İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı, bir daha onu deməyə əsas verir ki, paytaxt Bakımızın və ətraf qəsəbələrinin sürətli inkişafı, burada ən müasir infrastrukturların istifadəyə verilməsi, paytaxtımızın dünyanın ən modern şəhərlərindən birinə çevrilməsi bilavasitə ölkə iqtisadiyyatında gedən davamlı, ardıcıl tərəqqinin bariz nəticəsidir.
Dünən "Səs" qəzeti, ənənəvi olaraq, keçirdiyi növbəti dəyirmi masanın mövzusunu da məhz ölkə Prezidenti İlham Əliyev cənablarının "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışına həsr etmişdir. Dəyirmi masada YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Səbail rayon icra hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri İsrafil Kərimov, Xəzər rayonunun Mərdəkan qəsəbə nümayəndəsi, iqtisadçı Teyyub Əliyev və Binəqədi bələdiyyəsi sədrinin müavini Zakir Məmmədov iştirak etdilər.
"Səs" qəzetinin əməkdaşı:
- Aydın müəllim, Prezident İlham Əliyevin Sədrliyi ilə 2011-2013-cü illərdə Bakı şəhərinin qəsəbə və kəndlərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş müşavirənin əhəmiyyəti nə ilə ölçülür?
Aydın Hüseynov: "Əldə olunan nailiyyətlər ondan irəli gəlir ki, həyata keçirilən işlər və layihələr ölkə Prezidenti İlham Əliyevin diqqət və nəzarəti altında aparılır"
- "Səs" qəzetinin rəhbərliyinə və kollektivinə təşəkkürümüzü bildiririk ki, mütəmadi olaraq, mühüm məsələlərin müzakirəsi ilə bağlı dəyirmi masaların keçirilməsini təşkil edir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Sədrliyi ilə 2011-2013-cü illərdə Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş müşavirədə çox mühüm əhəmiyyətli məsələlər müzakirə olundu. Məlum olduğu kimi, görülən işlər o zaman proqram şəklinə salınır ki, onun maddi təminatının əsasları olur. Bu baxımdan, ölkəmizdə gedən islahatların ən böyük nəticəsi və mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması üçün bu proqramlar tərtib edilir. Bu proqramların həyata keçirilməsi üçün Azərbaycanda maddi təminat vardır. Ölkə Prezidenti İlham Əliyev bu maddi bazanın olmasına əsaslanaraq, yaranan problemlərin həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edir. Digər məsələ isə proqramların həyata keçirilməsi üçün qoyulan vəsaitdən düzgün istifadə edilməsidir. Demək olar ki, bu gün Azərbaycanın siyasi gücünün ifasidir ki, onun iqtisadiyyatı yüksək inkişaf edir. Məhz bu inkişaf regionda nüfuz, güc sahibi olmağa imkanlar yaradıb. Bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın hansı güc sahibi olduğunu təsdiqləmiş olar. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin çəkilməsi ilə bağlı xərclərin ödənilməsində Azərbaycanın sərmayəsi 30 faiz təşkil edirdi. Bu gün isə Azərbaycan trans-Anadolu qaz kəmərinin çəkilişi ilə bağlı xərclərin, demək olar ki, çox hissəsini öz üzərinə götürmüşdür. Bu müqayisə bir daha Azərbaycanın iqtisadi gücünün artmasına və dünya dövlətləri arasında siyasi gücə malik olmasını təsdiqləyir. Bu gün Bakı və Bakıətrafı qəsəbələrin sosial inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir. Son illər görülən işlər, həyata keçirilən uğurlu layihələr bunu deməyə əsas verir. Belə ki, bu proqramın müsbət nəticəsi olaraq Bakı şəhərində 55 orta məktəb, 51 uşaq bağçası əsaslı təmir olunmuş, 1 milyon 287 min kv.km ərazi asfaltlanmışdır. Əldə olunan nailiyyətlər ondan irəli gəlir ki, həyata keçirilən işlər və layihələr ölkə Prezidenti İlham Əliyevin diqqət və nəzarəti altında aparılır. Rəqəmlər əldə olunan nailiyyətləri təsdiq edən faktdır. Belə ki, 2012-ci ilin büdcəsində Bakı və Bakıətrafı qəsəbələrin asfalt yolunun təmiri üçün 50 milyon manat vəsait nəzərdə tutulub. Bu gün artıq bu vəsaitin 18 milyonu ilin 6 ayı ərzində yolun müasir tələblərə uyğun şəkildə təmirinə xərclənib. Doğrudur, bəzi mətbuat orqanlarında bu işdən xəbəri olmayanlar görülən işlərə ləkə vurmaq üçün qeyri-obyektiv rəqəmlər işlədirlər. Bu adamlar başa düşməlidir ki, hər bir iş, konkret olaraq, müəyyənləşir və dəqiq şəkildə aparılır. Çünki görülən işlərin hər biri dövlət başçısının birbaşa diqqəti və rəhbərliyi altında həyata keçirilir. Eyni zamanda, 2012-ci ildə təhsil müəssisələrində aparılan işlərə dövlət büdcəsindən 96 milyon manat vəsait ayrılıb ki, bundan da 28 milyonluq iş görülüb. Binaların fasadı, məhəllədaxili yolların təmiri və abadlıq işlərinə dair 100 milyon manat nəzərdə tutulub ki, bunun da artıq 76 milyon manatı dəyərində işlər görülübdür. Bakı şəhərinin içməli su ilə bağlı problemləri də artıq aradan qalxıb, əhalinin köçürülməsi üçün ayrılan 25 milyon manat vəsaitin 21 milyonu vətəndaşlara verilib. Belə ki, istər Füzuli küçəsi, istərsə də Bayraq Meydanında və digər ərazilərdə köçürülən insanların mənzillə tam təmin olunması və onların istəklərinə uyğun əraziyə köçürülməsi üçün ölkə başçısının qərarına əsasən, 1 kvadratmetr əraziyə 1500 manat vəsait verilib. Bütün bu deyilənlər, bir daha onu göstərir ki, bu gün Azərbaycanda görülən işlər və həyata keçirilən layihələr Dövlət Proqramına əsasən aparılır. Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2011-2013-cü illərdə Bakı şəhərinin qəsəbə və kəndlərini sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş müşavirədə bir daha bir çox məsələlərə aydınlıq gətirildi, müəyyən sahələrlə bağlı ölkə Prezidentinin tapşırıqları oldu. Prezidentin həmin müşavirədə sürdüyü bütün fikirlər dəyərli və məntiqə əsaslanırdı, xüsusi olaraq, dövlət başçısının dediyi "Bakı dünyanın gözəl şəhərlərindən birinə çevriləcək" fikri bu gün paytaxtımızın günbəgün inkişaf etməsi nəticəsində öz təsdiqini tapmaqdadır.
"Səs" qəzetinin əməkdaşı:
- İsrafil müəllim, bildiyiniz kimi, Səbail rayonu Bakının ən böyük rayonlarından biridir. Hətta belə bir fikir də vurğulanır ki, paytaxtımızın paytaxtı, konkret olaraq, Səbail rayonunda Dövlət Proqramının icrası istiqamətində nə kimi işlər görülür?
İsrafil Kərimov: "Şəhərimizə gələn qonaqlar da Azərbaycanda son illər gedən quruculuq-abadlıq işlərinin sürətlə aparıldığını və Azərbaycanın, o cümlədən, Bakının gözəl şəhərlər cərgəsində olduğunu söyləyirlər"
- Mən də "Səs" qəzetinin redaksiyasına və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, belə bir vacib və mühüm məsələ ilə bağlı dəyirmi masalar keçirir və bugünkü mövzu hər birimiz üçün daha aktual və əsasdır. İyunun 20-də dövlət başçısı İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirəni hər birimiz diqqətlə izləmişik. Keçirilən müşavirələrdə irəli sürülən məsələlərlə həyata keçirilən işlər, bir daha onu göstərir ki, Bakı şəhəri günbəgün gözəlləşir və inkişaf edir. Bu inkişafda Bakının 29 kv.km sahəsi olan Səbail rayonunun da payı var. Səbail rayonu Bakı şəhərinin paytaxtı kimi sayılır və ölkəmizin əsas strateji obyektləri, xarici ölkələrin səfirlikləri, əhalinin istirahət