İyulun 14-də Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının ilk buraxılışı ilə əlaqədar Dövlət Bayrağı Meydanında təntənəli tədbir keçirilibdir. Mərasimə DSX rəhbərliyi ilə yanaşı, məzunların yaxınları da qatılıb. DSX-nin Nümunəvi Hərbi Orkestrinin ifasında dövlət himni səsləndikdən sonra ilk məzunlara diplomlar təqdim olunmuşdur. Azərbaycanın dövlət himni oxunduqdan sonra məzunlara diplomlar təqdim edilib. Sonra DSX-nin zabit sıralarına daxil olan gənc leytenantlar "Sərhədçi andı" içdilər.
Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev gənc zabitləri təbrik edərək, onlara xidmətdə uğurlar arzuladı, tabeliklərində olacaq şəxsi heyəti dövlət sərhədlərinin mühafizəsinə yönləndirməyi, vətənpərvərlik hissləri aşılamağı tövsiyə etdi.
Dövlət sərhədlərinin mühafizəsi tələblərinə cavab verən layiqli sərhədçi zabit nəsli yaranır
İlk buraxılışda akademiyanı 100 məzunun bitirdiyini qeyd edən general-leytenant Elçin Quliyev bildirdi ki, hazırda dövlət sərhədlərinin mühafizəsi tələblərinə cavab verən layiqli yeni sərhədçi zabit nəsli yaranmaqdadır. Bu da kadrların yetişdirilməsi nöqteyi-nəzərindən bütün problemləri həll etmiş olacaqdır. Elçin Quliyev çıxışında onu da onu da bildirdi ki, 2007-ci il iyunun 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması barədə Sərəncam imzalaması vətənimizin sərhəd mühafizəsinin təkmilləşdirilməsində mühüm rol oynamışdır: "Kursantların təlim-tədrisi ilə yüksək səviyyədə məşğul olmaq üçün bütün şəraiti olan, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən akademiyanın açılış mərasimində Prezident İlham Əliyevin iştirak etməsi hamımızda qürur hissi doğurub".
Elçin Quliyevin sözlərinə görə, Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülür. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir. Bir daha demək istəyirəm ki, bunu etmək üçün ilk növbədə, hərbi güc lazımdır. Biz bu hərbi gücü yaradırıq, böyük dərəcədə yaratmışıq və bu proses uğurla davam etdirilir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün biz bütün səyləri səfərbər etmişik, bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Ölkəmizin təhlükəsizliyinin qorunması üçün Sərhəd Xidmətinin çox böyük rolu vardır. Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər.
DSX rəisi, general-leytenant Elçin Quliyev əminliklə onu da vurğuladı ki, hər bir zabitimiz Ali Baş Komandanın əmri altında dövlət sərhədlərimizin qorunmasına öz töhfəsini verəcək: "Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin əmri ilə işğal altındakı ərazilərimiz düşməndən təmizlənəcək, Azərbaycanın üçrəngli bayrağı dövlət sərhədlərimizdə dalğalanacaq".
Akademiyanın rəisi, general-mayor Araz Məmmədov mərasimdə çıxış edərək bildirib ki, bu gün hərbi təhsil müəssisəsi ilk məzunlarını yola salır: "Bu gün məzun olan gənclər xidmətə başladıqları gündən fərqləniblər. Onlardan 7 nəfər akademiyanı fərqlənmə diplomu ilə bitirib. Akademiyada təhsil aldıqları dövrdə gənc zabitlərə nəzəri biliklərlə yanaşı, səhra şəraitində təlimlər keçirilib, müasir silah və hərbi texnikalar öyrədilib. Akademiyada təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur qurulmuşdur".
Gənc zabitlər adından çıxış edən leytenant Xəqani Hacıyev çətin, lakin şərəfli sərhədçi peşəsini seçdiklərindən qürur duyduqlarını, qarşılarına qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyə daim hazır olduqlarını bildirərək, Vətənə ləyaqətlə xidmət edəcəklərinə, dövlət sərhədlərimizi göz bəbəyi kimi qoruyacaqlarına söz verdi.
Çıxışlar qurtardıqdan sonra akademiyanın şəxsi heyəti təntənəli marşın sədaları altında tribuna önündən keçdi.
Sonra gənc zabitlər Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri qoydular. Gənc zabitlər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək, məzarı üzərinə gül dəstələri düzdülər.
Həmçinin, Şəhidlər Xiyabanına gələn gənc zabitlər ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları üzərinə tər çiçəklər düzdülər.
RƏFİQƏ HÜSEYNOVA