Azərbaycanla Rusiya Federasiyasının regionları arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlığın vəziyyətini araşdırmaq, mövcud əlaqələrin daha da genişləndirilməsi məqsədilə iyunun 28-də Bakıda "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilib.
Münasibətlər dinamik şəkildə inkişaf edir
Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunan forumun işində hər iki ölkənin prezident administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndələri iştirak ediblər.
Azərbaycanla Rusiya arasındakı münasibətlərin tarixi qədim keçmişə gedib çıxır. Xalqlarımız əsrlər boyu əmin-amanlıq, dostluq şəraitində yaşayıb, hər zaman fəal qarşılıqlı əlaqə qurublar. Sovetlər Birliyi dağılandan sonra da Rusiya ilə Azərbaycan arasında münasibətlər dinamik, konstruktiv şəkildə inkişaf edir. Azərbaycan və Rusiya Xəzər dənizi regionunda və Qafqaz regionunda gedən hadisələrə təsir göstərən ölkələrdir.
Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox qayğıkeş münasibət bəsləyirlər. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycanda yaşayır. Heç şübhəsiz ki, Qafqazda ən böyük icma və Azərbaycanda yaşayan icmalardan ən böyüyü olan rus icması bu baxımdan çox mühüm rol oynayır.
1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Rusiya ilə dostluq münasibətlərinin qurulmasında böyük xidmətləri olub. Böyük Öndər ölkələrimiz arasında strateji tərəfdaşlığın əsaslarını qoyub. Bu münasibətlər sonradan dinamik şəkildə inkişaf etməkdə davam edir. Müasir mərhələdə də Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir. Azərbaycan və Rusiya strateji tərəfdaşdır.
Tarixi dostluq telləri möhkəmlənir
Bu mötəbər tədbir Rusiya-Azərbaycan əməkdaşlığının müasir potensialını əks etdirir. Çoxşaxəli, hərtərəfli əməkdaşlıq isə strateji tərəfdaşlıq xarakteri daşıyır, konkret nəticələrlə və hər iki xalqın rifahının yaxşılaşmasına yönəldilmiş birgə fəaliyyətlə təzahür olunur. Prezident İlham Əliyevin forum iştirakçılarına göndərdiyi məktubda da qeyd olunur ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir: "İqtisadi, elmi-texniki və humanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir.
Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər".
Rusiya-Azərbaycan regionlararası forumu dövlətlərimiz arasında qarşılıqlı fəaliyyətin ən səmərəli vasitələrindən biri kimi dəyərləndirən Rusiya prezidenti Vladimir Putinin iştirakçılara göndərdiyi təbrik məktubunda bildirilir ki, forum nisbətən qısa müddətdə Rusiya və Azərbaycanın dövlət hakimiyyəti nümayəndələri, işgüzar və ekspert birlikləri arasında açıq, konstruktiv dialoq üçün ehtiyac duyulan məkan kimi nüfuz qazanıb: "Forum bizim tərəfdaşlığımız üçün əhəmiyyətli, coğrafiyası və mövzu dairəsi daim genişlənən layihə və təşəbbüslərin güclü generatoruna çevrilib".
Prezidentlər əməkdaşlığın genişlənməsində maraqlıdır
Bu səviyyəli tədbirlərin mütəmadi olaraq keçirilməsinin prezidentlər İlham Əliyev və Vladimir Putinin siyasi iradəsi nəticəsində mümkün olduğunu deyən Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev vurğulayıb ki, hər iki ölkənin rəhbərləri dövlətlərimiz arasında tərəfdaşlığın daha da dərinləşməsində, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişlənməsində maraqlıdırlar.
Tədbirdə çıxış edən Rusiya prezident aparatının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarə rəisi Vladimir Çernov isə bildirib ki, bu forum Azərbaycan və Rusiya arasında geniş perspektivlərə malik olan bir meydandır.
Forumun əhəmiyyətinə toxunan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya postsovet məkanının ən böyük ölkəsidir və Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti var: "Rusiya ilə Azərbaycan arasındakı əlaqələr həm rus, həm də Azərbaycan xalqının maraqlarına cavab verir. Bu kurs iki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Putin tərəfindən müəyyən olunub, strateji tərəfdaşlıq istiqamətində davam etdirilir və bundan sonra da davam etdiriləcək".
Forum etimadın möhkəmlənməsinə xidmət edir
"Rusiya-Azərbaycan dialoqu 2012" Rusiya-Azərbaycan III Regionlararası Forumun Yekun Bəyannaməsində qeyd olunur ki, regionlararası əməkdaşlığın inkişafı Azərbaycan və Rusiya xalqlarının köklü maraqlarına cavab verir, etimadın və qarşılıqlı yaxınlaşmanın möhkəmlənməsinə xidmət edir.
Tərəflər ikitərəfli dialoqun irəli aparılmasına Azərbaycanla Rusiyanın subyektləri arasında əlaqələrin effektivliyinin artırılması yolu ilə töhfə verməyə hazır olduqlarını bir daha təsdiqləyiblər. Bəyannamədə əməkdaşlığın inkişafının prioritet istiqamətləri sırasında qarşılıqlı sərfəli ticarətin inkişafı üçün münbit şəraitin formalaşdırılması, istehsal kompleksinə investisiyaların artırılması, əmək miqrasiyası sahəsində ikitərəfli müqavilə bazasının mükəmməlləşdirilməsi, nəqliyyat kommunikasiyaları və rabitə sahəsinə dəstək mexanizmlərinin yaradılması və onların inkişafı, aqrosənaye kompleksi sahəsində əməkdaşlığın inkişafı, yanacaq-energetika, sənaye və aqrosənaye, nəqliyyat kompleksləri sahəsində sahələrarası dialoqun intensivləşdirilməsi, maliyyə sektorunda əməkdaşlıq, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Azərbaycanda və Rusiyanın subyektlərində Rusiya və Azərbaycan diasporlarının etnik, dil və mədəni bənzərsizliklərinin qorunması və inkişafı üçün münbit şəraitin təmin edilməsi kimi müddəalar yer alıb.
Cabir