Azadlıq bütün cəmiyyətlərdə arzuedilən bir məfhumdur desək, səhv etmərik. Lakin müəyyən mənalarda, hər kəs azadlığı olduğu kimi dərk etmir. Daha dəqiq desək, bir qisim insanlar ondan tələb olunduğu səviyyədə istifadə edir, bəziləri isə, həmin məfhumdan sui-istifadə edərək, yanlış mövqedən çıxış edir. Yəni düşünülmür ki, azadlığın da limiti, sərhədi mövcuddur. Bu məqamda, fikir və söz azadlığı cəmiyyətin inkişafında rol oynayır. Vətəndaşlar, əsasən, kütləvi informasiya vasitələrindən istifadə edərək, öz fikir və düşüncəsini aidiyyəti orqanlara çatdırır. Ölkəmizdə söz və məlumat azadlığı qanunla tənzimlənir və vətəndaşların istənilən məlumatı alması və yayması təmin olunur. Mətbuat nümayəndələri də, həmçinin. Onlar da cəmiyyəti maraqlandıran bütün məlumatları araşdırmaq, yaymaq barəsində müzakirələr açmaq məsələlərində haqlı olduqlarını daim gündəmə gətirirlər.
Eyni zamanda, illər öncə yaradılan Mətbuat Şurası, sonradan formalaşdırılan Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) məlumat, söz azadlığının qorunması və dəstəklənməsi məqsədilə yaradılıb. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Bu baza da çox mükəmməldir. Sadəcə olaraq, onun işləməsində müəyyən problemlər olurdu və Mətbuat Şurasının, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun yaradılması bu amala xidmət edirdi. Mətbuat Şurasına yeni bina tikildi, ölkə başçısı Prezident İlham Əliyev də açılış mərasimində iştirak elədi. O, bu stuktura, ümumiyyətlə, mətbuata və söz azadlığına daim dəstək olduğunu, qayğı göstərdiyini əməli işləri ilə hər kəsə sübut etdi.
Bu baxımdan, mətbuata olan diqqətdə ölkənin kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşünü də göstərmək mümkündür. Onu da qeyd edək ki, Mətbuat Şurası müxtəlif illərdə dövlət qurumlarının təmsilçiləri ilə bu sayaq tədbirlər keçirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mətbuat Şurasındakı görüşdən məqsədin ölkənin KİV rəhbərlərinin mediamızdakı mövcud problemlərlə bağlı təkliflərini dinləməkdən ibarət olduğunu vurğulayıb, qəzetlərin yayımı məsələsində ciddi əziyyət çəkən mətbuat orqanlarına dövlətin hər cür kömək göstərəcəyinə söz verib. PA rəsmisi hazırkı dövrdə internet nəşrlərinin ənənəvi medianı sıxışdırması ilə bağlı tendensiyanın aktual səciyyə daşıdığından söz açaraq bunu həm də texnoloji hadisə kimi dəyərləndirib: "Ölkə KİV-ləri vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çalışmalıdırlar".
Öz növbəsində, Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək, səslənən təkliflərin ümumiləşdirilmiş formada müvafiq qurumlara çatdırılacağını deyib. Bu isə, bir daha onu deməyə əsas verir ki, bu gün Azərbaycan mətbuatında formalaşmış inkişaf dayanmadan irəliləməkdədir. Və bu irəliləmənin əsası dövlətin mətbuata olan diqqət və qayğısıdır.
RƏFİQƏ HÜSEYNOVA