Yeni Azərbaycan Partiyasının gənclər üçün təşkil etdiyi "Liderliyə gedən yol" adlı "Yay məktəbi"nin III turunun son günü Oğuz rayonunda bir sıra tədbirlərlə davam edib. Öz əhəmiyyəti ilə seçilən həmin tədbirlər çərçivəsində gənc nəslin nümayəndələri üçün müxtəlif mövzularda dəyirmi masalar, diskussiyalar təşkil olunub.
Daha sonra "İdeya-layihə-uğurlu nəticə və bacarıqların inkişaf etdirilməsi" mövzusunda treninq keçirilib. Mühazirəni giriş sözü ilə açan moderator Ərəstun Baxşəliyev bildirib ki, layihənin keçirilməsini şətləndirən əsas amillərdən biri hər il, ənənəvi olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycanın müxtəlif rayonlarına "Yay düşərgəsi"nin təşkili ilə bağlıdır. Düşərgəyə həm şəhər daxili, həm də YAP-ın rayon təşkilatlarının fəal gəncləri qatılırlar. Həmin gənclər arasından belə görüşlər bitdikdən sonra daha fəal olan gənclərlə iş qurulur və ölkəmizi təmsil etmək üçün onlar xarici səfərlərə göndərilir. Hazırlanan və təqdim olunan layihələr özündə kreativ məqamları ehtiva edir. Bu isə, ona dəlalət edir ki, gənclər bu və ya digər sahələrdə yenilikçi və yaradıcı ideya daşıyıcılarıdır. Təhsil, mədəniyyət və sağlam həyat tərzi kimi aktual məsələləri ehtiva edən istiqamətlərdə hazırlanan layihələr əhəmiyyətinə görə təqdirəlayiqdir və gənclərin intellektual potensialının zənginliyindən xəbər verir. Eyni zamanda, layihənin hazırlanması gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz buna görə, intellektual potensiala malik olan gənclər bu cür elmi-nəzəri-praktik əhəmiyyət kəsb edən işlərə cəlb edilməkdə və bu sahədə önəmli nəticələr əldə olunmaqdadır.
Sonda qrupun rəhbəri Milli Məclisin deputatı Mirkazım Kazımov çıxış edərək, "Yay məktəbi" layihəsinin gənclərin siyasi aktivliyinin artırılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Yeni Azərbaycan Partiyası gənclərin ictimai-siyasi proseslərdə fəal təmsil olunmasına geniş imkan yaradır. YAP-ın həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində milli maraqlarımızı prinsipiallıqla müdafiə edən, dövlətçiliyimizə sadiq intellektual gənclər yetişir".
Daha sonra gənc fəallar üçün Oğuz rayonunda yerləşən istirahət mərkəzlərinin birində piknik təşkil olunub. Onlar təbiət qoynunda istirahət ediblər. Axşam saatlarında isə fəal gənclərin mükafatlandırılması keçirilib.
R.KAMALQIZI