PDF Oxu

Əsas

  • 60

Modernləşmənin yeni fəlsəfi konseptləri: Azərbaycanda innovativ iqtisadiyyat və texnokrat cəmiyyət quruculuğu

Modernləşmənin yeni fəlsəfi konseptləri: Azərbaycanda innovativ iqtisadiyyat və texnokrat cəmiyyət quruculuğu

Azərbaycan hökuməti iqtisadi inkişafın yeni mərhələsində yeni meyarlara-innovativ iqtisadiyyatın tələblərinə cavab verən texnokrat cəmiyyət quruculuğunu təmin etməyi əsas hədəf seçib. Bu meyarların əsas komponentləri keyfiyyətli iqtisadiyyat, layiqli həyat tərzi, sosial bərabərlik və digər proqressiv elementlərdən ibarətdir. Prezident İlham Əliyev bu meyarlara çatmaq üçün respublikamızın uzunmüddətli yeni inkişaf strategiyasının hazırlanmasını əsas hədəflərdən hesab edir.

Akademik Ramiz Mehdiyev yeni çağırışlara transformasiya olunan Azərbaycanın yeni inkişaf xəritəsinin konturları barədə danışarkən, qeyd edir ki, zəruri inkişaf nöqtəsinə çatmaq üçün hələ qarşıda görüləsi işlər çoxdur. Qarşıdakı dövrün iqtisadi tələbi inkişaf vektorunu təkmilləşdirmək, iqtisadiyyatı neft ixracından asılılıqdan azad etmək və biliklər iqtisadiyyatının, elm tutumlu istehsalatların, yüksək texnologiya və innovasiyalar sahəsinin yaradılmasını təmin etməkdən ibarətdir. Ötən iyirmiillikdə iqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirləri həyata keçirən, bazar liberalizminin baza sütunlarını möhkəmləndirən, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edən və orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlarından istifadə edən hökumət ikinci fazada tam yeni bir tərəqqinin təməllərini müəyyən etməkdədir.

Respublikamız qlobal iqtisadiyyata inteqrasiyanın sürtləndiyi bir dövrdə yeni hadisələrlə hazırlaşır və bunlar qarşıdakı illərin inkişaf ssenarilərinin başlıca elementlərini təşkil edəcək. Hazırda yeni əsrin yeni onilliyinə inkişaf meyarları ilə daxil olan Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Bu çağırışlar nədən ibarətdir?!

Əsrin ikinci və üçüncü onilliyi üçün ssenarilər Azərbaycanda qeyri-neft sektorunun iqtisadiyyatda dominantlığını və çoxşaxəli iqtisadiyyatın sektorial davamlılığını təmin etmək,innovasiyaların tətbiqi dairəsini genişləndirmək, siyasi sahədə demokratiya institutlarını daha da inkişaf etdirmək, ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilini azaltmaq, iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərini yaratmaq, mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla, Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafını müasir tələblər səviyyəsində təmin etmək, iqtisadiyyatın rəqabət qabiliyyətini yüksəltmək, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olmaq fundamental konseptlərdir. Həmçinin, sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarığını səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması qarşıdakı dövrün əsas sosioiqtisadi inkişaf seqmentlərindən ibarətdir.

Bütün bu prioritetlər Azərbaycanın yeni onillik strateji inkişaf doktrinasının başlıca komponentlərini təşkil edir. Qarşıdakı dövrün ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimulvericidir. Azərbaycan bir çox parametrlər üzrə öz mütərəqqi idarəetmə formullarının tətbiqinə hazırlaşır. Dünyada orta gəlirli ölkə statusuna malik olmaqla Azərbaycan iqtisadi sıçrayışları, maliyyə zənginliyi, yüksək sosial inkişaf indikatorları ilə yeni milli modelin tətbiqinə hazırlaşır.

