PDF Oxu

Əsas

  • 41

Saxta "Oskar" mükafatçısı Rüstəm İbrahimbəyovun bitməyən iştahası...

Saxta "Oskar" mükafatçısı Rüstəm İbrahimbəyovun bitməyən iştahası...

Bu gün Azərbaycan mediasında, eyni zamanda, sosial şəbəkələrdə insanlarda şok yaradan məsələ müzakirə olunmaqdadır. Bu diskussiya mövzusu isə, konkret olaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərlərilə bağlıdır ki, səslənən fikirlər də hərdən aqressiv xarakter daşıyır. Bütün bunların səbəbi də odur ki, dövlətin və xalqın müstəqilliyi yolunda canından keçmiş insanların əbədi uyuduğu məkanı şəxsi maraqları üçün gəlir mənbəyinə çevirmək istəyən erməni xislətlilər meydana çıxıb. Bu anti-milli ünsürün adı isə Rüstəm İbrahimbəyovdur.

Bu, həmin Rüstəm İbrahimbəyovdur ki, səriştəsiz rəhbərliyilə Azərbaycan kino sənayesini talan edib, ermənilərlə işbirliyinə girərək, Azərbaycan xalqının milli dəyərlərini alçaltmaq niyyətinə düşüb və saxta vasitələrlə özünü "Oskar" mükafatçısı kimi təqdim etməyə çalışıb. Lakin Rüstəm İbrahimbəyov unudur ki, onu Azərbaycanda hər kəs tanıyır və o, əməllərilə tariximizə, mədəniyyətimizə qənim kəsilmişin biridir...

Qeyd edək ki, hakimiyyətin, eyni zamanda, xalqın əleyhinə əsassız iddialar, fikirlər səsləndirən Rüstəm İbrahimbəyovun hələ 2008-ci ildə Rusiya mətbuatına verdiyi açıqlamasına cavab elə xalq və xalqın əsil ziyalıları tərəfindən verilmişdi. O zaman milli dəyərləri təhqir etməyə cəhd göstərən R.İbrahimbəyov açıq şəkildə Azərbaycandan, azərbaycançılıqdan uzaq olduğunu ortaya qoymuşdu. Onun açıqlamaları göstərdi ki, bu şəxsin milli və siyasi təfəkkürü nə qədər cılızdır. Hələ o dövrdə Azərbaycan ziyalıları uzun illər ərzində Rusiyada yaşayan R.İbrahimbəyovun bir dəfə də olsun erməniləri, Ermənistanın işğalçılıq siyasətini ifşa edən fikirlərlə çıxış etməməsinin səbəblərini soruşmuşdular. Təəssüf ki, bu cür cavab tələb edən suallar cavabsız qalmışdı və İbrahimbəyov yalnız təfəkkürünə aid fikirlərini sağa-sola yozmaqla özünü "müdafiə" etməyə çalışmışdı.

Əlbəttə ki, sonradan R.İbrahimbəyovun niyyəti bəlli oldu. Həmin R.İbrahimbəyov, Rusiyadakı ermənilərin də daxil olduğu iş adamlarından külli miqdarda pul alaraq, Şəhidlər Xiyabanının ətrafındakı meşə massivini əlinə keçirərək, orada biznes marağına xidmət göstərəcək kompleks tikmək niyyətində düşmüşdü. Bu fakt bir daha göstərmişdi ki, onun üçün ən əsası özünün biznes marağının təminidir. Onu nə Şəhidlər Xiyabanı, nə də milli-mənəvi dəyərlər maraqlandırır.

Lakin Vətən uğrunda canından keçmiş şəhidlərimizin əbədi uyuduğu məkanı erməni xislətli R.İbrahimbəyovun şəxsi biznes maraqlarına qurban verilməsinə kəskin etirazını bildirmişdi və bu cür addımların qarşısının kəsilməsi üçün müxtəlif müraciətlər etmişdi. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mətbuata açıqlamasında bildirmişdi ki, R.İbrahimbəyov nə Moskvada aldadaraq pullarını topladığı iş adamlarının pulunu geri qaytara bilir, nə də ki, onlara vəd edib, Şəhidlər Xiyabanı yaxınlığında tikmək istədiyi fantastik "gəlir gətirəcək" restoranlar layihəsini həyata keçirə bilir.

