PDF Oxu

Əsas

  • 51

"Vahid namizəd" şousu

"Vahid namizəd" şousu

Müxalif düşərgədə hər kəs yenə öz ampluasındadır. Növbəti -2013-cü il seçkilərinə bir ildən artıq vaxt qalmasına baxmayaraq, burada təmsil olunan destruktiv mövqeli partiyalar, faktiki olaraq, seçki təbliğatına qeyri-rəsmi şəkildə start veriblər. Bu düşərgənin mənsubları və təbliğat ruporları özlərinə məxsus bir ritorika ilə "münəccimlik, öncəgörənlik" edərək, kifayət qədər monolit, həmrəy görünən və ictimai rəydə böyük rəğbətlə qarşılanan hakim komandanın, iqtidarda olan Yeni Azərbaycan Partiyasının daxilində, "ziddiyyətlər, fikir ayırılıqları" axtarır, axtardıqlarını tapmadıqları üçün ardıcıl olaraq "təfriqələrin, ziddiyyətlərin mövcudluğunu" uydurmaqla məşğul olurlar.


Cəfəng, reallıqdan uzaq iddialar


Destruktiv düşərgəyə yaxın media qurumları, onların yazarları, analitikləri bundan ötrü dəridən-qabıqdan çıxır, öz subyektiv təxəyyüllərinin bəsit məhsulunu "faktlara söykənən həqiqət" kimi, ictimai rəyə sırımağa cəhd edirlər. Hətta Prezident İlham Əliyevin komandasında sədaqətlə xidmət göstərən, yüksək peşəkarlıqla çalışan, Ümumilli Lider Heydər Əliyevin ideya-siyasi xəttinə sadiqliyi, milli dövlətçiliyimizə mühüm xidmətləri ilə seçilən hörmətli, nüfuzlu şəxsləri, ictimai xadimləri "iqtidarın mümkün vahid namizədlərindən biri" kimi təqdim etməyə çalışırlar. Digər tərəfdən, əslində, siyasi təxribat xarakteri daşıyan belə yazılarda guya "hakim komandanın daxilində ziddiyyətlərin, fikir ayrılığının mövcudluğu və getdikcə dərinləşdiyi" iddia edilir.

Qeyd edək ki, müvafiq iddialara və mülahizələrə həm rəsmi, həm də siyasi səviyyədə açıq, konkret münasibət bildirilib. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra kitibi, millət vəkili Əli Əhmədov vurğulayıblar ki, hakim komandanın, YAP-ın 2013-cü ildə keçiriləcək seçkilərdə namizədi, birmənalı olaraq, Prezident İlham Əliyevdir. Bu, o deməkdir ki, ölkənin siyasi elitası dövlət başçısının ətrafında sıx birləşib, 2003, 2008-ci illərdə olduğu kimi, 2013-cü ilin prezident seçkilərində də xalqın böyük dəstəyi, seçicilərin mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident İlham Əliyevin inamlı qələbə qazanacağına əmindir və cənab İlham Əliyevə kimisə alternativ görmür.

Reallıqda isə daimi alternativ axtarışları destruktiv müxalifətin əbədi və əzəli probleminə çevrilib. Söhbət ondan gedir ki, indiyədək ölkəmizdə keçirilən bələdiyyə, parlament, prezident seçkilərində müxaliflər ortaq, vahid namizədlərini heç cür müəyyənləşdirə bilməyiblər, xüsusən, prezident seçkilərində müxaliflər "vahid namizəd"lə bağlı hər hansı formada razılığa gəlməyi bacarmayıblar. Qaçılmaz məğlubiyyətdən çıxış yolu kimi isə çox vaxt uğursuz "boykot" oyunu seçilib.


Gözlənilməz "birincilik"

Və ya bir internet sorğusunun üzə çıxardığı reallıqlar


Başqa sözlə, həmişə olduğu kimi, müxalifətin "öndə gedənləri" yenə də seçkilər ərəfəsində tələskənlik nümayiş etdirir, təlaş və narahatlıq içində olduqlarını büruzə verirlər. Çünki "çay gəlməmiş çırmanmağa", istənilən seçkidən azı 1-2 il öncə siyasi iddialar burulğanında vurnuxmağa adət ediblər. Bu səbəbdən, birincilik, hakimiyyət iddiası ilə növbəti "vahid namizəd"lik şousu yaratmağa çalışırlar. Diqqəti çəkən odur ki, bu şounun ənənəvi iştirakçılarının tərkibi çox da dəyişməyib. Yəni müxalifət kuluarlarında adları hallandırılan şəxslər yenə də İsa Qəmbərov, Əli Kərimov, Rəsul Quliyev, Lalə Hacıyevadır. Doğrudur, bu "şərti dödlüy"ə "Ziyalılar Forumu"nda təmsil olunan Rafiq Əliyevin, Rüstəm İbrahimbəyovun adını əlavə etmək istəyənlər də tapılır. Özü də bu təşəbbüs elə müxalifətin "ipə-sapa yatmayan" fiqurlarından, məsələn, ADP sədri Sərdar Cəlaloğlundan gəlir.

Paradoksal məqamlardan biri də budur ki, müxalifət düşərgəsində "vahid namizəd"in müəyyənləşdirilməsi ilə bağlı keçirilən internet-sorğuda birinciliyi adıçəkilən şəxslərdən hər hansı biri deyil, o qədər də tanınmayan, populyar sayılmayan keçmiş AMİP-çi, "Vətəndaş və İnkişaf" partiyasının sədri Əli Əliyev qazanıb. Bu, onu göstərir ki, destruktiv düşərgənin özünə az-çox yaxın saydıqları şəxslər belə, nə İ.Qəmbərovu, nə İ.Kərimovu, nə R.Quliyevi, nə də bu qəbildən olan digər şəxsləri nəinki "vahid namizəd, heç sıravi bələdiyyə üzvü kimi, görmürlər, qəbul etmirlər.


Dağıdıcı iddialılar...


Bunun isə çox köklü, ciddi səbəbləri var. Heç kəsə sirr deyil ki, bu şəxslər müxalif düşərgədə "dağıdıcı iddialılar" kimi tanınır və qiymətləndirilir. Başqa sözlə, həm İ.Qəmbərov, həm Ə.Kərimov, həm də R.Quliyev müxalifətdə düşərgəni parçalayan, öz iddiası, mənafeyi naminə istənilən sazişə, anlaşmaya hazır olan şəxslər hesab edilir. Hər üç şəxsin antimilli, ermənipərəst qüvvələrlə fəal əməkdaşlığı hər kəsə bəllidir. Məsələn, Müsavat başqanı İ.Qəmbərov son iki il ərzində erməni müxalifətinin təmsilçiləri ilə əməkdaşlıqla bağlı 2 açıq saziş imzalayıb. Bu partiyanın təmsilçiləri ermənipərəst dairələrin təhriki ilə ölkəmizdə insan hüquqlarının pozulduğunu iddia edirlər. Bu mənada, AXCP (i) sədri Ə.Kərimov da həmkarından geri qalmır. Doğrudur, o Müsavat başqanı ilə müqayisədə "razılığa, kompromisə daha çox meyilli şəxs" kimi görünməyə çalışır. Ötən parlament seçkilərindən sonra bu şəxs "birləşmək" təşəbbüsü ilə Müsavatın elektoratına yiyələnməyə çalışsa da, hələ ki, buna nail ola bilməyib. Əksinə, İ.Qəmbərov müvafiq təşəbbüsdən geri çəkilməklə köhnə rəqibi Ə.Kərimovu çıxılmaz vəziyyətdə qoyub, üstəlik, onu və partiyasını Müsavatın qərargahından uzaqlaşdırmaqla, şərti müttəfiqlərinə, əslində, düşmən kimi baxdığını bir daha büruzə verib.

Bu düşərgədə "vahid namizəd"liyə iddialı olan "ACP"-nin təmsilçisi, eks-spiker R.Quliyevə gəldikdə, o, müxalif həmkarlarından yalnız onları vaxtaşırı "badbaxt" adlandırması ilə seçilir. Eks-spikeri bu düşərgədə proqnozlaşdırılmayan, spekulyativ qərarlara meyilli, siyasi bəyanatlarla yaxasını cinayət məsuliyyətindən qurtarmağa çalışan bir şəxs kimi tanıyırlar. O, bu düşərgədə xəsis, səbatsız, müxalifətlə bazarlıq edən, çıxdaş vəziyyətinə düşmüş siyasətçi kimi tanınır.

Bütün bunların fonunda, "vahid namizəd" şousu destruktiv düşərgədə daxilində yaşanan ziddiyyətləri, təbəddüatları bir daha üzə çıxarır.


Hallüsenasiya

Və ya reallaşmayan iddiaların şiddətindən doğan baş gicələnməsi


Bəlli olan odur ki, indiki halda bu məsələni yersiz bir şəkildə, vaxtından xeyli qabaq müzakirə müstəvisinə gətirməklə müxalifətin dağıdıcı qanadı, əslində, gündəmə gəlməyə və siyasi mövcudluğunu bəsit bir şəkildə təsdiqləməyə çalışır. İstənilən halda, bu düşərgə təmsilçilərinin " qara piar" ruhunda köklənmiş, əks iddiaları destruktiv düşərgə daxilində mənəvi-siyasi aşınmanın halliüsenasiya həddinə çatdığını göstərir. Bunu reallaşmayan iddiaların, arzuların şiddətindən doğan baş gicələnməsi də adlandırmaq mümkündür. Belə hallarda insan adətən reallıq hissini itirir, gümanlarını, xəyallarını real gerçəklik kimi qəbul etməyə başlayır. Müsavat başqanı İ.Qəmbərov kimi hansısa xoşagəlməz olaydan sui-istifadə edərək, reallıqdan uzaq hakimiyyət xülyası ilə mühüm dövlət obyektinin "adını dəyişmək" xəyalına düşür.

Belə qərəzli-mərəzli təfəkkürlə, məhdud, birtərəfli düşüncə tərzi ilə, nəinki hakimiyyətə gəlmək, heç müxalifət çevrəsində belə ciddi siyasi fiqur sayılmaq mümkün deyil. "Vahid namizəd" şousu isə bu şərtlər daxilində özlərini radikal adlandıranları heç də çıxılmaz durumdan xilas etmir, əksinə, destruktiv düşərgənin gücsüzlüyünü və siyasi perspektivsizliyini əyani şəkildə ortaya qoyur.


"Səs" Analitik Qrupu

Digər xəbərlər