PDF Oxu

Əsas

  • 54

Dövlət Neft Fondu cari ilin ilk altı ayının hesabatını açıqladı

Dövlət Neft Fondu cari ilin ilk altı ayının hesabatını açıqladı

Dünən Azərbaycan Respublikası Dövlət Neft Fondunda cari ilin 6 ayının yekunları ilə bağlı geniş tərkibli mətbuat konfransı keçirildi. Konfransda çıxış edən ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov cari ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirlərlərinin 7391,9 milyon manat, büdcə xərclərinin isə 4878,1 milyon manat təşkil etdiyini bildirdi. Ş.Mövsümovun sözlərinə görə, Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7099,8 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 7 091,4 milyon manat, tranzit gəlirləri 3,8 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir. Ötən 6 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 292,1 milyon manata bərabər olmuşdur. Hesabat dövrü ərzində Neft Fondunun cari il büdcəsinin icrası çərçivəsində 4592,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 162,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,0 milyon manat vəsait ayrılmışdır. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 37,0 milyon manat vəsait ayrılmışdır. 5,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 14,3 milyon manat təşkil etmişdir. İcraçı direktor valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar xərci 289,2 milyon manat təşkil etdiyini söylədi.

İcraçı direktor Dövlət Neft Fondunun tikilməkdə olan yeni inzibati binası barədə son zamanlar mətbuatda yayılan yanlış məlumatlara da aydınlıq gətirərək, bildirdi ki, fond bütün fəaliyyət istiqamətlərində daim şəffaflıq prinsiplərinə riayət edir. Fondun inzibati binasına 2,6 milyon avro ayrılıb. Hündürlüyü 117 metr (mayak ilə birgə 140 metr), ümumi sahəsi 35 min 834 kvadratmetr olacaq binanın ikimərtəbəli yeraltı avtodayanacaqla birgə mərtəbələrinin sayı 26 olacaqdır. Layihə üzrə binada 7 liftin quraşdırılması, Heydər Əliyev Muzeyinin, 200 nəfərlik konfrans zalı, yeməkxana, kitabxana, iclas otaqları və s. tikilməsi nəzərdə tutulub. ARDNF-nin yeni inzibati binası A-sinifli ofis bina standartlarına uyğun olaraq tikilmiş unikal memarlıq abidəsi olacaqdır. A-sinifli ofis binaları yüksək keyfiyyətli, xarici və daxili dizaynı ilə diqqəti cəlb edən, müasir texniki avadanlıqlarla tam təchiz edilən, beynəlxalq standartlar əsasında tikilən binalardır.

Sonda Ş.Mövsümov KİV nümayəndələrinin suallarını cavablandırdı.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər