Ölkə gənclərinin ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etmək məqsədi ilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən bir neçə irimiqyaslı tədbirlər həyata keçirilib. Bunlardan biri də bölgələrdə keçirilən yay məktəbləri ilə bağlı layihədir. Dünən gənclərin bir araya gəldiyi "Yay Məktəbi" layihəsinə start verilib. "Yay Məktəbi"ndə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva və YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov "Səs" qəzetinə verdikləri açıqlamalarında bu kampaniyanın gənclərin ziyalı kimi yetişməsində öz müsbət təsirini göstərdiyini söylədilər.
YAP Nizami rayon təşkilatının sədri, millət vəkili S.Vəliyeva bildirdi ki, layihəyə 600-dən çox gənc cəlb olunacaq: "YAP sıralarında təmsil olunan gənclər arasında ünsiyyət və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından bu cür istirahət xüsusi önəm kəsb edir: "İlk qrupda gənclərlə birlikdə olmağımla böyük məsuliyyət duyuram. Çünki gənclərimiz sabahımızın, gələcəyimizin qurucuları, aparıcı qüvvələridir. Bütün bunları nəzərə alaraq, demək olar ki, bu gün ölkəmizdə gənclərə yüksək diqqət və qayğı müşahidə olunmaqdadır. Dövlət başçısı tərəfindən aparılan bu siyasət yüksək səviyyədə davam etdirilməkdədir. İctimai-siyasi proseslərdə fəal iştirak edən Azərbaycan gəncliyi müstəqil dövlətçilik ənənələrini yüksək tutur. Dövlət başçısı İlham Əliyevin "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncamı gənclər siyasətinin davamıdır".
YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov "Yay Məktəbi" kampaniyasının birinci günün ilə bağlı məlumat verdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin həyata keçirdiyi "Yay Məktəbi" layihəsi öz işinə iyulun 2-dən başladı. Qeyd edim ki, "Yay Məktəbi" kampaniyası, ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilib. Bu proses bir neçə ildir ki, davam edir. Layihədə gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndələr də iştirak edir. Layihədə 600 nəfərədək gənclər iştirak edəcək. "Yay Məktəbi" bu sayda olan gənclərin həm asudə vaxtlarının yaxşı təşkilinə zəmin və həm də bir-birilə səmimi münasibətin qurulması baxımından lazımi şərait yaratmışdır. Görüşlər zamanı partiyamızın sırasında olan gənclərin birlikdə bir-birlərini yaxşı tanımaları, müəyyən proqramlar çərçivəsində təmsil olunmaları üçün ən yaxşı amil kimi qiymətləndirilə bilər. Çünki bu proqram çərçivəsində gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının nüfuzlu nümayəndələri də proseslərdə iştirak edir, gənclərlə açıq diskussiyalar aparılır, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyələrlə çıxışlar olur".
Verilən məlumata görə, Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər səfərlərinin ilk günündə rayon mərkəzinə gedərək, Ulu Öndərimiz Heydər Əliyevin xatirəsini yad edərək, abidəsi önünə tər çiçəklər düzüblər. Həmçinin, Heydər Əliyev Mərkəzində olmuş, rayonun gəzməli və görməli yerlərinə, yaşıllıq zonalarına ekskursiyaya getmişlər. Onu da bildirək ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Yay Məktəbi" layihəsi öz işini avqustun əvvəllərində başa çatdıracaq. Xatırladaq ki, "Yay Məktəbi" layihəsində ölkəmizin bütün bölgələrindən olan gənclər iştirak edir. Mövcud layihə sona çatdıqdan sonra, qış mövsümündə gənclər üçün "Qış Məktəbi" layihəsinin reallaşdırılması planlaşdırılır. Artıq bunun üçün müəyyən hazırlıq işlərinə başlanılacaqdır".
RƏFİQƏ KAMALQIZI