Məqsədinə çata bilməyən R.İbrahimbəyov isə xalqdan qisas almaq məqsədilə müxtəlif anti-Azərbaycan dairələrinə işləyən qrupların göstərişləri əsasında hərəkət edən Eldar Namazovun reneqat dəstəsinə qatıldı. Burada da növbəti dəfə Rüstəm İbrahimbəyovun kimliyi və əsil niyyəti üzə çıxdı. Cılız arzu uğrunda "ziyalı" adına ləkə vurmağa çalışan İbrahimbəyov özünün qisasçılığı ehtiva edən aqressiv və radikal düşüncələrini ifadə etmək üçün radikal müxalifət KİV-inə üz tutdu. Ancaq onun çabaları yenidən nəticəsiz qaldı. Çünki onun özünə aid olan "bazar təfəkkürü" R.İbrahimbəyova həqiqəti və reallığı görməsinə, qiymətləndirməsinə mane olur. Öz ölkəsini bəyənib orada yaşamayan, Moskvada oturub Bakıda istədiyini reallaşdıracağını düşünən, milli dəyəri bazar təfəkkürünə qurban verən İbrahimbəyov xalqın və əsil ziyalı insanların təpkisi ilə qarşılaşan kimi yenə özünü açığa çıxardı.

Bütün bu fikirləri anlayan və başa düşən Azərbaycan cəmiyyətinin bir parçası olan kino işçiləri R.İbrahimbəyovun anti-milli hərəkətlərinə etiraz olaraq, onun rəhbəri olduğu təşkilatı tərk etdilər və özlərinə yenisini yaratdılar. Yeni kinomatoqrafçılar ittifaqının yaradılması isə cəmiyyətimiz üçün yeni faktları açıb ortaya qoydu. Hər kəs bildi ki, qurumuna rəhbərliyi dövründə yüz minlərlə manatı şəxsi maraqları üçün xərcləmiş R.İbrahimbəyov, hətta saxta "Oskar" mükafatçısıymış. Lakin Nikita Mixalkova məxsus olan mükafatın elə yerləşdiyi yerin bəlli olması bütün qaranlıq məqamlara aydınlıq gətirmiş oldu. Həmçinin, Nikita Mixalkovun yeni yaranmış kinomatoqrafçılar ittifaqının sədri Şəfiqə Məmmədovanı təbrik etməsi də onu sübut etdi ki, R.İbrahimbəyov ümumiyyətlə, ciddi şəxs kimi qəbul edilmir.

Artıq çıxış yolu olmayan R.İbrahimbəyov saxta ziyalılar vasitəsilə özünə müdafiə sipəri qurmaq istəyir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev mətbuata açıqlamasında deyib ki, bəzi şəxslər Rüstəm İbrahimbəyovun müdafiəsini təşkil edirlər: "İbrahimbəyovun kifayət qədər savadı və vəsaiti var ki, özünə vəkil tutsun və onlar kimi vəkillərə ehtiyacı yoxdur. Mehriban Vəzir və Cəmil Həsənliyə bir neçə tövsiyə vermək istəyirəm. Birincisi, siyasətlə sənət arasında böyük fərq var, onlar bunu unutmasınlar. Siyasətdə aparılan oyunlar sənətdə keçmir. Kino sənətinin xüsusiyyətlərini və Kinematoqrafçılar İttifaqının daxilində gedən prosesləri yaxşı öyrənib sonra insanları ittiham etmək lazımdır. Boş-boşuna bizim ünvanımıza ittiham yağdırmasınlar. Bu, insanlarda gülüş doğurur. Cəmil Həsənli deyir ki, guya mən və Oqtay Mirqasım heç vaxt ittifaqın iclaslarında problem haqqında danışmamışıq. Bu, belə deyil. Hörmətli Cəmil Həsənli, siz hardan bilirsiz biz demişik, ya yox? Yoxsa bizim iclaslarda ittifaqın katibi kimi iştirak etmisiniz? Siz yalnız Rüstəm İbrahimbəyovun bağındakı və evindəki məclislərdə iştirak edibsiniz və ondan bizə qarşı təlimatlar alıbsınız. Bunu hamı bilir".

C.Quliyev bildirib ki, Oqtay Mirqasımov dəfələrlə iclaslarda Rüstəm İbrahimbəyovun apardığı siyasəti təndiq edib, lakin ittifaqın katibləri onu heç vaxt dəstəkləməyib və o, etiraz edərək ittifaqın iclaslarında daha iştirak etməyib: "Bunun əvəzində Oqtay Mirqasımova qarşı ittifaqda kampaniya aparılıb. İmzalar toplanılıb və 2008-ci il ittifaqın qurultayında ittifaqın siyasətini tənqid etdiyinə görə, Oqtay Mirqasımov katib seçilməyib. İttifaqda hər zaman demokratiya və açıq sözə qarşı mübarizə aparılıb. 2001-ci ildə mən və Vaqif Mustafayev Azərbaycan kinoteatrında keçirilən konfransda ittifaqın apardığı siyasəti ciddi tənqid etdik. Təxminən bir neç aydan sonra Rüstəm İbrahimbəyov öz əlaqələri vasitəsilə məni "Yaddaş" dövlət kinostudiyasından işdən çıxartdırdı. İttifaqın 2 il bundan qabaq keçirilən iclasında mən Rüstəm İbrahimbəyova söylədim ki, iclaslarda siyasi məsələlərə qətiyyən toxunmaq olmaz. Bu yaradıcı ittifaqdır və yaradıcı işlərlə məşğul olmalıdır. Etiraz edərək, mən ondan sonra İttifaqın heç bir iclasında iştirak etmədim".

C.Quliyev Mehriban Vəzirin ittihamlarına cavab verərək, bildirib ki, onun Rüstəm İbrahimbəyovla yaş fərqi o qədər də çox deyil: "Öz mövqeyimi bildirməyə yaş fərqinin heç bir əhəmiyyəti yoxdur. Siz söyləyirsiz ki, mənim yaradıcılığım Rüstəm İbrahimbəyovun yaradıcılığı ilə yanaşı dura bilməz. Mən sizə demək istərdim ki, kino sahəsində savadım kifayət qədər çoxdur. Savadım olmasaydı, Rüstəm İbrahimbəyov məni kino ittifaqının katibi seçməzdi. Mən Rüstəm İbrahimbəyova daş atmıram, əksinə o, top vurub Kinematoqrafçılar İttifaqını parçaladı. Mən, sadəcə, öz mövqeyimi bildirmişəm. Biz yeni təşkilatıq, bu təşkilatın fəaliyyəti çoxunu narahat edir, çünki biz işləyəcəyik və köhnə ittifaqın fəaliyyətsizliyi üzə çıxacaq".

Göründüyü kimi, bitməyən iştahası uğrunda bütün dəyərləri ayaq altına atmış R.İbrahimbəyovun saxta müdafiə cəhdləri də uğursuz olacaq. Çünki onu müdaifə edənlər elə özləri şəxsi maraqlarının qurbanı olmuşlardır. Bu səbəbdən də, düşünürük ki, saxta "Oskar" mükafatçısı R.İbrahimbəyov Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun dediyi kimi, çəkilsin bir kənara və təbiət qoynunda istirahət etsin. Müxtəlif yollarla qazandığı çirkli pulları ilə Marselə, Moskvaya uçmaq əvəzinə, getsin Şamaxıda ömrünün axırına qədər dincəlsin.


"SƏS" Analitik Qrupu

Digər xəbərlər