Hazırda iqtisadi siyasətin başlıca mahiyyəti yaxın illərdə respublikamızın "orta gəlirli ölkələr" şkalasındakı daha pozitiv indikatorlara çatmasından ibarətdir. Məlumdur ki, "orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası var və burada adambaşına düşən milli məhsulun həcminin 17-18 min dollara çatdırılması əsas meyardır. Ölkəmizdə hazırda hər nəfərə düşən ÜDM-in həcmi təxminən səkkiz min dollar təşkil edir. Yəni ölkəmizin iqtisadiyyatının artım tempini iki dəfə artırmaqla buna nail olmaq mümkündür. ÜDM-in həcmi təxminən 70-75 milyard manat təşkil etməli, dövlət büdcəsinin gəlirləri isə 20-22 milyard manata bərabər olmalıdır. Mövcud inkişaf meyilləri və sosial-iqtisadi proqnozlar Azərbaycanın yaxın onillikdə bütün bu strateji hədəflərə çatmasına tamamilə əsaslı zəmin yaradır. İllik iqtisadi artımın təxminən 6-7 faiz olması, maliyyə və makroiqtisadi sabitliyin indiki tempdə saxlanması, valyuta rezervlərinin il ərzində 5-10 milyard manat artması və digər makroamillər Azərbaycanın "orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalasına çatmasına baza yaradır.

Qarşıdakı illərin sosial-iqtisadi proqnozları və yeni inkişaf ssenariləri ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir. Nüfuzlu beynəlxalq maliyyə institutunun proqnozlarına görə, bölgədə zəngin neft ölkələrindən olan Azərbaycanın valyuta ehtiyatları qarşıdakı beş ildə əhəmiyyətli dərəcədə artaraq, 100 milyard dollara çatacaq. Bununla yanaşı, qeyri-neft sektorunda artım ÜDM-də 40-45 faiz yer tutmaqla, maliyyə imkanlarının daha da yaxşılaşmasına təkan vermiş olacaq. ÜDM-in həcminin 2011-ci ildə 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacağı gözlənilir. Gələn il qeyri-neft sektorunda 7,2 faizlik artım nəzərdə tutulur. Əhalinin gəlirləri artacaq, sosial rifah halı daha da yaxşılaşacaqdır. 2011-ci ildə orta aylıq əməkhaqqı 379 manat, 2014-cü ildə 551 manat olacaq.

Akademik Ramiz Mehdiyev qarşıdakı dövrün inkişaf doktrinasının hədəflərinə nəzərə salaraq, qeyd edir ki, hazırda hansı sosial-iqtisadi modeli yaratmaq istəməyimiz, insan potensialımızdan istifadə etməklə bağlı planlarımız və bunun nəticəsi kimi yaxın 30-40 il ərzində çata biləcəyimiz zirvələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar xəyal deyil, milli tariximizə, mənəvi dəyərlərimizə, intellektual insan resurslarımıza və millətin potensialına layiq inkişaf səviyyəsinə çatmağın yollarını bilən xalqın hədəfləridir. İqtisadi modernləşmənin yeni mərhələsinə qədəm qoymuş Azərbaycan XXI əsrdə öz inkişafının keyfiyyətcə yeni kursunu müəyyən edib və modernləşmə dövlətin əsas inkişaf istiqaməti statusunu qazanıb.

Modernləşmənin yolları çoxşəbəkəli və çoxcoğrafiyalıdır. Azərbaycan iqtisadiyyatının yeni inkişaf templəri özünü 2011-2020-ci illərdə yüksək artım və sosial tərəqqi fəlsəfəsinin vəhdəti əsasında göstərəcək. İqtisadiyyatın postneft dövründə daha keyfiyyətli və yüksək artım indikatorları ilə müşayiət olunması, sosial infrastrukturun keyfiyyətcə dəyişməsinə və modernləşməsi, innovativ iqtisadiyyatın bütün komponentləri ilə makroiqtisadi sferalarda tam oturuşması ölkəmizin inkişaf piramidasına çatmasını təmin edəcək. Respublikamız bu mərhələdə yüksək gəlirlərə malik, yaxşı infrastrukturlu və zəngin insan kapitalına sahib olan bir ölkə kimi tanınaraq dünya üçün bir örnək olacaq.


"Səs" Analitik Qrupu

Digər xəbərlər