PDF Oxu

Əsas

  • 77

YAP ölkənin inkişafında aparıcı siyasi qüvvədir

YAP ölkənin inkişafında aparıcı siyasi qüvvədir

20 il öncə, çətin ictimai-siyasi şəraitdə, obyektiv zərurətdən yaranan Yeni Azərbaycan Partiyası dünya miqyaslı siyasətçi Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışi ilə iqtidar partiyasına çevrildi və məhz Azərbaycanın bu tarixdən başlayan dirçəliş prosesində öncül yer tutdu. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir.

YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov şəhər təşkilatının keçdiyi şərəfli yoldan danışaraq, bildirdi ki, düz 19 il öncə Gəncədə YAP-ın rayon təşkilatı yarandı. İ.İsrafilov bildirdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu il yaradılmasının 20 illiyini qeyd edəcəyimiz YAP-ın strateji xətti Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməklə bərabər, onun inkişaf etmiş qüdrətli dövlətə çevirmək, xalqın maddi rifah halını yaxşılaşdırmaq, sosial yönümlü iqtisadiyyatın yaradılması ilə dünya dövlətləri arasında layiqli yerini tutmasından ibarətdir:

- Partiyamızın 1992-2003-cü illərdəki fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə isə Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Möhtərəm Prezident İlham Əliyevin şəxsiyyəti ölkənin inkişafının 2003-cü ildə başlanmış növbəti mərhələsinin rəmzinə çevrilmişdir. Respublikamızın və xalqımızın həyatında çox mühüm əhəmiyyətə malik olan partiyamız 2008-ci il avqustun 8-də keçirilən IV qurultayından sonra əsil ümumxalq partiyasına çevrildi. Partiyamızın ölkənin inkişafında, tərəqqisində aparıcı siyasi qüvvə olduğuna xalqımızın əminliyi bir daha artdı. Bunun başlıca səbəbi isə yüksək liderlik keyfiyyətlərinə, dərin zəkaya, iti ağıla, fundamental siyasi təcrübəyə malik Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin xalqımızın mütləq əksəriyyətinin səsi ilə (88,64 faiz) ikinci dəfə ölkə Prezidenti seçilməsi idi. Həmin vaxtdan sonra partiyamız böyük sürətlə inkişaf etdi, gənclərin partiyaya axını geniş vüsət aldı, xalqımızın bütün təbəqələrini özündə birləşdirdi, möhkəm sosial bazası olan, qüdrətli siyasi qüvvəyə çevrildi. Hazırda Yeni Azərbaycan Partiyasının 560 min nəfərdən çox üzvünün olması qeyd edilənlərin bariz nümunəsidir.

YAP-ın öncül dəstələrindən biri olan Gəncə şəhər təşkilatı partiyanın IV qurultayının tarixi qərarlarını, qurultayda ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyevin tarixi nitqindən irəli gələn vəzifələri yerinə yetirməklə təşkilatı, ideoloji-siyasi, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Prezidentimizin Gəncəyə diqqəti, qayğısı və şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyəti, şəhər ictimaiyyəti ilə YAP üzvlərini öz ətrafında sıx birləşdirməsi nəticəsində, şəhərin ictimai-siyasi həyatında və abadlaşdırılmasında və sosial-iqtisadi inkişafında mühüm uğurlar əldə edilmişdir. Bütün bunların nəticəsidir ki, Gəncə şəhəri respublikada aparılan abadlıq və quruculuq işlərinin önündə gedir. Şəhər rəhbərliyinin həyata keçirdiyi ardıcıl, sistemli tədbirlər nəticəsində şəhərin onlarla küçə və meydanı abadlaşmış, yeni prospektlər salınmış və bu proses davam etdirilir. Gəncə görkəmini əsaslı surətdə dəyişir Bundan başqa, Ümummilli Liderimizin adına, uzunluğu 5,5 km olan, müasir gecə işıqlandırılması sistemi qurulmuş geniş prospekt başdan başa yenidən qurulmuş, binalar yerli memarlıq üslubunda bərpa edilmişdir ki, bu da, dahi rəhbərimizə şəhər sakinlərinin böyük hörmət və ehtiramının təcəssümüdür.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı ölkə Prezidenti, YAP Sədri İlham Əliyevi əmin edir ki, Yeni Azərbaycan Partyası üzvləri respublikamızın, şəhərimizin ictimai-siyasi, quruculuq işlərində və mədəni həyatında fəal iştirak etməklə, dövlət başçısının ətrafında sıx birləşərək, respublikamızın qüdrətlənməsinə, güclənməsinə və daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər