PDF Oxu

Əsas

  • 48

Mətbuatın böyük dərdi

Mətbuatın böyük dərdi

Azərbaycanın media məkanında fəaliyyət göstərən istənilən şirkəti reklamsız təsəvvür etmək mümkünsüzdür. Media qurumlarının maliyyələşməsinin reklamlar tərəfindən olduğu isə danılmazdır. Bu gün reklam həyatımızın ən vacib faktorlarından birinə çevrilib. Bir gün ərzində televiziya, radio və qəzetlərdə dəfələrlə nümayiş etdirilən maraqlı reklam ən dəyərsiz məhsulun belə müştərilərini bir anda artıra bilər. Əgər reklam olunan mala tələbat artırsa, bu, reklamın uğurudur.


Qəzetlər reklam tapmaqda niyə çətinlik çəkir?


Bu gün telekanallarda reklamlara rast gəlinsə də, qəzetlərə reklam verilməsinə maraq və bu işin təşkilində kifayət qədər zəiflik özünü göstərir. Ekspertlər qəzetlərin reklam ala bilməməsinin səbəblərindən bir kimi onların rəngsiz çapını göstərirlər. Bundan başqa, "qəzetlər də texniki cəhətdən inkişaf etməli, kağızın keyfiyyətini artırmalıdırlar" deyənlər də var.

Digər səbəb isə hər hansı bir şirkətin bu və ya digər məhsulun istehsalı və ya xidmət göstərməsi ilə yanaşı, həm də özünün reklam şirkətini yaratması ilə bağlıdır. Yəni şirkətlər məhsullarını özləri reklam edir. Hazırda bazarın 80 faizini bu cür şirkətlər təşkil edir. Burada reklamdan söhbət gedə bilməz. Səbəbi reklam çəkən mütəxəssislərin olmamasında, texnikanın köhnə olmasında, reklam verən şirkətlərin öz məhsullarını tanıtmaq üçün az pul ayırmasında görənlər də var.


Baş redaktorlar təkliflər irəli sürüblər


Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Mətbuat Şurasında qəzet redaktorları ilə keçirdiyi görüşün nəticələrinə dair açıqlamasında qurumun sədri Əflatun Amaşov bildirib ki, görüşdə mətbuatın iqtisadi vəziyyəti, qəzetlərin yayımı, reklam bazarının, sosial reklamın genişləndirilməsi məsələləri müzakirə olundu və baş redaktorlar bununla bağlı öz təkliflərini irəli sürdülər. Həmin təkliflər də ümumiləşdiriləcək və bu problemlərlə bağlı müəyyən addımlar atılacaq.

MŞ sədrinin sözlərinə görə, görüşdə mətbuatda reklam sahəsində Türkiyənin təcrübəsindən yararlanmaq təklif olunub: "Türkiyədə mətbuatda reklama nəzarət edən bir qurum var. Bu sahədə Türkiyə təcrübəsindən istifadə etmək təklif olundu və bu təcrübə Azərbaycan tətbiq olunarsa, mətbuatın inkişafına necə təsir edəcəyi müzakirə edildi".


Dünya mediasında reklam bazarı


İngiltərədə bir ildə ölkə üzrə verilən reklamın 23-25 faizi televiziya və mətbuatın payına düşür. 30 milyard dollara yaxın olan reklam bazarının təxminən 6 milyard dolları media strukturlarına xərclənir. Bu qədər vəsaitin 48 faizi mətbuat orqanlarının, 52 faizi isə televiziyanın payına düşür.

Türkiyədə reklam bazarının həcmi isə 2,145 milyard dollardır. Reklam sifarişlərindən mətbuatın aldığı illik pay təxminən 250 milyon dollardır. Televiziyaların reklamdan qazancı isə bundan 4-5 dəfə çoxdur. Türkiyədə telekanallarda reklamın bir dəqiqəsinin qiyməti orta hesabla 30-50 min dollar, Rusiyada 60 min dollardır. Gürcüstanda reklamın bir dəqiqəsi minimum 3000 dollardırsa, Azərbaycanda bu göstərici 1500 dollar təşkil edir. Məhz bunun nəticəsidir ki, Rusiya və Türkiyənin reklam bazarı 40 milyard dollarla ölçülür. Gürcüstanda reklam bazarının dövriyyəsi 1 milyard dollardır.

Bu ölkələrdə mətbuatın əsas gəlir mənbəyi reklamlar, bir də ki, nəşrin satışından əldə etdiyi gəlirlər hesab olunur. Belə ölkələrdə qəzetlərin gəlirlərinin 85 faizi reklamlardan, 15 faizi isə nəşrin satışının reallaşdırılmasından asılı olur.


Cabir

Digər xəbərlər