PDF Oxu

Əsas

  • 66

“Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilər?”

“Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilər?”

2013-cü ilə yaxınlaşdıqca, dağıdıcı müxalifətin hakimiyyət hərisliyi müxtəlif vasitələrlə özünü nümayiş etdirməkdədir. Aqressiv açıqlamalar, iddialar və fəaliyyətlər fonunda çıxış edən müxalifət "liderlərinin" qeyri-müəyyənlikləri özünü daha çox büruzə verir. Belə ki, dağıdıcı düşərgədə hələ də kimsə bilmir ki, seçkilərdə hansı müxalifət namizədi, yaxud da "vahid namizədi" iştirak edəcək.

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov dağıdıcı müxalifətin bir araya gələ bilməməsi ilə bağlı bildirib ki, bu amil, təbii ki, iqtidarın uğuru kimi də qiymətləndirilə bilər: "Çünki davamlı xalq dəstəyi faktoru iqtidarın mövqeyinin güclülüyünü, aqressiv müxalifətin isə zəifliyini sübut edir. Həmçinin, iqtidar seçkilərdə namizədinin hesabat xarakterli çıxışını hazırlamaq üçün ortaya kifayət qədər tutarlı arqumentlər toplamağa müvəffəq olub".

Millət vəkili onu da deyib ki, hazırda onlar yenidən vahid namizəd məsələsini ortaya atıblar: "Amma razılığa gələ bilmirlər. Həmişə deyirdilər ki, biz Rəsulzadə, Elçibəy yolu ilə gedirik. Amma 1998-ci ildə seçkilər ərəfəsində Elçibəy onlardan xahiş etmişdi ki, onun vahid namizəd olmasını dəstəkləsinlər. Heç biri güzəştə getmədi. Halbuki hər biri Elçibəyin tələbəsi olduğunu deyirdi. Onlar yenə də, bir-birilərinə heç vaxt güzəştə getməyəcəklər. Hər biri özlərini iddialı hesab edirlər. Amma bilmirlər ki, arxalarında heç kim yoxdur".


"Artıq xarici qüvvələr də

onlara heç bir etimad

göstərmir"


YAP İcra katibinin müavini Siyavuş Novruzov müxalifətin keçirdiyi mitinqlərin iflasa uğradığını, aksiyalarda 700-800 nəfərdən artıq adamın iştirak etmədiyini deyib. Onun sözlərinə görə, mitinqdə iştirak edən az qisim insanlar isə ancaq müxalifətçilərin qohum-əqrəbalarıdır və ya muzdla tutulan insanlardır. Siyavuş Novruzov, həmçinin, bildirib ki, müxalifətçilər ümid edirlər ki, namizəd olub xaricdən yenə 5-10 manat alacaqlar, sonra öz istirahətlərini təşkil edəcəklər: "Amma bu arzu çətin ki baş tutsun. Çünki artıq xarici qüvvələr də onlara heç bir etimad göstərmir. ABŞ dövlət katibi də ölkəmizə gələndə belə hadisə baş vermişdi. Onun ardınca Avropa Birliyi Şurasının prezidenti də müxalifətlə görüşmədi. Bu, onu göstərir ki, mötəbər xarici qonaqlar da bu müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilir və onları "siyasi meyit" hesab edirlər. Belə partiyaların rəhbərləri ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir. Onlar artıq bilirlər ki, bu düşərgə heç bir ictimai dəstəyə malik deyil, xalq onlara inanmır. Ona görə də mötəbər qonaqlar müxalifətçilərlə görüşməyə ehtiyac duymurlar". Siyavuş Novruzov onu da bildirib ki, həmin adamlar heç öz partiyalarının qurultayını keçirə bilmirlər, qorxurlar ki, qurultay zamanı özlərinə qarşı daxildən etiraz səsləri ucalacaq: "Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilər? Çünki bu şəxslər öz partiyalarını geriyə aparırlar, islahatlar həyata keçirmirlər, kürsülərində oturmaq üçün daxili intriqa yaradırlar. Bütün bu səbəblərdən qurultay keçirə bilmirlər. Belə olan halda, hansı məntiqlə prezident seçkilərində iştirak etmək istəyirlər? Bir daha qeyd edirəm, arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilər?"


R.Hüseynova

Digər xəbərlər