Məlum olduğu kimi, ölkəmizdə ilk dəfə olaraq, Yeni Azərbaycan Partiyası tərəfindən təsis edilmiş "Yay məktəbi" layihəsi partiyanın gənclər təşkilatı tərəfindən uğurla həyata keçirilməkdədir. Belə ki, layihədə iştirak edən gənclər ölkənin aparıcı siyasi partiyasının - Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə yaxından tanış olur, onlarla fikir mübadilələri aparır, partiyadakı fəaliyyətlərində yeniliklər qazanmaq fürsəti əldə edirlər. Buna misal kimi, Oğuzda keçirilən "Yay məktəbi" kampaniyasını göstərmək mümkündür. "Yay məktəbi"nin birinci günü milli mətbuatın yaranması gününə təsadüf etdiyi üçün gənclər bu mövzuda dəyirmi masa keçirib. Dəyirmi masada iştirak edən gənc fəallardan YAP GB-nin sədr müavini Aygün Əliyeva bildirib ki, XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi: "Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək, çətinliklə olsa da, belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsi işıq üzü gördü. Azərbaycan mətbuatının təməl prinsipləri məhz "Əkinçi" qəzeti ilə müəyyənləşdi. Bu gün də milli maraqlara xidmət edən Azərbaycan mətbuatı "Əkinçi" qəzetinin ənənələrini davam etdirir. Xüsusilə, qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatının çiçəklənmə dövrü məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə tarixi qayıdışı ilə müəyyənləşdi".
Daha sonra YAP Nəsimi rayon gənclər birliyinin idarə heyətinin üzvü Könül Yaqubova, YAP Yasamal rayon gənclər birliyinin üzvü Yusif Hacıyev, YAP Nizami rayon gənclər birliyinin üzvü Səbuhi Hüseynov və başqa fəal gənclər çıxış edərək, ölkəmizdə mətbuatın inkişafına geniş imkanların yaradıldığını söylədilər. Çıxış edənlər bildirdilər ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin istiqamətləndirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan mətbuatı daha da inkişaf edir və dünya mətbuatında xüsusi çəkisini qoruyub saxlayır.
Bunun ardınca isə "İKT"-nin müasir imkanlarından istifadə: sosial şəbəkələr" mövzusunda növbəti seminar-diskussiya keçirilib. Diskussiyada çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva İKT sektorunun inkişafının əhəmiyyətindən bəhs edib. Ölkəmizdə İKT sektorunun sürətlə inkişaf etdiyinin vurğulayan A.Əliyeva bildirib ki, gənclər sosial mediadan səmərəli və milli maraqlara müvafiq surətdə istifadə etməklə, həm özlərinin intellektual potensiallarını artırmalı, həm də cəmiyyətdə hökm sürən zərərli tendensiyaların aradan qaldırılmasına yardımçı olmalıdırlar.
Sonra "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası gənclərin nəzəri ilə" mövzusunda diskussiya keçirilib. "Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası"nın əhəmiyyətindən bəhs edən qrupun Oğuz rayonu üzrə rəhbəri YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Prezident İlham Əliyevin konsepsiyasının hazırlanması ilə bağlı imzaladığı Sərəncamın əhəmiyyətinə toxunaraq, bildirib ki, hazırda ölkəmizdə yaşanan iqtisadi inkişaf təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və 2003-cü ildən ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin davamıdır: "Dövlət başçısının yeni inkişaf konsepsiyasının hazırlanması ilə bağlı qərarı Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olması deməkdir. Əlbəttə ki, hər bir dövlətin milli inkişaf konsepsiyası özündə ümumi və xüsusi məqsədləri ehtiva edir. Daha da dəqiqləşdirsək, milli inkişaf konsepsiyasında milli maraqlardan irəli gələn təməl strateji vəzifələr və məsələlər öz əksini tapır. Təbii ki, başlıca strateji məsələlər qismində siyasi, iqtisadi, sosial, mədəni və hüquqi sahələrdə müəyyənləşdirilmiş prioritetlərə müvafiq surətdə təsbit edilən missiya və vəzifələr çıxış edir. Başqa sözlə, milli inkişaf konsepsiyası konkret zaman müddəti üçün nəzərdə tutulmuş milli məqsəd və vəzifələri özündə ehtiva edən əsas rolunu oynayır. Sirr deyil ki, dünya praktikasında milli inkişafın müxtəlif modelləri mövcuddur".
M.İbrahimqızı onu da əlavə edib ki, ölkədə sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar yaradıb. Bu gün Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu konsepsiya bütün sahələrin inkişafına dəyərli töhfə olacaq.
Daha sonra isə gənc fəallar "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" ilə bağlı öz fikir və rəylərini bildiriblər. Qeyd edilib ki, bəhs olunan Konsepsiyada inkişafın təməl istiqamətləri və prioritetləri müəyyənləşdirilib. Vurğulanıb ki, müəyyən edilmiş hədəflər çatmaq üçün kifayət qədər potensial var. Ulu Öndər Heydər Əliyevin gərgin əməyi sayəsində tərəqqinin təməli qoyulub, bu gün isə Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsinə çevrilib.
Qeyd edək ki, "Yay məktəbi"ndə iştirak edən gənclər də məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları, olduqca yüksək səviyyədə qiymətləndiriblər.
RƏFİQƏ HÜSEYNOVA