PDF Oxu

Əsas

  • 61

"Yay məktəbi" layihəsi gənclər arasında səmimi münasibət formalaşdırıb

"Yay məktəbi" layihəsi gənclər arasında səmimi münasibət formalaşdırıb

Öz əhəmiyyəti ilə seçilən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Azərbaycanın dilbər guşələri olan Oğuz və Lerik rayonlarında gənclər üçün "Yay məktəbi" layihəsi çərçivəsində tədbirlər həyata keçirilməkdədir. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda "dəyirmi masa"lar, diskussiyalar keçirilir. Onu da xatırladaq ki, bu kimi tədbirlər artıq ənənə şəklini alıb.

Beləliklə, iyulun 12-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsi Lerik rayonunda növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra regionlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 70-dən çox gənc üzvü Lerik rayonunun ən səfalı guşələrindən olan "RELAX" istirahət mərkəzində toplaşan gənclər görüşün dördüncü günü "Siyasi partiyaların KİV-lə əməkdaşlıq - təbliğat, təşviqat işi" mövzusunda növbəti treninqini keçirdi. Tədbirə rəhbərlik edən millət vəkili Sahibə Qafarova, təşkitlati məsələlərə YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov və YAP Gənclər Birliyi təşkilati ofisinin məsul işçisi Vüsalə Niftəliyeva iştirak edib. Layihənin müəllifi YAP Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyevdir. B.Nəbiyev mövzu ilə bağlı geniş mühazirə edərək mühüm və aktual mövzu olduğunu vurğuladı: "Azərbaycanda azad mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Mətbuat üzərindən senzura götürüldü. Nəşriyyata olan borclar donduruldu, daha sonra ləğv edildi".

Mətbuatın inkişafında Prezident İlham Əliyevin xidmətlərindən danışan B.Nəbiyev internetdən, yeni texnologiyalardan yararlanmanın, elektron qəzetlərin meydana gəlməsinin mühüm dəyişikliklər olduğunu nəzərə çatdırdı: "Siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusu bu gün cəmiyyətdə, xüsusilə, gənclər arasında çox önəmli məsələlərdən biri kimi qiymətləndirilir. Çünki iştirak etdiyimiz "Yay məktəbləri" kampaniyasında digər mövzularla yanaşı bu mövzu ətrafında da fikir mübadilələri aparılıb. Belə ki, cəmiyyətdə normal fəaliyyətləri ilə seçilən bir çox siyasi partiyalar mövcuddur ki, onların dövlətçilik prizmasından olan baxışları biz gənclər üçün də maraq doğurur. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi "Yay məktəbləri" kampaniyası çərçivəsində mətbuatda çalışan KİV nümayəndələri də iştirak edirlər. Təbii ki, fürsətdən istifadə edərək, onlar mətbuat nümayəndəsi olaraq, YAP-ın qarşıda görəcəyi işlərlə yaxından maraqlanır, onlara lazım olan informasiyaları toplayaraq, ictimaiyyətə təqdim edirlər".

Qrupun rəhbəri millət vəkili Sahibə Qafarova sözügedən mövzunu, həmin mövzu ətrafında aparılan qarşılıqlı dialoqları, fikir mübadilələrini yüksək qiymətləndirdi və siyasi partiyalarla KİV-lərin əməkdaşlığı mövzusunun olduqca maraqlı və geniş olduğunu vurğuladı.

Sonra siyasi partiyalar və KİV nümayəndələrindən ibarət qruplar yaradıldı və hər qrup ayrı-ayrılıqda öz layihələrini təqdim etdilər. Sonra müvaffiq layihələr münsif heyətləri tərəfindən qiymətləndirildi.

Günün sonunda rayonun görməli və gəzməli yerlərinə gəzinti təşkil olundu.


R.HÜSEYNOVA

Digər xəbərlər