Müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi islahatlar, dövlət proqramları, layihələr 20 illik məsafədə Azərbaycanın imicini dəyişib, onu sürətlə inkişaf edən ölkəyə çevirib. Bu mənzərənin fonunun dəyişməsində Ümummilli Lider Heydər Əliyev amalının davamçısına çevrilən Heydər Əliyev Fondunun da payı müstəsnadır. Ümummilli Lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən Heydər Əliyev Fondu xalqın mənəvi sərvətinin və milli mədəniyyətinin təbliği və inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Fond tərəfindən reallaşan layihələr beynəlxalq aləmdə ciddi marağa səbəb olub. Belə ki, bəşəriyyətin xilasına yönələn milli-mənəvi ideallar, ictimai şüura hakim kəsilən layihələr zəngin mənəvi və intellektual potensialdan qaynaqlanır və birmənalı olaraq, cəmiyyət tərəfindən qəbul edilir. Məhz bu cür mükəmməl fəaliyyətin məntiqi nəticəsi olaraq, Heydər Əliyev Fondunun gördüyü işlərin sorağı dünyanın sayılıb-seçilən ölkələrindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından eşidilir.
Fondun müasir dövrümüzdə fəaliyyəti günü-gündən genişlənir və bütün dünyanı əhatə edir. Qeyd edək ki, beynəlxalq arenada əməkdaşlıq üçün seçilən ilk məkanlardan biri Rusiya olsa da, artıq Rumıniyada, Böyük Britaniyada və Türkiyədə Fondun filialları fəaliyyət göstərir.
Fondun Rusiya nümayəndəliyi əhəmiyyətli layihələrə imza ataraq ölkənin beynəlxalq arenada tanınmasına, qədim və zəngin mədəniyyətə malik xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına töhfələrini verir. Bir sıra dost dövlətlərdə fəaliyyət göstərən fondun nümayəndəlikləri bir çox məsələlərin həllində yaxından iştirak edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Azərbaycandan kənarda gənclərin təşkilatlanması məsələsini daim diqqətdə saxlayır. Bu məsələ həm Azərbaycan cəmiyyətinin, həm də Rusiya cəmiyyətinin marağındadır. Azərbaycan gəncləri yaşadıqları ölkənin qanunlarına hörmət etməli, lakin bununla bərabər, öz milli mənsubiyyətini, mədəniyyətini, dilini və ənənələrini unutmamalıdır. Leyla Əliyevanın başçılıq etdiyi təşkilat - Rusiya Azərbaycanlıları Gənclər Təşkilatı yaradılandan sonra gənclər Leyla xanımı özlərinə arxa hesab edirlər.
Leyla xanım Əliyeva sosial yönümlü layihələrə, xüsusilə də, səhiyyə sahəsində - talassemiya və diabet kimi ağır xəstəliklərə qarşı mübarizə üzrə bir sıra mühüm layihələr həyata keçirir. Son illərdə təbabətlə bağlı müxtəlif aksiyalar sırasında "Qanın milləti yoxdur!", "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de!" mövzuları mühüm yer tutur.
Fondun təşəbbüsü ilə xəstə uşaqlara kömək üçün bir sıra layihələr də reallaşır. Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyi Moskvada və Rusiyanın regionlarında, eləcə də, dünyanın bir sıra ölkələrində xeyriyyə aksiyalarının bəzilərinin təşkili də qeyd etdiyimiz missiyaya xidmət edir. Hər zaman kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi öz ənənəsinə sadiq qalır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyanın digər regionlarında - Sankt-Peterburq, Yekaterinburq, Vladimir, Tula, Kaluqa, Tver, Kirov, Voronej, Çelyabinsk, Lipetsk, Tümen, Yaroslavl vilayətlərində, habelə, Udmurtiyada da bu cür xeyriyyə aksiyaları keçirilib. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi belə xeyriyyə aksiyalarını tez-tez keçirir. Bu aksiyalar fondun fəaliyyətinin və iş istiqamətlərindən birinin məntiqi davamıdır. Bu xeyriyyə aksiyalarının davamı olaraq Leyla xanım Əliyevanın təşəbbüsü ilə RAGT İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə birlikdə, Rusiya Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin və Beynəlxalq UNAİDS təşkilatının dəstəyi ilə Cənubi Sudanın paytaxtı Cuba şəhərində humanitar xeyriyyə aksiyasını da reallaşdırıb. Bu humanitar aksiyanın məqsədi Cənubi Sudan əhalisinə tibbi yardım göstərmək idi. Bildiyimiz kimi, səhiyyə məsələsi Sudan üçün ən ciddi problemdir. Ölkə əhalisinin təxminən 75 faizi tibbi xidmətin ən adi növlərindən istifadə etmək imkanından məhrumdur. Sağlamlıq sahəsində dünyada ən pis göstəricilərə malik olan ölkələrdən biri Cənubi Sudandır. Burada hamilə qadınların orta hesabla yeddi nəfərindən biri hamiləlik dövründə, hər on körpədən biri isə bir yaşına çatmamış vəfat edir. Leyla xanımın təşkilatçılığı ilə gənc mütəxəssislər bu ölkədə yoluxucu xəstəliklərin, QİÇS-in profilaktikasını və ona qarşı mübarizə metodlarını öyrədiblər.
Bu gün humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfələrini verməsi Leyla xanım Əliyevanın xeyriyyəçilik fəaliyyətinin məntiqi nəticəsidir.
NƏZAKƏT ƏLƏDDİNQIZI