PDF Oxu

Əsas

  • 61

Azərbaycan tarixində əlamətdar gün

Azərbaycan tarixində əlamətdar gün

YAP Sabunçu rayon təşkilatı Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 43-cü ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə YAP Sabunçu rayon təşkilatının qərargahının foyesində qoyulan Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə əklil və gül-çiçək dəstələri qoydular.

Rayon təşkilatının qərargahında davam edən tədbir dövlət himnini, səslənməsi ilə öz işinə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu rayon icri hakimiyyətinin başçısı Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında Onun xüsusi xidmətlərindən danışdı: "1969-cu il 14 iyul. Bu tarix xalqımızın ən yaddaqalan, mübarizə və islahatların, yüksəliş və tərəqqinin əsası qoyulduğu gün kimi yaşayır. Məhz 1969-cu il iyulun 14-ü Azərbaycanın bütün tarixi boyunca ən böyük ictimai-siyasi xadim, görkəmli dövlət başçısı, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifəsinə gəldi. Xalqın ən ağır günündə rəhbər seçilən Heydər Əliyev ölkəmizdə hər şeyi yeniləşdirmək, saflaşdırmaq, dirçəltmək, inkişaf etdirmək uğurunda fəaliyyətə, mübarizəyə başladı. Həmin tarixdən 43 il keçməsinə baxmayaraq, xalqımız ulu öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin şəxsində Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.

Sabunçu rayon icra hakimiyyətinin başçısı onu da bildirdi ki, Ulu Öndər Heydər Əliyev böyük siyasətçi, böyük lider olaraq dövrünü qabaqlayırdı, müasirlərinin təsəvvür etmədiyi, o dövr üçün fantastik olan layihələrin həyata keçirilməsinə nail olurdu: "Məhz buna görə də, 14 iyul 1969-cu il tarixi gündə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Bu gün həmin tarixdən 43 illik bir zaman keçir. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli ölkəyə çevrilməkdədir".

Tədbirdə Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Şakir Alıyev "14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixi zərurət idi" mövzusunda çıxış etdi. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafındakı xidmətlərindən danışan Ş.Alıyev onu da vurğuladı ki, Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ ötən əsrin 70-80-ci illərində qanunçuluğun qorunması və möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın hüquqlarının əzmkar müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmuşdur.

Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva 14 iyul 1969-cu il tarixini Azərbaycan tarixində çox əlamətdar gün olduğunu bildirdi: "Azərbaycan xalqının taleyində 14 iyul 1969-cu il şərəfli tarixi bir gündür. 43 il öncə bu hadisənin şahidi olanlar Azərbaycanın yeni tarixində hansı epoxanın başlandığının fərqində deyildilər. Bu da təbii idi. Azərbaycanın gələcəyi və fundamental inkişafı üçün tarixi önəm kəsb edən Heydər Əliyev epoxası yenicə başlayırdı. Bu epoxanın mahiyyətini və Azərbaycanın inkişaf tarixindəki yerini təsəvvür etmək üçün onu yaşamaq, bu dövrün Azərbaycanın siyasi, sosial-iqtisadi, milli-vətənpərvərlik həyatındakı önəmini dərk etmək lazım idi: "Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir. Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir. 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Ulu Öndər Heydər Əliyevin 43 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı.

Tədbirdə Bakı Sənaye-Pedaqoji kollecinin direktoru Vidadi Orucov, YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin sədrinin müavini Məhəmməd Əsədov və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 43 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı fikirlərini bildirdilər. Sonda tədbir iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər