Məlum olduğu kimi, ölkəmizdə ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmiş "Yay məktəbi" layihəsi partiyanın gənclər təşkilatı tərəfindən uğurla həyata keçirilməkdədir. Xüsusilə, vurğulamaq mümkündür ki, Azərbaycan gəncliyinin həyatında mühüm rol oynayan bu əhəmiyyətli proses artıq bir neçə ildir ki, davam edərək, geniş vüsət almaqdadır. Layihənin yaranma zərurəti və əhəmiyyəti ondan ibarət olub ki, Yeni Azərbaycan Partiyasının sırasında olan, eləcə də, fəallıq göstərən gənclər bir-birlərini daha yaxşı tanısınlar, gördükləri işlər barədə bir-birlərini bilgiləndirsinlər, öyrənib-öyrətsinlər. Eyni zamanda, "Yay məktəbi" layihəsi müxtəlif proqramlar çərçivəsində təmsil olunmaları üçün ən yaxşı amil kimi dəyərləndirilə bilər. Belə ki, layihə proqramı çərçivəsində iştirakçı gənclərlə birlikdə Yeni Azərbaycan Partiyasının nüfuzlu nümayəndələri də proseslərdə iştirak edir, gənclərlə açıq diskussiyalar aparılır, onların dünyagörüşünün və bilik səviyyələrinin daha da genişləndirilməsi üçün məsləhət və tövsiyyələrlə çıxışlar edilir.
Fəaliyyətlərində yenilik qazanmaq fürsəti
Nəticədə, layihədə iştirak edən gənclər ölkənin aparıcı siyasi partiyasının-Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə yaxından tanış olur, onlarla fikir mübadilələri aparır, partiyadakı fəaliyyətlərində yeniliklər qazanmaq fürsəti əldə etmiş olurlar. Buna misal kimi, Oğuz və Qəbələdə keçirilən "Yay məktəbi" kampaniyasını göstərmək mümkündür. Xatırladaq ki, layihə çərçivəsində həmin rayonlarda gənclik və müasirlik mövzusunda dəyirmi masalar təşkil olunmuşdu, bir-birindən fərqli və maraqlı diskussiyalar keçirilmişdir. Bu, həm də onunla bağlıdır ki, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov da, mütəmadi olaraq, iştirakçı gənclərlə görüşlər keçirmiş, qarşılıqlı fikir mübadilələri nəticəsində tövsiyyələr, rəy və təkliflər səslənmişdir. Habelə, kampaniya çərçivəsində müxtəlif yönlü intellektual oyunlar, futbol, basketbol, voleybol və başqa idman yarışları da təşkil olunmuş, gənclər də daha da böyük əhval-ruhiyyənin yaranması üçün bütün zəruri imkanlara yüksək şərait yaradılmışdır.
Paytaxt gəncləri ilə region gəncləri arasında səmimi və sıx münasibətlər formalaşıb
"Yay məktəbi" layihəsinin digər əsas uğurlarından biri də ondan ibarətdir ki, kampaniya çərçivəsində paytaxt Bakıda yaşayan gənclərlə region gəncləri arasında səmimi və sıx münasibətlər müvəffəqiyyətlə formalaşıb. Həmin gənclər arasında qarşılıqlı, səmimi fikir mübadiləsinin formalaşması növbəti uğurların aşılanmasına xidmət edən amillərdəndir. YAP-ın "Yay məktəbi" kampaniyasının əsas məqsədi də, məhz bütün ölkə gəncləri arasında sıx və səmimi münasibətin yaranmasına xidmət edir.
600 gənc iyul ayının sonuna kimi kampaniyada iştirak edəcək
Möhtəşəm kampaniyada nəzərdə tutulub ki, Azərbaycanın ən gözəl guşələrində, dilbər təbiətində yerləşən müasir otel komplekslərində "Yay məktəbi" layihəsi çərçivəsindəki gənclər həm asudə vaxtlarının, həm də istirahətlərini mənalı keçirsinlər. Lerik rayonu ərazisində olan "Relaks" istirahət və əyləncə mərkəzində, Oğuz rayonunun "Af" otelində gənclərin bütün ehtiyaclarını ödəyə biləcək şəraitlər mövcuddur. Çünki burada gənclər üçün yaradılan bütün şərait Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunub. Eyni zamanda, gənclər bu otellərin bütün imkanlarından istifadə etmək imkanlarına da malikdirlər. Ümumiyyətlə, nəzərdə tutulub ki, 600 gənc iyul ayı ərzində hər qrupda 60-70 nəfər olmaqla, 40 faizi region gəncləri, 60 faizi isə Bakı və digər şəhərlərdən olan gənclər bu kampaniyada iştirak etsin.
RƏFİQƏ HÜSEYNOVA