PDF Oxu

Əsas

  • 68

14 iyul - tariximizin ən şərəfli səhifəsi

14 iyul - tariximizin ən şərəfli səhifəsi

Dünən YAP Şəmkir rayon təşkilatı, Şəmkir rayon icra hakimiyyəti və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümü ilə bağlı geniş tədbir keçirildi. Heydər Əliyev Mərkəzində keçirilən görüşə Ulu Öndər Heydər Əliyevin Şəmkirə səfərləri zamanı Onunla şəxsən görüşən şəxslər - Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Nəzixə Zeynalova, Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, əməkdar kənd təsərüffatı işçisi İsmayıl Süleymanov və Şəmkir rayon icra hakimiyyəti başçısının Düyərli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Aybəniz Nəsibova dəvət olunmuşdu.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Mərkəzinin foyesində qoyulan Heydər Əliyev büstünü ziyarət edərək, büstün önünə tər gül dəstələri düzüblər. Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Şəmkir rayonuna səfərləri ilə bağlı təşkil olunmuş bölmələrə tamaşa ediblər. Tarixi günlə bağlı keçirilən tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Fəxri Yusibov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 43 ilin hər səhifəsinin Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsi olduğunu söylədi. Bildirdi ki, bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir.

Prezident təqaüdçüsü Nəzixə Zeynalova 1969-cu ilin 14 iyul günü hər bir azərbaycanlının şərəflə yad etdiyi gün olduğunu söylədi: "14 iyul 1969-cu il tarixi gündə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Ulu Öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi dövründə respublikada, sözün əsil mənasında, baxımsızlıq hökm sürürdü, iqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı."

N.Zeynalova, həmçinin, Ulu Öndərin Şəmkirə səfərləri ilə bağlı xitirələrindən danışdı.

Əməkdar kənd təsərüffatı işçisi İsmayıl Süleymanov, Şəmkir rayon icra hakimiyyəti başçısının Düyərli kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Aybəniz Nəsibova və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 43 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər qeyd etdilər ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür.

Tədbirin sonunda bir qrup gənclərə YAP Şəmkir rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin şəkli və imzası olan döş nişanları və qiymətli hədiyyələr verildi.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər