Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Liderliyə gedən yol" "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər uğurla həyata keçirir. Layihə çərçivəsində Oğuz rayonunda olan gənc fəallar həftənin üçüncü gününü daha fərqli və yaddaqalan tərzdə keçirdilər. Yaddaqalan hadisə gənclərin Şəkidəki "Xan sarayı"na ekskursiyaya getmələri oldu. Belə ki, gənclər ilk öncə, rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra, Heydər Əliyev Mərkəzində olublar. Sonra Oğuz rayonunda "Yay məktəbi" layihəsinin 75 nəfər fəal gəncləri Şəkiyə səfər etdilər. Xan sarayı başda olmaqla, digər tarixi zənginliyi ilə seçilən yerlərə də ekskursiya təşkil edildi. Günün ikinci yarısı "Milli-mənəvi sərvətlərimizin qorunması və təbliği" mövzusunda dəyirmi masa keçirildi. Qrupun təşkilati məsələlər üzrə məsul şəxsi YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva həyata keçirilən layihələrdən danışaraq, bildirdi ki, burada fəal gənclərin Azərbaycanın dilbər guşələrində səmərəli istirahət etmələrinə, ekskursiyalarına geniş şərait yaradılır, eləcə də, onlar qədim diyarımızın tarixi, çoxşaxəli folkloru, qədim abidələri, zəngin təbiəti barədə yeni-yeni informasiyalar toplanılır və öyrənilir.
Dəyirmi masada çıxış edən qrupun rəhbəri "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev Yeni Azərbaycan Partiyasının, digər sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunmasında da əhəmiyyətli işlər gördüyündən danışdı: "Bu gün Şəki şəhərinə etdiyimiz ekskursiya da bu işlərin məntiqi davamıdır. Unutmamalıyıq ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və onun inkişaf etdirilməsinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Təbii ki, bu gün belə bir əhəmiyyətli amilin davam etdirilməsində ölkə Prezidenti İlham Əliyevin, eləcə də, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördükləri işlər nəhəng və əvəzolunmazdır. Sevindirici haldır ki, məhz "Yay məktəbi" layihəsi çərçivəsində bu kimi tədbirlər Yeni Azərbaycan Partiyası tərəfindən reallaşdırılır, gənclərə milli-mənəvi dəyərlərin bütün müsbət cəhətləri aşılanır".
Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov Ulu Öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan milli-mənəvi sərvətlərimizin qorunmasında YAP-ın əvəzsiz xidmətlərindən danışdı.
Mövzu ətrafındakı diskussiyalarda iştirak edən gənclərdən Asim Əliyev, Nərmin Ərəbli, Təvəkkül Kərimli, Aqil Quliyev və başqaları öz təklif və fikirlərini iştirakçılarla bölüşdülər. Çıxış edən gənclər Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən, Onun Azərbaycanın milli-mənəvi sərvətlərinin qorunması üçün göstərdiyi qayğıdan, diqqətdən, Azərbaycanın milli-mənəvi sərvətlərindən söhbət açdılar. Çıxış edən gənclər, öz növbələrində, Yeni Azərbaycan Partiyasının bu kimi əhəmiyyətli tədbirlərində iştirak etdiklərinə görə, sevinc hisslərini və məmnunluqlarını bildirdilər.
Günün sonunda "Siyasi partiyaların KİV-lə əməkdaşlıq - təbliğat, təşviqat işi" mövzusunda keçirilən treninqdə çıxış edən qrupun rəhbəri Bəhruz Quliyev bugünkü mətbuatda müasir texnologiyalardan istifadə etməklə davamlı inkişafın əhəmiyyətindən danışdı. Keçirilən tədbirin mühüm və aktual mövzunu əhatə etdiyini, təqdirəlayiq olduğunu vurğulayan B.Quliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğının əvəzsiz olduğunu deyərək, mətbuatın inkişafında Prezident İlham Əliyevin xidmətlərindən geniş danışdı: "Demək istərdim ki, "Yay məktəbləri" kampaniyası çərçivəsində bir çox mövzularda treyninqlər, layihələr keçirilməkdədir. Nəticədə, kampaniyada iştirak edən gənclər dünya baxışlarını artırır, gələcəkdə əldə etdikləri biliklərindən cəmiyyət arasında istifadə edirlər. Bu, onların intellektlərinin artmasında da əhəmiyyət kəsb edən faktor kimi dəyərləndirilir.
Mövzu ilə bağlı geniş məlumat verən YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Zəkiyyə Musayeva internetdən, yeni texnologiyalardan yararlanmanın, elektron qəzetlərin meydana gəlməsinin mühüm dəyişikliklər olduğunu nəzərə çatdırdı: "Siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusu bu gün cəmiyyətdə, xüsusilə, gənclər arasında çox önəmli məsələlərdən biri kimi qiymətləndirilir. Çünki iştirak etdiyimiz "Yay məktəbi" kampaniyasında digər mövzularla yanaşı, bu mövzu ətrafında da fikir mübadilələri aparılıb. Belə ki, cəmiyyətdə normal fəaliyyətləri ilə seçilən bir çox siyasi partiyalar mövcuddur ki, onların dövlətçilik prizmasından olan baxışları biz gənclər üçün də maraq doğurur. Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbi" kampaniyası çərçivəsində mətbuatda çalışan KİV nümayəndələri də iştirak edirlər. Bu baxımdan, keçirilən mövzu ətrafında aparılan fikir mübadilələri həm də səmərəvericidir".
Sonra ayrı-ayrı qruplarla iş aparılıb.
R.KAMALQIZI