Dünən Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar tədbirlər haqqında Binəqədi rayon icra hakimiyyəti başçısı yanında şura iclası keçirildi. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iclasın gündəliyi haqqında məlumat verdi. Sonra rayon icra başçısının müavini Vüsal İsmayılov birinci yarımilliyin yekunu ilə bağlı rayonun sosial-iqtisadi inkişafı barədə geniş məlumat verdi. O bildirdi ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı 2012-ci ilin birinci yarısının yekunlarına əsasən, ili uğurlu il kimi qiymətləndirib: "Belə ki, 6 ay ərzində ümumi daxili məhsul istehsalı 1,5%, qeyri-neft sahələri 11,3%, qeyri-neft sənayesi 8,3%, kənd-təsərrüfatı məhsulları 10,4%, əhalinin pul gəlirləri 14,2% artıb. 6 ay ərzində 46 min yeni iş yeri yaradılıb ki, bunun da 37 mini daimi iş yerləridir. İşsizlik 5,4% təşkil edir, inflyasiya isə cəmi 2,2 %-dir".
İcra müavini rayon ərazisində sosial problemlərin uğurla həll edildiyini diqqətə çatdırdı. O bildirdi ki, hazırda sovet dövründən qalmış əmanətlərin ödənilməsinə başlanılıb. Ünvanlı sosial yardım proqramı müvəffəqiyyətlə icra edilir. Bu yardım proqramı ilə əhatə edilən ailələrin sayı 143 min, bir ailəyə verilən vəsaitin məbləği isə 109 manat səviyyəsindədir.
Regionların, Bakı şəhərinin və onun qəsəbələrinin sosial - iqtisadi inkişafına dair Dövlət Proqramları, sənaye, nəqliyyat, sosial-infrastruktur layihələri böyük müvəffəqiyyətlə həyata keçirilir. Ölkədə əldə edilən nailiyyətlərə töhfələrini verməyə çalışan Binəqədi rayonunda da ötən müddət ərzində rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində müəyyən işlər görülüb.
6 ay ərzində rayonun sənaye müəssisələri tərəfindən 79 milyon 132 min manatlıq məhsul istehsal edildiyini vurğulayan V.İsmayılov bildirdi ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 % çoxdur: "2012-ci ilin yanvar-iyun aylarında sənayedə çalışan işçilərin orta siyahı sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 % artaraq, 5208 nəfər olub. Həmin dövrdə sənayedə çalışan işçilərin orta aylıq əmək haqqı isə 6,7 % artıb və ötən ildəki 437,2 manata qarşı 466,3 manat olub. 2012-ci ilin altı ayı ərzində bütün maliyyə mənbələri hesabına 56 milyon 264 min manat əsas fondlar istifadəyə verilib".
2012-ci ilin birinci yarısında rayonda sosial və iqtisadi sahələrin inkişafına 6 milyon 348 min manat məbləğində investisiya yönəldilib. Bu müddətdə 2 milyon 500 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib ki, bu da əvvəlki ilin 6 ayı ilə müqayisədə 3,2 dəfə çoxdur.
Rayon icra başçısının müavini məruzəsində Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar görülən işlər haqqında məlumat verərək, bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüs və iştirakı ilə işlənib hazırlanan məlum Sərəncama əsasən, Dövlət Proqramında Binəqədi rayonuna aid 77 bənd nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edən tədbirlərin icrasının 13-nün 2011-ci, 19-un 2012-ci, 45-nin icrasının isə 2013-cü ildə başa çatması planlaşdırılır.
Məruzəçi onu da bildirdi ki, Dövlət Proqramı çərçivəsində rayonun qəsəbələrində məhəllə daxili yolların asfaltlanması sahəsində xeyli işlər görülüb. Rayon qəsəbə və mikrorayonlarında əhalinin təbii qazla təchizatının yaxşılaşdırılması üçün qaz xətləri çəkilib.
Binəqədi rayon icra hakimiyyəti tərəfindən Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, öz fəaliyyətində rayon əhalisinin müraciətlərinə mühüm yer verərək, onların problemlərinin həll olunması istiqamətində mühüm addımlar atılır. V.İsmayılov uzun illərdən bəri həllini gözləyən problemlərin icrası istiqamətində görüləcək işləri də diqqətə çəkdi.
İclasda Məmməd Əmin Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon MKTB-nin rəisi Ədalət Rəcəbov, Binəqədi rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev, Binəqədi rayon Su Kanal Departamentinin rəisi Rauf Osmanov çıxış edərək, hesabat dövründə əhalini sosial-rifah halının yaxşılaşdırılması, rayonun qəsəbələrində genişmiqyaslı quruculuq-abadlıq və yaşıllaşdırma işlərinin həyata keçirildiyini bildirdilər.
Hesabat məruzəsi ətrafında çıxışlardan sonra yığıncaq iştirakçılarının rayonun sosial-iqtisadi inkişafının və infrastrukturunun hazırkı vəziyyəti ilə bağlı sualları, rəyləri və təklifləri dinlənildi.
Müzakirələrdən sonra qərar layihəsi oxundu və qəbul edildi. Sonda rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov şura iclasına yekun vurdu.
ZÜMRÜD