Ölkəmiz müstəqilliyinə yenidən qovuşduqdan sonra həyatımızın bütün sahələrində faydalı təşəbbüslər irəli sürülməyə və iəşəbbüsləri, ideyaları reallaşdıran yeni qurumlar yaradılmağa başlanmışdır. Vətəndaş cəmiyyəti institutları da məhz həmin faydalar timsalında yaradılıb və dövlətin daxili siyasətinin formalaşması mexanizmlərinə təsir etməyə başladı. Qeyri-hökumət təşkilatlarının dünya təcrübəsindən məlum olan öz funksiyaları vardır. Bu qurumlar bütün dünyada hakimiyyətə iddialı olmayan və vətəndaş təşəbbüslərinin ictimai, siyasi, sosial, mədəni həyatda nəzərə alınmasını formalaşdıran qeyri-siyasi institutlardır. Ölkə həyatında QHT-lərin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, bu qurumların cəmiyyətdə rolu dönməz xarakter alıb. Vətəndaş cəmiyyəti institutlarının ölkənin ictimai həyatında mühüm yer tutmasında qeyri-hökumət təşkilatı hərəkatı yeni məzmun və yeni vüsət aldı, belə qurumların sayı artmağa başladı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında sağlam münasibətlər sahəsində yaxşı təcrübə əldə edildi.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi, faktiki olaraq, hakimiyyətin tərəfdaşına çevrilib
2001-ci ildə "Qeyri-hökumət təşkilatları haqqında" ayrıca qanunun layihəsi hazırlanmış və qəbul olunmuşdur. Bunun sayəsində qeyri-hökumət təşkilatları Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesi, faktiki olaraq, hakimiyyətin tərəfdaşına çevrilib. Bu qurumlar həm sağlam məcrada vətəndaş təşəbbüsləri irəli sürməyə, həm də cəmiyyət həyatında öz yerlərini tutmağa başladılar.
Azərbaycan hakimiyyəti bu gün qeyri-hökumət təşkilatlarını özünün tərəfdaşı hesab edir. Təbii ki, hakimiyyətin öz funksiyaları vardır: dövlətin təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, əhalinin rifahının yüksəldilməsi, ölkənin tərəqqisinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və s. Amma elə sahələr vardır ki, orada məhz qeyri-hökumət təşkilatlarının fəaliyyəti vacibdir. Məhz bu vacibliyi nəzərə alan hakimiyyət qeyri-hökumət təşkilatları ilə birlikdə fəaliyyətlərini uğurla davam etdirir.
"Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirilən görüşdə Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu kimi məsələlərə toxunaraq qeyd etimişdir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu bugünkü dövlət siyasətinin prioritetlərindəndir: "Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik".
Dövlət QHT-ləri özünə tərəfdaş kimi qəbul edir
Əli Həsənov QHT-lərin müxtəlif fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut olduğunu qeyd edərək, bildirib ki, QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır: "Bu səbəbdən, biz, dövlət olaraq, QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələri, eyni zamanda, dövlət siyasətinin prioritetlərini təşkil edir".
Buradan da, aydın olur ki, Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğu bugünkü dövlət siyasətinin prioritetlərindəndir. Bu gün vətəndaş cəmiyyətinin qaldırdığı hər bir məsələ hakimiyyətin siyasəti ilə üst-üstə düşür. Bu amil isə, onu deməyə əsas verir ki, vətəndaş cəmiyyəti quruculuğu bütün mənalarda Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir.
RÖVŞƏN NURƏDDİNOĞLU