PDF Oxu

Əsas

  • 67

YAP Gənclər Birliyinin Yay məktəbi Oğuz rayonunda öz işini davam etdirir

YAP Gənclər Birliyinin Yay məktəbi Oğuz rayonunda öz işini davam etdirir

Məlum olduğu kimi, iyul ayının 2-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi" öz işinə başlayıb. Məktəb çərçivəsində gənc fəallar Oğuz rayonunda da olublar.

Rayonda "Yay məktəbi"nin ikinci günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib. Öncə "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib. "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası"nın əhəmiyyətindən bəhs edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb, həyata keçirilməsi təşkil edir. Bu istiqamətdə isə milli dəyərlərə və maraqlara müvafiq surətdə təsbit edilmiş konsepsiyanın müəyyən və icra olunması strateji zərurət qismində çıxış edir. "Əlbəttə ki, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni, hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Sirr deyil ki, dünya praktikasında milli inkişafın müxtəlif modelləri mövcuddur".

Hikmət Babaoğlu onu da əlavə edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etməkdir: "Daha dəqiq desək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılmasının əsas məqsəd kimi nəzərdə tutulduğu sənədin icra olunması nəticəsində respublikamızda iqtisadi inkişaf, sosial rihaf, siyasi institutlaşma prosesləri daha üstün səviyyəyə çatacaq. Əlbəttə ki, Azərbaycanın da inkişaf etmiş ölkələr sırasına düşməsi üçün lazım olan bütün faktorlar və şərait hazırda ölkəmizdə mövcuddur. İlk növbədə isə, iqtisadiyyatın daha sürətli inkişaf etdirilməsi üçün insan potensialı və kapital var. Azərbaycanın böyük əksəriyyətinin iş və intellektual qabiliyyətli olan insan potensialı kəmiyyət və keyfiyyət baxımından, nəinki Cənubi Qafqaz regionunda, hətta dünyanın çoxlu sayda dövlətlərindən irəlidə olması, respublikamızın inkişaf etmiş ölkələr sırasına daxil olmaq şanslarını daha da artırır. Elmin və təhsilin inkişaf etdirilməsi ilə elmtutumlu iş sferalarının, bilik iqtisadiyyatının formalaşdırılması, müxtəlif peşə sahələrinin yaradılması, eyni zamanda, intensiv istehsalı həyata keçirən sənaye obyektlərinin işə salınması və s. Azərbaycanın postsənaye erasına daxil olmasını labüdləşdirəcək. Gələcək 10 il ərzində isə qeyri-neft sektorunun inkişafı hesabına daha çox yeni müəssisələrin və iş yerlərinin açılması, maaş və pensiyaların artırılması, yoxsulluğun və işsizliyin minimal həddə çatdırılması, yekun olaraq, cəmiyyətin rombvari inkişafının təmin edilməsilə, orta təbəqənin sosial-iqtisadi və ictimai-siyasi proseslərdə iştirak payının daha da yüksəldilməsi həyata keçiriləcək. Bir sözlə, qısamüddətə hesablanan yeni İnkişaf Konsepsiyası Azərbaycanın sonrakı 30-50 illik tərəqqisi üçün möhkəm bir özül rolunu oynayacaq".

Daha sonra isə gənc fəallar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Vurğulanıb ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər potensial var. Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində tərəqqinin təməli qoyulub, bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsinə çevrilib.

Bunun ardınca isə "İKT-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr" mövzusunda növbəti seminar-diskussiya keçirilib. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, bu sahədə əldə edilmiş nailiyyətlə vurğulanıb. Ölkəmizdə İKT sektorunun sürətlə inkişaf etdiyinin vurğulandığı diskussiyada qeyd edilib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.

Qeyd edək ki, "Yay məktəbi"ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları, olduqca yüksək səviyyədə qiymətləndiriblər.


R.KAMALQIZI

Digər xəbərlər