Binəqədi rayon icra hakimiyyəti tərəfindən Azərbaycan Milli Mətbuatının yaranmasının 137-ci ildönümü münasibəti ilə "Mətbuat günündə mətbuat söhbətləri" mövzusunda "dəyirmi masa" keçirildi.
Respublikanın aparıcı televiziya, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə təşkil olunan tədbiri giriş sözü ilə açan Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında 137 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolundan, bütün dövrlərdə qabaqcıl ideyaların təbliğatçısı olmasından söz açdı və tədbir iştirakçılarını Milli Mətbuat Günü münasibətilə təbrik etdi.
Tədbirdə çıxış edən "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dövrümüzdə milli mətbuatın zəngin qanunvericilik bazası olduğunu diqqətə çatdırdı. O bildirdi ki, Ümummilli Lider bütün sahələrə diqqət ayırdığı kimi, mətbuatımızın inkişafına da böyük önəm verib. Bu gün Onun yolu dövlət başçısı İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. Mətbuatımızın inkişafı məqsədilə yaradılan KİVDF buna bariz nümunədir. Fondun həyata keçirdiyi geniş tərkibli layihələr, birmənalı olaraq, yüksək qiymətləndirilir.
V.Rəhimzadə ölkə başçısının mətbuatımıza olan diqqət və qayğısının daha bir nümunəsi olaraq, mətbuatımızın 135 illiyi münasibəti ilə jurnalistlərin mənzil problemlərinin həlli istiqamətində Prezident İlham Əliyevin imzaladığı məlum Sərəncamın dünyada analoqu olmadığını bildirdi. Belə bir diqqət və qayğı ilə əhatə edilmiş mətbuat nümayəndələri cəmiyyətdə və dünyada baş verən hadisələri və informasiyaları düzgün çatdırmağa borcludurlar.
Tədbirdə çıxış edən "Səs" qəzetinin baş relaktoru Bəhruz Quliyev dövlət başçısının rəhbərliyi ilə regionlarımızda böyük quruculuq və abadlıq işlərinin aparıldığını diqqətə çəkərək, bu dinamik inkişafın xalqımızın ruh yüksəkliyinə, onun sevincinə səbəb olduğunu söylədi. O bildirdi ki, bu nailiyyətlərlə yanaşı, milli mətbuatımız da inkişaf dövrünü yaşayır: "Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşaraq, onun maddi-texniki bazasının inkişafı istiqamətində mühüm addımlar atılıb".
Ulu Öndər Heydər Əliyevin müvafiq Fərmanı ilə mətbuat üzərindən senzura götürülmüş, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik ləğv edilib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. B.Quliyev bildirdi ki, Ulu Öndərin mətbuatımızda qoyduğu ənənə və təməl, ona daim göstərilən diqqət və qayğı Prezident İlham Əliyev fəaliyyətində davam etdirilir və modernləşdirilir.
Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu cəmiyyətin aynası olan mətbuatın cəmiyyətdə təzahür edən problemlərin işıqlandırılmasında, arzuolunmaz qüsurların aradan qaldırılmasında rolunu xüsusi vurğuladı. O, diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatının bütün dövrlərdə həqiqət carçısı olduğunu və xalqımızın maariflənməsində mühüm rol oynadığını bildirdi. Mətbuatımızın tarixinə nəzər salan H.Babaoğlu "Əkinçi" qəzetinin keçdiyi yola qısa diqqət yetirərək, milli mətbuatımızın çiçəklənmə dövrünün Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra başlanan yol bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, qeyd etdi ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkədə mətbuat azadlığının təmin olunması istiqamətində bir sıra addımlar atılıb. "Kütləvi informasiya vasitələri haqqında" qanun qəbul edilib, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb, Mətbuat Şurası formalaşdırılıb.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri mətbuatımızın inkişaf yollarından söz açdılar. Milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycanın müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində qazanılan uğurlardan, həmçinin, dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasından və bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğuladılar.
Sonda Milli Mətbuat Günü ilə əlaqədar kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsinə mükafatlar təqdim olundu və rayon icra başçısı mətbuat işçiləri ilə birgə xatirə şəkli çəkdirdi.
Zümrüd BAYRAMOVA