mərkəzlərinin birləşdiyi bir rayondur. Keçən il dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədən sonra Bakı şəhərinin 2011-2013-cü illər sosial- iqtisadi inkişafına dair tədbirlər proqramına əsasən Səbail rayonunda da 44 tədbirin keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərin keçirilməsi ərəfəsində cari ilin aprel ayında ölkə Prezidenti İlham Əliyev Badamdar qəsəbəsində görülən işlərlə yaxından tanış oldu. Həmin görüş zamanı dövlət başçısı Badamdar qəsəbəsində 880 yerlik yeni məktəb korpusunun, 120 yerlik uşaq bağçasının tikilməsi ilə bağlı göstəriş verdi və müvafiq maliyyə vəsaiti ayırdı. Növbəti keçirilən müşavirəyə əsaslanaraq, yenə tədbirlər planı müəyyən edildi. İlk növbədə, rayonun qəsəbələrində elektrik enerjisi və qaz nəqlinin geniş şəkildə həyat keçirilməsi planlaşdırıldı. Artıq bu gün Yeni Bayıl, Bayraq Meydanı, həmçinin, İçərişəhər və Badamdarda 35/10 kilovatlıq yarımstansiyanın açılışı keçirildi. Bu görülən tədbirlərlə yanaşı, rayonda qaz və elektrik sahəsində əldə olunan nailiyyətlər əhali tərəfindən geniş şəkildə dəstəklənilir. Hal-hazırda Dövlət Proqramına uyğun olaraq, işlər davam etdirilir. Dövlət Proqramında təhsil ocaqları çox mühüm sahə hesab edilir. Səbail rayonunda bir il ərzində 6 nömrəli məktəb sökülərək yenidən tikildi, 5 orta məktəb, 1 texniki peşə məktəbi əsaslı təmir edildi. İki məktəb üçün yeni korpus tikildi. Eyni zamanda, iki uşaq texniki-yaradıcılıq mərkəzi əsaslı təmir edildi. Xüsusi olaraq, qeyd edim ki, bütün bu işlər çox ciddi nəzarət altında aparılır. 20 iyun tarixi müşavirədən sonra əvvəlki tədbirlər planında təhsil sahəsində nəzərdə tutulan bəndlərin üzərinə altısı da əlavə edildi. Belə ki, daha 3 məktəbin, 2 uşaq bağçasının əsaslı təmiri, 1 uşaq bağçasında əlavə zalların əlavə tikintisi nəzərdə tutulur. Eyni zamanda, əhalinin müraciətinə əsaslanaraq, iki xeyir-şər evi, mədəniyyət evi müasir tələblərə uyğun olaraq təmir edilib və qəsəbə sakinlərinin istifadəsinə verilib. Ən əsası isə qəsəbədə olan Heydər Əliyev Parkının yüksək səviyyədə təmir olunması və həmin parkın açılışında Prezident İlham Əliyevin iştirakı qəsəbə sakinlərinin böyük sevincinə səbəb olmuşdur. Daha böyük uğurlu nailiyyətlərdən biri də bu il ölkəmizində keçirilən "Eurovision"la bağlı rayonumuzda aparılan işlərdir. Belə ki, Azneft meydanından başlayaraq, Bakı-Ələt magistral yolunun Bayraq Meydanı istiqamətində olan yeni, gözəl və müasir tələblərə uyğun yolların çəkilməsi və altı yerdə müasir yeraltı keçidlərin tikilməsi bu sıradıdır. Bunun ardınca isə Bakı funiklyorunun açılışı əhalinin böyük sevincinə səbəb olmuşdur. Yeni beşulduzlu mehmanxanaların istifadəyə verilməsi də Dövlət Proqramına əsaslanan layihədir. Eyni zamanda, gələcəkdə şəhərimizin simvoluna çevrilən alov qüllələri kompleksinin tikintisi də başa çatdırılır. Deyilənlərlə bərabər, şəhidlər kompleksinin ikinci yarısının əsaslı təmir işləri həyata keçirilir. Bakı funikulyorunun digər tərəfində Həzi Aslanovun abidə kompleksi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Qeyd edim ki, aparılan bu quruculuq və abadılıq işləri şəhərimizə gələn qonaqlar tərəfindən yüksək dəyərləndirilir. Onlar Azərbaycanın, o cümlədən, Bakının gözəl şəhərlər cərgəsində olduğunu söyləyirlər. Bütün bu görülən işlərə əsaslanaraq, əminliklə deyə bilərik ki, Səbail rayonunda Dövlət Proqramı uğurla həyata keçirilir.
