Dünən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin "Yay məktəbi" layihəsinin ikinci turunun 5-ci günündə gənclərin Oğuzdakı qrupu növbəti tədbirini keçirib. Ölkəmizin bir sıra rayonlarını təmsil edən Yeni Azərbaycan Partiyasının 75-dən çox gənc üzvü Oğuz rayonuna səfər çərçivəsində 5 gün ərzində müxtəlif görüşlər keçirib, aktual mövzulara aid müzakirələr aparıb, diskussiyalar təşkil ediblər. "Yay məktəbi" layihəsi çərçivəsində Oğuz rayonunda keçirilən son gün "Siyasi nəzəri biliklər və siyasətin tərkib hissələri" mövzusunda növbəti dəyirmi masa keçirilməsi ilə öz işinə başlayıb. "Yay məktəbi" layihəsinin Oğuzdakı qrup rəhbəri "Səs" qəzetinin baş redaktoru, SİA-nın baş direktoru Bəhruz Quliyev çıxış edərək, bildirib ki, hazırda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 43-cü ildönümünü böyük coşqu ilə qeyd etməkdədir: "Bu əsnada xüsusi ilə vurğulamaq istərdim ki, məhz Ümummilli Liderimizin həmin dövrlərdə hakimiyyətə gəlməsi Onun istiqamətləndirdiyi siyasi nəzəriyyənin başlanğıcı idi. Təbii ki, bu kimi möhtəşəm siyasi nəzəriyyə və onun reallaşdırılması bugünükü Azərbaycanımızın qüdrətlənməsi və güclənməsi ilə nəticəsini tapmışdır. Bu baxımdan Yeni Azərbaycan Partiyası tərəfindən bu kimi əhəmiyyətli mövzuların gənclər arasında təbliğ olunması mühüm məna kəsb edir. Sevindirici haldır ki, gənclərin dünyaya baxışı, cəmiyyət arasında mövqeyi bu cür nəzəriyyələr üzərində inkişaf edir".
YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov və tədbirin modiratoru YAP Suraxanı rayon təşkilatının gənclər birliyinin sədri Zəkiyyə Musayeva müzakirə olunan mövzu ilə bağlı çıxış edərək, bildiriblər ki, bu kimi möhtəşəm siyasi nəzəriyyələrin öyrənilməsi gənclərimizin gələcək həyatlarında mühüm rol oynayacaq.
Günün ikinci yarsı "Yay məktəbi"nin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 43-cü ildönümünə həsr olunmuş tədbir keçiriblər. Tədbirdə öncə Ümummilli Liderimizin hakimiyyətə gəlişi ilə bağlı video-rolik nümayiş olunub. Sonra "Yay məktəbi" layihəsinin Oğuzdakı qrupunun rəhbəri Bəhruz Quliyev Ümummilli Liderimizin hakimiyyətə gəlişindən, Azərbaycan üçün gördüyü işlərdən, ölkəmizin inkişafı üçün göstərdiyi xidmətlərdən danışıb: "Ulu Öndər Heydər Əliyev Azərbaycan üçün bütün sahələrdə böyük xidmətlər göstərib. O, elm sahəsinə də çox böyük önəm verib. İndi yüksək vəzifələrdə çalışan şəxslərin əksəriyyəti təhsil almaları, ziyalı kimi, siyasi xadim kimi yetişmələri üçün məhz Ümummilli Lider Heydər Əliyevə borcludurlar".
B.Quliyev 1990-cı ilə qədərki və ondan sanrakı illərdə Azərbaycanda iqtisadi, siyasi durumu barədə fikirlərini bildirib. Qrupun rəhbəri xalqımızın azadlıq mübarizəsindən söz açaraq, gənclərə o zaman baş verənlər barədə məlumat verərək, vurğulayıb ki, həmin illərdə hakimiyyətdə olan qrupların səriştəsizliyi özünü açıq-aşkar büruzə verirdi, ölkədə xaos hökm sürürdü: "Bu gün onların özləri də etiraf edirlər ki, hakimiyyəti saxlaya bilmirdilər. O zaman xalqımız Ulu Öndər Heydər Əliyevdən xahiş edərək, yenidən hakimiyyətə gəlməsini istədi. Həmin dövrdə təkcə xalqımız yox, eyni zamanda, AXC-Müsavat hakimiyyətinin təmsilçiləri də məhz Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanı bəlalardan, xaosdan qurtara biləcək yeganə lider kimi qəbul edirdilər. Yalnız Onun xalqımızı bu vəziyyətdən çıxara biləcəyinə əmin idilər. "Səs" qəzeti vasitəsi ilə Ulu Öndərimizə müraciət olundu və müasir Azərbaycanın memarı, xilaskarı Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Yeni Azərbaycan Partiyası yaradıcısı və Sədri Ümummilli Liderimiz bütün çətinlikləri öz üzərinə götürdü, apardığı məqsədyönlü siyasəti ilə xalqımızı, dövlətimizi çətin vəziyyətdən çıxartdı. O, ölkədə xaosu aradan qaldırdı, ölkənin parçalanmasının qarşısını aldı. Ulu Öndərin hakimiyyətə gəlişindən qısa müddət keçməmiş Azərbaycanın yeni inkişaf erası başlandı. Ölkəmiz həm iqtisadi, həm də digər sahələrdə sürətlə inkişaf etməyə başladı. Azərbaycan Respublikasının yeni Konstitutsiyası qəbul olundu". B.Quliyev Azərbaycanın bütün sahələrdə inkişafının təməlinin məhz o dövrlərdə Ulu Öndərimiz tərəfindən qoyulduğunu bir daha vurğulayıb.
Qrupun rəhbəri Ulu Öndərimizin cənab İlham Əliyevə tam şəkildə inandığını və bu barədə xalqa müraciətində bir daha qeyd etdiyini diqqətə çatdırıb: "2003-cü ildə Ulu Öndərimiz xalqımıza müraciət etdi və bildirdi ki, İlham Əliyevə tam şəkildə inanır. Ümummilli Liderimiz qeyd etdi ki, Onun başa çatdıra bilmədiyi işləri siyasi varisi İlham Əliyev daha modern formada, yüksək səviyyədə həyata keçirəcək. Xalqımız da cənab İlham Əliyevə inandı, Onu seçdi və Onunla gələcəyə doğru inamla irəliləyirlər". Daha sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaranması barədə çəkilmiş video-roliki izləyiblər.
Tədbirdə Zəkiyyə Musayeva mövzu ilə bağlı çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Z.Musayeva Ümummilli Liderimizin ideyalarının uzun illər gənclərimiz üçün lazımlı olacağını, gəncliyimizin bu ideyalar ətrafında daim birləşəcəyini qeyd edib. Daha sonra isə gənclər mövzu ətrafında çıxış ediblər. Günün sonunda "Azərbaycan mənim doğma vətənim" adlı mövzu ilə bağlı keçirilən tədbirdə isə hər bir gənc doğma yurdu ilə bağlı bir-birindən maraqlı informasiya ilə çıxış edib və müxtəlif məsələlərə dair fikir mübadilələri aparıblar. Çıxış edən gənc fəallar bildiriblər ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi "Yay məktəbi" gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir.
R.KAMALQIZI