Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşdırılan "Yay Məktəbi" layihəsi uğurla davam etdirilməkdədir. Dünən "Yay Məktəbi" Oğuz rayonunda növbəti tədbirini keçirib. Rayonda "Yay Məktəbi"nin ikinci günündə müxtəlif məsələlərə dair diskussiyalar davam etdirilib, eyni zamanda, interaktiv oyunlar və əyləncə tədbirləri keçirilib.
İlk öncə, "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib. Tədbirdə "Yay Məktəbi" layihəsinin Oğuz rayonunda keçirilən qrupuna rəhbərlik edən "Səs" qəzetinin baş redaktoru və SİA-nın baş direktoru Bəhruz Quliyev, təşkilati məsələlərə YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov və YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Zəkiyyə Musayeva iştirak edib. Z.Musayeva tədbirlə bağlı məlumat verib. "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası"nın əhəmiyyətindən bəhs edən Bəhruz Quliyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan və 2020-ci ilədək dövrü əhatə edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfi Azərbaycanı inkişaf etmiş ölkələr arasına daxil etməkdir: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkənin gələcək inkişafına yönəlib. Müasir dövlətlərin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini ümummilli tərəqqinin konseptual əsaslarının hazırlanıb, həyata keçirilməsi təşkil edir".
B.Quliyev Azərbaycanın gələcək inkişafı üçün kadrların hazırlanmasının vacibliyini də vurğulayıb. Siyasi partiyaların əsas vəzifəsi cəmiyyətlə dövlət arasında körpü rolu oynamasını vurğulayan B.Quliyev YAP Gənclər Birliyinin bu işin öhdəsindən uğurla gəldiyini bildirib və qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı çox təkmil sənədlər qəbul olunub. Onun sözlərinə görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı biri-birini tamamlayır. Onun sözlərinə görə, tədbiri təşkil edən YAP Gənclər Birliyi dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələrin hazırlanmasında iştirak edir.
YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov tədbirdə çıxış edərək, dövlətin gənclər siyasəti ilə bağlı konkret proqramların da qəbul edildiyini söyləyib. H.Daşdəmirov, həmçinin, dövlətin gənclərə böyük qayğı və diqqət yetirdiyini bildirib.
Daha sonra isə gənc fəallardan Həbibə Sadıxlı, İnarə Əzimzadə, Təvəkkül Kərimli və başqaları "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Vurğulanıb ki, müəyyən edilmiş hədəflərə çatmaq üçün kifayət qədər potensial var. Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində tərəqqinin təməli qoyulub, bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsinə çevrilib.
Bunun ardınca isə "İKT"-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr" mövzusunda növbəti seminar-diskussiya keçirilib. Qarşılıqlı fikir mübadiləsi əsasında baş tutan diskussiyada İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edilib, bu sahədə əldə edilmiş nailiyyətlə vurğulanıb. Ölkəmizdə İKT sektorunun sürətlə inkişaf etdiyinin vurğulandığı diskussiyada qeyd edilib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.
Qeyd edək ki, "Yay Məktəbi"ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları, olduqca yüksək səviyyədə qiymətləndiriblər.
RƏFİQƏ KAMALQIZI