"Səs" qəzetinin əməkdaşı:
- Bakı kəndləri arasında əhalinin sayına görə ilk cərgələrdə qərar tutan və ictimai proseslərdə fəallığı ilə seçilən Mərdəkan qəsəbəsində Dövlət Proqramı ilə bağlı həyata keçirilən işlər nədən ibarətdir?
Teyyub Əliyev: "Bu gün həyata keçirilən bütün işlərin məğzində dövlət başçısının apardığı düzgün və məqsədyönlü siyasəti dayanır"
- Burada Azərbaycanımızla, paytaxtımız gözəl Bakımızla bağlı çox faktlar deyildi. Mən də fikir mübadiləsi zamanı qeyd olunan və qeyd olunmayan bəzi məsələlərə toxunmaq istərdim. Təbii ki, bu gün Bakı və Bakıətrafı qəsəbələrlə bağlı Dövlət Proqramına əsaslanan görülən işlər göz qabağındadır. 20 iyun tarixində Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə görülən işlər və davam etdirilən tədbirlər müzakirə olundu, dövlət başçısı müəyyən iradlarını və tapşırıqlarını bildirdi və Bakımızın dünyanın gözəl şəhərləri səviyyəsinə çatması istiqamətində tapşırıqlarını verdi. Bu gün həyata keçirilən bütün işlərin məğzində dövlət başçısının apardığı düzgün və məqsədyönlü siyasəti dayanır. Məhz bu uğurlu siyasətin nəticəsidir ki, dövlət büdcəmiz 21 milyard dollara çatmışdır. Sözsüz ki, dövlət proqramlarının, o cümlədən, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemlərinin həyata keçirilməsində qəbul olunan tədbirlər mühüm əhəmiyyət kəsb edir. Bakı kəndlərində sosial problemlərin həlli öz inkişafını tapmaqdadır. Belə ki, iyulun 3-də Milli Olimpiya Komitəsində olimpiya yarışçılarının Londonda keçiriləcək yarışa göndərilməsi ilə bağlı keçirilən tədbir bir vətəndaş kimi mənim sevincimə səbəb olmuşdur. Orada da Bakının və ətraf qəsəbələrin əhalisinin balaları iştirak edirdi ki, onlar Azərbaycanı böyük yarışlarda təmsil edəcəklər. Bu, hər birimizin qürur və sevinci deməkdir. Bu gün güclü bazası olan Azərbaycan bütün sahələrdə yüksək uğurlara nail olur. Xüsusi olaraq, bunu da qeyd etmək lazımdır ki, gənclərimiz dövlətin onlara göstərdiyi qayğı və diqqəti gözəl hiss edir və buna görə də idmana daha çox meyil edirlər. Hər sahədə inkişaf o ölkənin iqtisadi durumundan asılıdır. Nəzərə alsaq ki, dünya ölkələrində gedən iqtisadi böhran həmin ölkələrin hansı problemlərlə yaşadığını göstərdiyi halda, bu iqtisadi böhran Azərbaycandan yan keçmişdir. Bunun səbəbi isə, Azərbaycanın iqtisadi-maddi bazanın sərfinin düzgün istiqamətdə aparılmasıdır. Ümumiyyətlə, əldə olunan bütün nailiyyətlər dövlət başçımızın apardığı düzgün və uğurlu siyasəti nəticəsində həyata keçirilir. Bu inkişaf həm də əhalinin sosial rifahının yaxşılaşması deməkdir.
Digər ən əsas məsələyə də toxunmaq istərdim. Bildiyimiz kimi, yol mədəniyyət deməkdir. Belə ki, bu il dövlət büdcəsindən Bakının yollarının müasir tələblərə uyğun olaraq çəkilməsinə 50 milyon manat vəsait ayrılıb. Xüsusi olaraq, demək istərdim ki, ölkə Prezidentinin əhali ilə görüşləri ictimaiyyət tərəfində müsbət qarşılanır. Çünki bu görüşlər zamanı əhali tərəfindən irəli sürülən təkliflər də Bakımızın inkişafına istiqamətləndirilən əsas amillərdəndir. Ümumiyyətlə, bu deyilənlər, bir daha onu göstərir ki, Bakı Avropa dövlətləri cərgəsində böyük inkişaf yolundadır. Bizlər aparılan uğurlu siyasətdə daim Prezident İlham Əliyev cənablarının ətrafında daha da sıx birləşərək, Onun mükəmməl kursunu dəstəkləyəcəyik.
"Səs" qəzetinin əməkdaşı:
- Zakir müəllim, bu gün Binəqədi rayonunda da aparılan tikinti-quruculuq işləri Dövlət Proqramına uyğun olaraq aparılır. Siz bu yöndə hansı fikirlərinizi bölüşmək istərdiniz?
Zakir Məmmədov: "Ölkə Prezidentinin verdiyi Sərəncama əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə aparılan işlər Binəqədi rayonunda da geniş şəkildə həyata keçirilir"
- İlk növbədə, mən də "Səs" qəzeti redaksiyasına və rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, ölkədə gedən ictimai-siyasi məsələlərlə bağlı dəyirmi masalar keçirir. Binəqədi qəsəbəsində görülən işlərlə bağlı fikrimi bildirmək istərdim. Belə ki, ölkə Prezidentinin verdiyi Sərəncama əsasən, Bakı və Bakıətrafı qəsəbələrdə aparılan işlər Binəqədi rayonunda da geniş şəkildə həyata keçirilir. Xüsusilə, rayonun əsas problemlərindən olan yolların çəkilməsi, təhsil ocaqlarının əsaslı təmiri, qaz və su xətlərinin yeniləşməsi prioritet məsələlərdən biri kimi qarşıya qoyulmuşdur. Artıq bu sahədə geniş işlər aparılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən rayonumuza təyin olunan yeni rəhbərliyin nəzarəti ilə bu işlərin həlli həyata keçirilməkdə davam edir. Xüsusi olaraq, qeyd edim ki, rayonun bəzi yerlərində on illərlə nəzarətsiz qalan yollar bərpa olunur, yeniləşir. Rayonda, demək olar ki, qazlaşma tam həyata keçirilmişdir. Elektrik sahəsində kabelləşmə işləri davam etdirilir. Hazırda Novxanı kəndi istiqamətində yolların təmir işləri aparılır, həmçinin, iki uşaq bağçasının tikintisi nəzərdə tutulur. Artıq 4-5 kilometr məhəllədaxili yollar asfaltlanmışdır və bu iş davam etdirilməkdədir.
"Səs" qəzetinin əməkdaşı:
- Aydın müəllim, son olaraq, belə bir sualla dəyirmi masamızı yekunlaşdırmaq istərdim. Sizcə, Dövlət Proqramının icrası ilə qarşıya qoyulan vəzifələr ölkəyə daha hansı səmərələr verəcək?
Aydın Hüseynov: "Dövlət Proqramı ümumi olaraq Azərbaycan dövlətinin, Azərbaycan bölgələrinin sosial və iqtisadi inkişafının daha da sürətlənməsi üçün mühüm əhəmiyyət kəsb edir"
- Əlbəttə, Dövlət Proqramının icrası davamlı olaraq yerinə yetirilir və əldə olunan uğurlar göz qabağındadır. Artıq Azərbaycan regionda deyil, dünyada özünəməxsus unikal bir inkişaf modeli olan ölkə qismində tanınır. Azərbaycanın 20 il bundan əvvəlki dövrü ilə bugünkü inkişafı arasında əldə olunan nailiyyətlərə diqqət yetirsək, çox yüksək uğurlara malik olduğunu görərik. Çünki 1991-ci ildən 1993-cü ilə qədər Azərbaycan iqtisadiyyatı tam iflic vəziyyətində idi. Ölkənin valyuta ehtiyatı sıfır həddində idi. 1995-ci ilə qədər bu böhranın qarşısı alındı. 1996-cı ildə, ilk dəfə olaraq, ümum daxili məhsulun həcmi 3,4 faiz artdı. Dünya iqtisadçı mütəxəssisləri belə bir fikir bildirirlər ki, Azərbaycandakı bu iqtisadi inkişaf unikal iqtisadi modeldir. Bu isə Ulu Öndər Heydər Əliyevin düzgün strategiyasının layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev tərəfindən müasir tələblər səviyyəsində apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün hər birimizin qarşısında yeni vəzifələr qoyulub. Belə ki, bu amil daimi proses kimi dəyərləndirilməkdədir. Və bu əhəmiyyətli Dövlət Proqramı ümumi olaraq Azərbaycan dövlətinin, Azərbaycan bölgələrinin sosial və iqtisadi inkişafının daha da sürətlənməsi üçün mühüm əhəmiyyət kəsb edir.
Rəfiqə KAMALQIZI,
Rövşən NURƏDDİNOĞLU