Dünən "Səs" qəzetinin redaksiyasında milli mətbuatın 137 illiyi münasibətilə dəyirmi masa keçirildi. Ənənəvi keçirilən dəyirmi masada milli mətbuatın bu illər ərzində keçdiyi tarixi və şərəfli yola nəzər yetirilib. Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev bildirib ki, 1875-ci ildə "Əkinçi" qəzeti ilə təməli qoyulan mətbuat tarixin müxtəlif dönəmlərində çətinliklərlə üzləşsə də, bütün sınaqlardan üzüağ çıxıb. Milli mətbuatın çiçəklənmə dövrü isə Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə tarixi qaydışından sonrakı dövürləri əhatə edir. Onun məbuata xüsusi diqqət və qayğısı nəticəsində mətbuat bu gün inkişaf dövrünü yaşayır. Daha sonra dəyirmi masada iştirak edənlər "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktorunun müavini Zeynal Vəfa, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Üç nöqtə" qəzetinin redaktoru Elməddin Muradlı və AzərTAc-ın multimedia və videoxəbər şöbəsinin müdiri Orxan Yolçuyev çıxış etdilər.
"Səs" qəzetinin əməkdaşı
- Vüqar müəllim, Azərbaycan mətbuatının bu günü hansı formada öz müsbət dəyərini ala bilər?
Vüqar Rəhimzadə:
- Əvvəla, "Səs" qəzetinə mən təşəkkürümü bildirirəm ki, milli mətbuatın yaranması ilə bağlı dəyirmi masa keçirir. Ona görə ki, jurnalistlərin, qəzet adamlarının dəvət edildiyi dəyirmi masada iştirak edənlər öz fikirlərini səsləndirir, mətbuatın uğurlarından söhbət açır, bir çox məsələlər gündəmə gətirilir. Burada iştirak edən mətbuat işçilərini və onların timsalında sağlam sözə, sağlam düşüncəyə xidmət edən mətbuat nümayəndələrinə, eyni zamanda, bütün Azərbaycan ictimaiyyətini təbrik edirəm. Azərbaycan ictimaiyyəti, cəmiyyəti olmadan mətbuat ola bilməz, onlar vəhdət təşkil edir. Hesab edirəm ki, qeyd olunanlar sağlam mətbuatın formalaşmasına öz töhfələrini verir. Mətbuatımız 137 illik çox zəngin və şərəfli bir yol keçib. Hesab edirəm ki, bu zəngin tarixi yola nəzər salanda, məlum olur ki, 1875-ci il tarixi Azərbaycan mətbuatının təməl prinsiplərini müəyyən etdi, Azərbaycanda maarrifçilik ənənələrinin bərpa olunmasına öz töhfələrini verdi. Sonrakı dövrlərdə bir sıra mətbuat orqanları yarandı. Belə ki, "Azərbaycan" qəzetinin yaranma tarixi sonrakı dövrlərə təsadüf edərək, XX əsrin əvvəllərindən etibarən çap olunmağa başladı. Deyərdim ki, Azərbaycan mətbuatı çox şərəfli bir yol keçib. Hesab edirəm ki, o dövrdən bu yana çox peşəkar jurnalist nəsli formalaşıb və bu günümüz üçün yeni bir ideyanın ətrafında fikirlər formalaşdırıb. Xüsusilə, qeyd edim ki, sözünün kəsəri ilə seçilən, fərqlənən jurnalistlərimiz olub və hazırda da kifayət qədər peşəkar jurnalistlər var. 1988-ci ildən sonra Sovet İttifaqının son dövrlərinə bir sıra müstəqil mətbuat orqanları yaranmaqda idi. Bu dövrlərdə "Səs", "İki sahil" qəzetlərinin fəaliyyətə başlaması önəmli hadisələrdən hesab olunur. Həmin illərdə müstəqil mətbuat orqanlarının yaranmasına baxmayaraq, məşəqqətli bir vəziyyətlə üzləşirdi. Daha sonrakı illərdə mətbuat təşəkkül tapmağa başladı. Baxmayaraq ki, jurnalistlərin döyülməsi, redaksiyalara basqınların olması, siyasi və silahlı qruplaşmaların mövcud olduğu bir dövrdə mətbuat orqanları özlərində iradə tapıb özlərini qoruya bildilər. Hesab edirəm ki, acınacaqlı dövr çox qısa zamanı əhatə etdi. 1993-cü ildə Ulu Öndərimizin hakimiyyətə tarixi qayıdışından sonra, Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də çox uğurlu hadisələr baş verdi. Belə ki, 1995-ci ildə ümumxalq səsvermə yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da fundamental prinsiplər öz əksini tapdı.
Səs qəzetinin əməkdaşı:
- Fikirləriniz onu deməyə əsas verir ki, Azərbaycan mətbuatının yeni inkişaf mərhələsi məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır.
Vüqar Rəhimzadə:
- Bu, birmənalı şəkildə, belədir. Bunu təkcə mən yox, bütün sağlam düşüncəli insanlar belə ifadə edir. Çünki Ulu Öndərin diqqət və qayğısı ilə Azərbaycan mətbuatı özünün inkişaf mərhələsinə qədən qoydu. Mətbuat sahəsində düşünülmüş xətt müəyyənləşdirildi.
"Səs" qəzetinin əməkdaşı:
- Bəzi mətbu orqanlar var ki, onlar partiyalara məxsusdur. Bu mənada, iqtidar-müxalifət bölgüsünə bölünən qəzetlər fəaliyyət göstərir. Elə qəzetlər var ki, müstəqil mətbuatın formalaşmasına problemlər yaradır. Onların aradan qaldırılması ilə bağlı hansı təkliflər səsləndirmək olar?
Müşfiq Ələsgərli:
- Mən də fürsətdən istifadə edib, bütün jurnalistləri Milli Mətbuatın 137-ci ildönümü münasibəti ilə təbrik edirəm. Beynəlxalq standartlara əsaslanaraq, deyə bilərik ki, kütləvi informasiya vasitələri kommersiya subyekti kimi fəaliyyət göstərməli, özünün maliyyə ehtiyaclarını ödəməlidir. Bu gün biz milli mətbuatın yaranmasını qeyd edirik. Xüsusilə, 1875-ci il tarixini qeyd etməliyik. "Əkinçi" qəzetindən bəhs edərkən, demək lazımdır ki, bunun mahiyyəti Azərbaycanın milli maraqlarına, millətinə xidmət edib. Nə yaxşı ki, Azərbaycan mətbuatının təməl prinsipləri məhz "Əkinçi" qəzeti ilə müəyyənləşdi. Bu gün də milli maraqlara xidmət edən Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ənənlərini davam etdirir. Mətbuat Azərbaycanda proseslərin tərkib hissəsinə çevrilir. Nə yaxşı ki, bu proseslərdə millətin və dövlətin maraqlarından çıxış edənlər əksəriyyət təşkil edirlər. Amma bunun içərisində müxtəlif siyasi qurumlarının maraqlarına xidmət edən mənfi qurumlar da var və bu, qaçılmaz haldır. Bəzən elə formada qeyd edirlər ki, bu tendensiya təkcə Azərbaycanda belədir, amma dünyanın istənilən bir ölkəsində buna rast gəlmək mümkündür və siyasiləşmiş mətbu orqanlar mövcuddur. Müəyyən mətbu orqanlar var ki, bir sıra siyasi qrupların təsiri altına düşür, yəni bunlar siyasi ideologiya, siyasi əxlaq, milli dəyərlər baxımından siyasiləşmə amilinə yox, məhz hansısa siyasi qurupdan maddi maraqlar ummaq qarşısında həmin qurupların siyasətinə xidmət göstərirlər. Bu da təhlükəli məqamdır. Azərbaycanda da bu gün bu cür hallara təsadüf olunur. Amma bunun qarşsını almaq üçün Azərbaycan hakimiyyəti müəyyən addımlar atır. Son vaxtlar bu addımlar kompleks xarakter daşıyır. Mən bu vaxta qədər atılan addımları sadalamaq istəmirəm, amma qeyd etmək lazımdır ki, bunula bağlı kifayət qədər işlər görülüb və bu işlər davam etdirilir. Xüsusilə, mətbuatın üzərindən senzuranın götürülməsindən başlayaraq, mətbuata özünütənzimləmə hüququnun, mətbuatın müstəqilləşməsi üçün mətbuatın inkişafına dövlət dəstəyi konsepsiyasına qədər ən müxtəlif prosesləri saymaq olar. Bütün bunlar onu göstərir ki, Azərbaycanın mövcud hakimiyyəti medianın inkişafına xüsusi diqqət və qayğı göstərir.
"Səs" qəzetinin əməkdaşı:
- Zeynal müəllim, sizcə Azərbaycan həqiqətlərinin, xüsusilə, Azərbaycanın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan bir probleminin dünya mediasına çıxarılmasında üzərinə düşən vəzifəni yerinə yetirə bilirmi?
Zeynal Vəfa:
- Mən də bayram münasibətilə bütün qələm sahiblərini təbrik edirəm. Düşünürəm ki, bu bayram tək mətbuat işçilərinin deyil, eyni zamanda, bütün Azərbaycan ictimaiyyətinin bayramıdır. 1875-ci il "Əkinçi" qəzetinin fəaliyyətə başlaması Azərbaycanın mətbuat tarixinin ən önəmli səhifəsidir. Biz bu tarixi iftixarla qeyd edirik. Mən xüsusilə qeyd etmək istərdim ki, o dövrlərdə milli maraqlara xidmət edən bir mətbu orqanın fəaliyyət göstərməsi çox çətin idi. Çünki tarixi proseslər buna şərait yaratmırdı. Amma həmin qarışıq vaxtlarda "Əkinçi" qəzetinin obyektiv fəaliyyəti heç də asan başa gəlmirdi. Bunun üçün qətiyyət tələb olunurdu.
(Ardı var)
Babək Hacıyev,
Cabir Məmmədov