəyişikliklər əsasən tikintisinə icazə tələb olunmayan yardımçı tiklilərin sayının artması ilə bağlıdır. Qeyd edək ki, sözügedən qanun layihəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antenna qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin, kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan yardımçı tikililərin hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kvadratmetr olan istixanaların və oranjereyaların tikintisi üçün icazə tələb olunmur.


"İctimai Televiziya və Radio Yayımı haqqında" Qanuna dəyişikliklər etdi


Gündəlikdə duran növbəti məsələ - "İctimai televiziya və radio yayımı haqqında" Qanuna dəyişikliklərlə bağlı oldu. Qanun layihəsi barədə məlumat verən parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, qanuna 11 dəyişiklik təklif olunur: "Dəyişikliyə əsasən, ictimai yayım proqramlarından "seriallar" sözü çıxarılıb. Yeni varianta əsasən dünya ölkələrinin ən yaxşı sənədli, bədii və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək, tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək, yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir. Qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb".


"Həmkarlar İttifaqları haqqında" qanuna dəyişiklik edildi


Səttar Mehbalıyev: "Əvvəlki rəhbərlik dövründən "Azərkimya"nın həmkarlara 500 min manat borcu var"


Gündəlikdə duran "Həmkarlar İttifaqları haqqında" qanuna dəyişikliklə bağlı məlumat verən parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, təklif olunan dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, işə götürən işçilərin əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsi ilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına keçirilməsini nəzərdə tutur.

Müzakirələr zamanı deputat, ARDNŞ-in "Azərkimya" İstehsalat Birliyinin direktoru Muxtar Babayev dəyişiklikdə nəzərdə tutulan 4 iş günü məsələsinə etiraz edərək, bu vaxtın uzadılmasını istədi. M.Babayevin təklifini əsassız hesab edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev isə ona etiraz etdi: "Siz bu sistemdə təzəsiniz. Sizdən əvvəlki rəhbərlik dövründən "Azərkimya"nın həmkarlara 500 min manat borcu var. Bəzi üzdəniraq təşkilat rəhbərləri var ki, onların təşkilatlarında 30 min, 50 min vəsait toplanıb, ancaq köçürmə etməyiblər. Yoxlamalar zamanı bu pulun hara getdiyi məlum olmayıb. Ona görə də 4 gün ərzində köçürmə beynəlxalq standartlara uyğundur".

Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edildi.

İclasda, həmçinin, "Ozon qatını dağıdan maddələr haqqında Monreal Protokolu"na 1999-cu il 3 dekabr tarixli Pekin Düzəlişi" təsdiq edildi. "Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında" Sazişə qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılaraq, qəbul olundu.

Bununla da Milli Məclisin yaz sessiyası dövlət himninin səslənməsi ilə başa çatdı.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər